Ağlamalı günlərimiz var

Bakıya bir də yağış yağanda baxın!
Meriya, icra hakimiyyətləri, Nəqliyyat Nazirliyi, “Azərsu”nun gördüyü işlər ortaya çıxdı



Paytaxt həmişəki kimi yenə yağış önündə "ağ bayraq” qaldırdı. Yağıntının miqdarının azacıq artması yetərlidir ki, şəhər sel-sularına təslim olsun. Bakı yağış önündə məğlubiyyətlə neçə illərdir barışıb. Rus demiş; "çut-çto”, küçələri, yolları, həyətləri yağış suları altında qoyub kənara çəkilir. Şəhər infrastrukturuna cavabdeh olanları qəsd edirik, əlbəttə.

Son iki gündə yağan intensiv yağışlar şəhər küçələrində və yollarında hərəkəti iflic etdi. Həm avtomobillər, həm də piyadalar böyük çətinliklər yaşadı. Sosial şəbəkələr suya batıb qalmış avtomobillərin, yolun ortası ilə gah suya bata-bata, gah da hoppana-hoppana gedən adamların görüntüləri ilə doludur. Küçələrdən şırıltı ilə axan sellər təkcə kənar məhəllələrdə olsaydı, yenə dərd yarıydı. Məsələ burasındadır ki, keçilməzlik şəhərin gur, mərkəzi hissələrində də yaşanır.

Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli isə bu fikirdədir ki, paytaxtın yağış sularına belə asanlıqla təslim olmasının səbəbi şəhər infrastrukturuna cavabdeh qurumların işinin öhdəsindən gələ bilməməsidir:

- Burada təkcə meriyanı, yaxud hansısa icra hakimiyyətini günahlandırmaq düzgün olmaz. Şəhər infrastrukturuna bir neçə qurum cavabdehdir. Deyək ki, Nəqliyyat Nazirliyi yol çəkir, körpü tikir, "Azəryolservis” hardasa asfalt örtüyünü dəyişir və s. bu yolların, körpünün istismara yararlı halda olmasına da digər qurumlar məsuliyyət daşıyır. Körpülərdə su axarları qoyulub. Bəs onların açıq qalmasını təmin etmək lazım deyil? Bu işi gərək kommunal təsərrüfatı birlikləri həyata keçirsin. Harda su axarları varsa, onların axıcılıq qabiliyyətini yoxlasınlar, gözü tutulanları açsınlar. Həmçinin, bu işdə "Azərsu” da məsuliyyət daşıyır. Digər tərəfdən yollar çəkilərkən, asfalt örtüyü təzələnərkən su-drenaj sisteminin düzgün qurulmasına diqqət edilməlidir. Yol elə çəkilməlidir ki, ortası hündür, kənarları isə alçaq olsun ki, su yolun ortasında yığılıb qalmasın, kənarlara doğru axsın. Oradan da su axarlar vasitəsilə ümumi kanalizasiya şəbəkəsinə ötürülsün. Yolun relyefindən asılı olaraq çökəkliklərdə kanalizasiya xətləri, yağış barmaqlıqları, su axarları quraşdırılmalıdır. Bir sıra hallarda bunlar düzgün quraşdırılmadığından yağış suları yolda və yol kənarlarında yığılıb qalır. Mən fikir vermişəm ki, yeni çəkilən yollarda yol boyu bir dənə də su axarı yoxdur. Bəs bu su hara axmalıdır? Əlbəttə, yığılıb qalacaq. Kanalizasiya sistemi bir çox yerlərdə köhnədir və suyu ötürmə gücünə malik deyil. Ona görə həm yağış suları, həm də qrunt suları məhəllələr arasında, həyətlərdə toplanır. Yağış sularının axıdılması üçün kanalizasiya sisteminin düzgün qurulmasına ehtiyac var.

Məlahət Rzayeva