Fuad İbrahimov: "Manatın yenidən ucuzlaşmasına dair şayiələr var. Məhz ona görə də sahibkar idxal olunan məhsulların qiymətini qaldırmaqla özünü sığortalayır"
"İqtisadiyyatda qeyri-müəyyənlik mövcud olduğu müddətdə inflyasiya, qiymətlərin bahalaşması davam edəcək”.
Bunu "Sherg.az”a ağartı məhsullarının qiymətlərinin bahalaşma səbəbini izah edərkən iqtisadçı ekspert Fuad İbrahimov deyib. O bildirib ki, bu məsələyə dövlət nəzarəti gücləndirilməlidir:
"Bazar münasibətlərinin tələbatına cavab verməsə də, indiki vəziyyətdə bu nəzarət mexanizmindən istifadə etmək lazımdır. Dövlət nəzarəti orqanları – İqtisadiyyat Nazirliyinin bununla bağlı xüsusi qurumları məşğul olmalıdır.

Bahalaşmanın səbəblərində iki məqam var. Birincisi, manatın yenidən ucuzlaşması ehtimalıdır ki, bu barədə müəyyən şayiələr var. Belə şayiələr sahibkarlar arasında sürətlə yayılır. Məhz ona görə də sahibkar idxal olunan məhsulların qiymətini qaldırmaqla özünü sığortalayır.
Digər məqam isə inhisarçılıqdır. Uzun illərdir ki, Azərbaycanda inhisarçılığın "birinci dərəcəli diskriminasiya” deyilən fəndi var. Sahibkar bilir ki, əhalinin bu məhsula ehtiyacı var. Belə olan halda bütün vasitələrdən istifadə edərək həmin qidanı istehlakçıya baha qiymətə satır. Buna "birinci dərəcəli qiymət diskriminasiyası” deyilir. Sahibkarlar bundan istifadə edərək, vətəndaşların cibindəki vəsaiti öz mənafeyinə uyğun yönləndirir. Əsas bu problemlər cəm şəkildə həll edilsə, qiymət özbaşınalığı olmaz”.
Qeyd edək ki, ötən gün paytaxtda yerləşən bəzi iri mağazalarda ağartı məhsullarının qiyməti ilə bağlı monitorinq apardıq. Araşdırma nəticəsində məlum oldu ki, ağartı məhsullarının qiymətində 50 faiz bahalaşma müşahidə olunur. Bahalaşmaya daha çox "Milla" şirkətinə məxsus süd və süd məhsullarında rast gəlinir. Belə ki, 10 gün öncə 1, 05 AZN satılan qatıq, indi 1, 57 AZN-ə satışa çıxarılıb.
Aysel Aslan