Ağdamdan beynəlxalq festivallara aparan uzun yol!
Azərbaycan Milli Konservatoriyasının xalq çalğı alətləri kafedrasının professoru, sənətşünaslıq namizədi, görkəmli tarzən-pedaqoq, muğam bilicisi Oqtay Quliyevin 80 yaşı tamam olur. Bu münasibətlə mərhum musiqişünas Ramiz Zöhrabovun bir neçə il əvvəl qələmə aldığı yazını diqqətinizə çatdırırıq.
Oqtay QuliyevAğdam şəhərində dünyaya göz açıb. O, ibtidai musiqi təhsilini də bu şəhərdə alıb. Onun tar ixtisası üzrə yüksək pedaqoji təcrübəyə malik müəllimləri – həm not iztisası, həm də muğam sənəti üzrə sirlərini Oqtaya məmnuniyyətlə öyrətmişlər. Və müəllimlərinin məsləhətilə o, Bakıya gəlmiş və Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olmuşdur.
4 ildən sonra həmin məktəbi fərqlənmə diplomu ilə bitirir. 1957-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində yeni kafedra – Azərbaycan xalq musiqisi kafedrası açılır. Bu kafedra iki bölmədən ibarət idi: xalq musiqisi nəzəriyyəsi və tarixi, xalq çalğı alətləri orkestrinin dirijorluq sinfi. Oqtay dirijorluq sinfini seçir. O vaxtlar bu sənət sahəsində oxuyanlar I və II kurslarda xalq çalğı alətləri ixtisası üzrə təhsil alır, III kursdan başlayaraq dirijorluq ixtisasına yiyələnirdilər. Oqtay əvvəl Səid Rüstəmovun tar ixtisası sinfində iki il təhsil alır və sonrakı illərdə dirijorluq sahəsində püxtələşir və həmin sinifi müvəffəqiyyətlə bitirir. Xatırladaq ki, dirijorluq üzrə onun ixtisas müəllimi görkəmli bəstəkar və dirijor Süleyman Ələsgərov olmuşdur. Oqtay Quliyev isə dirijorluq sinfinin ilk yetirmələrindəndir.
Oqtay hələ gənc yaşlarından tarzən kimi tanınmışdı. Belə ki, 1957-ci ildə 20 yaşında ikən mahir tarzən kimi Moskvada keçirilən Ümumittifaq festivalda qızıl medala layiq görülmüşdü. O zaman respublika mətbuatı – jurnal və qəzetlər, radio və televiziya vasitəsilə Oqtayla müsahibələr aparılır, gənc ifaçının parlaq gələcəyi haqqında rəylər söylənilirdi. Oqtay respublikamızın adını Ümumittifaq miqyasda tanıtdırmışdı. O da məlum idi ki, bu müsabiqədə xalq çalğı alətləri üzrə keçmiş SSRİ-nin bütün respublikalarından seçilmiş çoxlu ifaçı Moskvaya gəlib öz sənətlərini nümayiş etdirmişlər, görkəmli ixtisasçılardan düzəlmiş münsiflər heyəti hər bir ifaçıya yüksək tələblər və meyarla yanaşmış və nəticədə təkcə Oqtay qızıl medala layiq görülmüşdü.
Oqtay Quliyevin uğurlarına ən çox Səid Rüstəmov sevinirdi. O, mətbuat səhifələrində öz yetirməsi haqqında belə yazırdı: «Gənc tarzən Oqtay Quliyevin maraqlı proqramla çıxış etməsi özünün yüksək istedad sahibi olduğunu göstərməklə yanaşı, həm də xalqımızın qədim musiqi aləti olan tarın olduqca kütləviləşdiyini bar daha sübut etdi. O, münsiflər heyəti qarşısında «Orta Mahur», H.Xanməmmədovun «Konsert»ini, Ü.Hacıbəyovun «Koroğlu» operasından rəqsi çaldıqdan sonra Qlinkanın «İvan Susanin» operasından valsı ifa etdi. Elə münsiflər heyətini də valeh edən bu klassik əsərin xalq musiqi alətində gözəl səslənməsi idi».
Yeri gəlmişkən onu da xatırladaq ki, Ümumittifaq müsabiqədə uğurlar qazanan Oqtay Beynəlxalq müsabiqəyə də vəsiqə alır. Və olduqca çətin olan bu yarışdan da o, alnı açıq çıxır, Beynəlxalq mükafata da layiq görülür.
Oqtay Beynəlxalq müsabiqədən sonra həm Azərbaycan, həm rus, həm də Qərbi Avropa bəstəkarlarının əsərlərini radio dalğalarında, mavi ekranda, açıq konsertlərdə tez-tez təfsir və təbliğ edirdi. O məhz bu kimi proqramla ilk məşğul olan tarzənlərdəndir. Açığını deyək ki, Oqtay bu sahədə birincilərdəndir.
Sonrakı illərdə Oqtayın müvəffəqiyyətlərindən ruhlanan gənc istedadlı tarzənlər onun bəstəkar yaradıcılığını təbliğ etmək sahəsində təqdirəlayiq işini davam etdirir, açıq konsertlərdə, mavi ekranda və radioda tez-tez çıxışlar edirdilər. Beləliklə, gənc ifaçı-tarzənlər nəsli yetişirdi.
Oqtay Quliyev Azərbaycan xalq çalğı alətləri orkestrinin tarixinin ilk tədqiqatçısıdır. O bu təqdirəlayiq işlə bir neçə il məşğul olmuş, «Azərbaycan xalq çalğı alətləri orkestri» mövzusunda dissertasiyasını Tiflisdə müdafiə etmiş və sənətşünaslıq namizədi alimlik dərəcəsini almışdır. Sonra isə onun bu mövzuda Bakıda, "İşıq" nəşriyyatında monoqrafiyası çap olunmuşdur.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Oqtay Quliyevin pedaqoji fəaliyyətinə qiymət verən Türkiyə Universitetləri onu 90-cı illərdə ölkəyə dəvət edirlər. O, Trabzon Universitetini seçir. Və 1994-2002-ci illərdə o, Trabzon şəhərindəki Qara Dəniz Texnik Universitetində professor vəzifəsində çalışmışdır. O bu illər ərzində universitetin musiqi fakültəsində tar sinfini açmış, bacarıqlı ifaçılar yetişdirmişdir. Bundan başqa o, solfecio, musiqi tarixi, orkestrə aid fənləri böyük həvəslə tələbələrə aşılamışdır. Onun yetişdirdiyi tələbələr arasında bakalavr, magistr dərəcəsi alan istedadlı, kamil ifaçılar var. Hazırda belə ifaçılar öz müəllimlərinin təcrübəsinə və metodikasına əsaslanaraq universitetdə dərs aparırlar.
Bunu demək kifayətdir ki, Türkiyənin musiqi mütəxəssisləri dövri mətbuatda dərc etdirdikləri yazılarda O.Quliyevin çoxşaxəli fəaliyyətini, müəllim kimi əməyini yüksək qiymətləndirir, onun professor-müəllim, tələbə heyəti arasında böyük hörmət və nüfuza malik olmasını xüsusi vurğulayırlar. Oqtay Quliyev vətənə qayıtdıqdan sonra Milli Konservatoriyada pedaqoji fəaliyyətini davam etdirmiş, neçə-neçə tələbə yetişdirmişdir.