Akif Aşırlıdan Bakının işğalçılardan azad edilməsinə dair geniş MƏRUZƏ... - Fotolar

Prezident yanında «Bilik» Fondunun dəstəyi ilə 18 saylı Bakı Peşə Liseyində Bakının erməni-bolşevik birləşmələrindən azad edilməsinin 100 illiyi qeyd olunub. Tədbiri liseyin direktoru Fatimə Çəndirova açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin «Cümhuriyyət ili» elan olunması barədə ətraflı məlumat verib, respublikada və xaricdə bu sayaq tədbirlərin keçirildiyini xatırladıb. 
F.Çəndirova deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi liseydə müxtəlif tədbirlərlə qeyd olunub. «Bilik» Fondu ilə lisey arasında əməkdaşlıq çərçivəsində geniş tərkibli iki tədbir yüksək səviyyədə həyata keçirilib.
Prezident yanında «Bilik» Fondunun məruzəçisi, tarix üzrə fəlsəfə doktoru, «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı Bakının işğalçılardan azad edilməsi barədə geniş məruzə edib.
 1918-ci il mayın 28-dən sonra Cənubi Qafqazda yaranan hərbi-siyasi vəziyyəti təhlil edən A.Aşırlı deyib: «Müstəqilliyin elanından sonra Cümhuriyyət hökumətinin qarşısında dayanan ən mühüm məsələlərdən biri Bakının işğaldan azad edilməsi idi. Bakı bolşeviklərin, erməni silahlı birləşmələrinin nəzarəti altında idi. Müsəlman-türk əhaliyə və soyqırım aparılırdı. Belə çətin vəziyyətdə Azərbaycan Cümhuriyyəti Türkiyəyə hərbi yaprdım üçün müraciət etdi. 
Peşəkar türk hərbçilərindən, Azərbaycan milli hərbi qüvvələrindən və çoxsaylı könüllülərdən Qafqaz İslam Ordusu yaradıldı. 6 ay savaşın sonunda 1918-ci il sentyabrın 15-də Bakı işğaldan azad edildi, öz sahibinə qaytarıldı». A.Aşırlı 1918-ci il sentyabrın 15-nin tarixi, siyasi əhəmiyyəti barədə lisey şagirdlərinin suallarını da cavablandırdı.
A.Aşırlı bir neçə gün öncə Türkiyə Cümhuriyyəti prezidenti R.T.Ərdoğanın Bakıda keçirilən hərbi paradı və 15 sentyabrla bağlı tədbirlərdə iştirakı, Prezident İlahm Əliyevin geniş nitqi barədə də fikirlərini bildirib.
Tədbirdə qeyd olunub ki, Türkiyə-Azərbaycan tarixi əlaqələrinin bu gün hər iki ölkə prezidentlərinin yürütdüyü siyasət sayəsində inkişaf edir.