Ağcabədili kişinin pasportu maraqlı müzakirələrə yol açdı

Fəzail İbrahimli: “Sovet dövründə 1950-ci ilə kimi kəndlərdə yaşayanlara pasport verilməyib”
“Dəqiq deyə bilmərəm ki, kənddə yaşayan həmin şəxs 1934-cü ildə pasporta necə sahib olub. Ola bilsin, pasport daha sonra verilib və köhnə tarix yazılıb”


Tanınmış jurnalist Gündüz Abbaszədənin feysbukda paylaşdığı foto sosial şəbəkədə geniş müzakirəyə səbəb olub. Müzakirə zamanı fərqli və ziddiyyətli fikirlər də ortaya çıxıb. Jurnalist öz profilində Ağcabədi rayonu, Şahsevən kənd sakini Əliyev Kərim Allahqulu oğluna məxsus sovet pasportunun şəklini yayıb. 1934-cü ildə verilən həmin pasportda milliyət bölməsinin qabağına "türk” sözü yazılıb. G.Abbaszadənin fotosunun altına müxtəlif şərhlər də yazılıb. Maraqlı şərhlərin bir qismini oxuculara təqdim edirik. Tahir Mirzə: "Mən bilən 1936-cı ilə qədər türk yazılıb”. Tahir Tahiroviç: "Abi, 1934-cü ilə kimi millətimizin adı "türk” yazılıb. Hərə öz millətinin adını rahat çəkə bildiyi vaxtda biz niyə gizli deməliyik? Biz türk oğlu türkük”. Samir Kərəmov: "Vaxt olub ki, milliyətimizi "tatar” da yazıblar, onda belə çıxır ki, biz tatarıq?!”.

Samirə Səfərəliyeva: "Nənəmin pasportunda "türk” yazılmışdı. Özüm görmüşəm. 1913, ya da 1915-ci ildə verilən pasport idi. Dəqiq yadımda deyil”. Riyad Rəfiyev: "Mənim babam və nənəm ikisi də 1928-ci ildə doğulublar və hər ikisinin pasportunda azərbaycanlı yazılıb. Elsevər Paşayev: "1928-ci ildə "azərbaycanlı” adında millət olmayıb. Həmin ildə doğulan adamlar o ildə sənəd almırlar ki? 18 yaşları tamam olanda pasporta sahib olurlar. "Azərbaycanlı” sözünü Stalin ixtira edib. 1926-cı ildə SSRİ-də ilk dəfə əhali siyahıya alınıb. Amma "azərbaycanlı” kimi yox, "türk” kimi siyahıya alıblar. Çünki "azərbaycanlı” anlayışı o vaxt yox idi”.

Məlumat üçün qısaca bildirək ki, Azərbaycanın türksüzləşdirilməsi ssenarisi ilk olaraq 1930-cu illərdə rəsmən başlayıb və SSRİ dağılana qədər davam edib. 1930-cu illərin sonlarına doğru SSRİ başçılarının və ideoloqlarının rəsmi göstərişi ilə "türk milləti” və "türk dili” anlayışları aradan qaldırılıb. "Azərbaycanlı” sözü isə siyasi milləti deyil, birmənalı şəkildə etnik milləti ifadə etməyə başlayıb. Bununla da türk-azərbaycanlı, türk dili-Azərbaycan dili olub. Bu səbəbdəndir ki, hazırda müstəqil Azərbaycan vətəndaşlarının bəziləri özlərini "azəri”, digər qismi "azərbaycanlı”, kimisi isə "azəri türkü” adlandırır.

Məsələ ilə bağlı "Şərq”ə danışan tarixçi-alim Fəzail İbrahimli deyib ki, sovet dövründə 1950-ci ilə kimi kəndlərdə yaşayanlara pasport verilməyib. Pasportlaşma siyasəti 50-ci illərdən sonra, yəni müharibə ab-havası bitdikdən sonra başlayıb: "Dəqiq deyə bilmərəm ki, kənddə yaşayan həmin şəxs 1934-cü ildə pasporta necə sahib olub. Ola bilsin, pasport daha sonra verilib və köhnə tarix yazılıb. Ümumiyyətlə, sovetlər təzə qurulan zaman hər yerdə, hər sahədə qeyri-müəyyənlik hökm sürürdü. Bu səbəbdən pasportların milliyət bölümündə fərqlilik ola bilər. Bu, bir az da pasprot verən idarələrin və ya şəxslərin öz düşüncəsindən asılı məsələdir. Onu da nəzərə almaq lazımdır ki, 1927-30-cu illərə qədər Sovet Rusiyası ilə Atatürk Türkiyəsi arasında münasibətlər kifayət qədər normal idi. Həmin vaxta qədər sovet rejimi millətimizi türk adlandırırdı və şəhər adamlarının pasportunda milli mənsubiyyət yerinə "türk” sözü yazılırdı. Yəni üzə çıxan bu cür faktlar heç kimdə təəccüb doğurmamalıdır. Ancaq 1930-cu illərdən sonra Atatürklə Stalinin münasibətləri korlandı. Həmin tarixdən etibarən türk sözü aradan götürüldü və coğrafi ad olan Azərbaycan sözündən "azərbaycanlı” adlı millət düzəldildi. Əlbəttə, bu qərar düşünülmüş siyasi ideologiyaya xidmət edirdi. Rejim xalqımızın öz soy-kökünü, milli mənsubluğunu unutdurmağa çalışırdı. Stalin türk xalqını sevmirdi. O, 1953-cü ildə öləndə M.Ə.Rəsulzadənin bir yazısı çıxmışdı. Orada qeyd olunurdu ki, "türk dünyasının ən böyük düşməni gəbərdi”.

İsmayıl