Akif Aşırlı muzeyi ziyarət etdi – Fotolar

"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Bakıdakı Cəlil Məmmədquluzadənin ev muzeyi rəhbərliyinin dəvəti ilə muzeyi ziyarət edib. Muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Pəri xanım Muradova A.Aşırlının mətbuat tarixi ilə bağlı tədqiqatlarını izlədiyini deyib və fikirlərini bölüşüb. Yaradıcılığına diqqət yönəltdiklərinə görə, öz təşəkkürünü muzey əməkdaşlarına çatdıran A.Aşırlı iki cilddə çap olunan "Azərbaycan mətbuatı tarixi” kitablarını muzeyə hədiyyə edib.
P. Muradova bu kitabların eksponatlar sırasına daxil ediləcəyini bildirib. "Şərq”in baş redaktoru rəhbərlik etdiyi qəzet redaksiyasında yaradılan Mətbuat Tarixi qalereyası barədə də məlumat verib, görülən işlərdən danışıb. C. Məmmədquluzadənin portretini, "Molla Nəsirəddin” jurnalının 11 orijinal sayının, xeyli sayda sənədlərin, arxiv məlumatlarının qalereyada əks olunduğunu söyləyib və əməkdaşları "Şərq” qəzeti redaksiyasına dəvət edib.
C.Məmmədquluzadənin ev muzeyi ilə "Şərq” qəzeti nəzdində yaradılan Mətbuat Tarixi qalereyası arasında işgüzar yaradıcı münasibətlərin qurulması qərara alınıb. 
Uyğun, əlamətdar tarixlərdə C. Məmmədquluzadə muzeyinin səyyar sərgisinin qalereyada nümayişi keçiriləcək. Müzakirələr nəticəsində digər tədbirlər də qərarlaşdırılıb. A.Aşırlı sonda C.Məmmədquluzadə barədə öz fikir və mülahizələrini çatdırıb, muzey əməkdaşlarına yaradıcılıq uğurları arzulayıb.
Aysel Aslan