Akif Əlizadə Tetçerdən misal gətirdi

“Elmin verdiyi fayda biznesin gətirdiyi puldan yaxşıdır”
Şahlar Əsgərov: “Sovet 27 ildir dağılıb. O zamankı səhvi indi dilə gətirmək, gecdir. Bu, çox gecikmiş həqiqətdir”

Əhməd Qəşəmoğlu: "Problem bundadır ki, hamı ideya verir, problemin həllinə kömək
edəcək mexanizmlərdən danışılmır”


Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə elmlə təhsilin vəhdətinin vacibliyini vurğulayıb. AMEA prezidenti sovet dönəmində edilmiş səhvləri xatırladıb: "Sovet vaxtı elmlə təhsili biri-birindən ayırdılar. Bu isə müəyyən fəsadlar yaratdı”. A.Əlizadə gənclərin elmlə bağlı səhv fikirdə olduğunu da deyib: 
"Bizim bəzi gənclərin arasında belə bir fikir yaranıb ki, elm nəyə lazımdı, neftdən əldə olunan gəlirlə yaşayırıq. Xeyr, bu, belə deyil. Marqaret Tetçer deyirdi ki, elmin verdiyi fayda biznesin gətirdiyi puldan yaxşıdır”. 

A.Əlizadə bununla yanaşı gənclər arasında elmə marağın artdığını da bildirib və deyib ki, AMEA-da yaradılmış magistratura pilləsinə 3 il əvvəl qəbul olunanlar artıq doktoranturaya qəbul imtahanı verir.

AMEA prezidenti sovet vaxtı buraxılmış səhvi göstərib. Bəs səhvi düzəltmək üçün hansı addımlar atılmalıdır, elmlə təhsilin vəhdəti necə yaradılacaq? Bu məsələlər hələ ki, açıq qalır.
Məsələ ilə bağlı fikirlərini "Şərq”lə bölüşən professor Şahlar Əsgərov həqiqətin çox gec dilə gətirildiyini dedi:
- SSRİ 1991-ci ildə dağılıb. 27 il keçir artıq. O zamankı səhvi indi dilə gətirmək, gecdir. Bu, çox gecikmiş həqiqətdir. Görünən budur ki, akademik Akif Əlizadə təhsilə çox can yandırır. Dünyanın qabaqcıl ölkələrində elmi mərkəzlər elə ali məktəblərdir. Bizim görməli olduğumuz əsas iş elmin aktuallığının qaldırılmasıdır. Hazırda AMEA-ya təqdim olunmuş elmi işlərə baxsaq, görərik ki, 60 faizi aktual mövzular deyil. Elmin aktuallığı iki cürdür: bir var bəşəri - qlobal aktuallıq, bir də var, lokal aktuallıq. Qlobal elmlər astrofizikadı, astronomiyadı, nəzəri, nüvə fizikasıdır və s. Azərbaycana indiki şəraitdə qlobal elmlərlə məşğul olmaq hələ ki, lazım deyil. Azərbaycan müstəqilliyini bərpa etmiş gənc dövlətdir. Bu dəqiqə bizə dünya elminə vəsait xərcləmək lazım deyil. Biz pulu elə sahələrə yatırmalıyıq ki, oradan gəlir əldə edək. Bizə lokal elmi tədqiqatlar lazımdır. Pambıqçılıq inkişaf etdirilsin, yerli istehsala üstünlük verilsin. Azərbaycana hazırda bunlar lazımdı. Elmi-tədqiqatların aktuallığını aydınlaşdırmalıyıq, müəyyən etməliyik ki, mənfisi-müsbəti hansıdır. Misal çəkim; iki çörəyi 100 əsgər arasında bölsən, hamısı ac qalacaq. Amma 2 əsgərə versən, 2 nəfər doyacaq. Elm sahəsi də belədir. Gərək o elmi-tədqiqat işlərinə üstünlük verilsin ki, oradan gəlir əldə edilməsi ehtimalı böyükdür. Mən bu məsələlərlə bağlı 3 məqalə yazmışam. Və bildirmişəm ki, elmin başı ilə məşğul olmaq lazımdır, quyruğu ilə yox.

İqtisad elmləri doktoru, sosioloq Əhməd Qəşəmoğlu isə bu fikirdədir ki, problemi həll edəcək mexanizmlər barədə danışılmalıdır:

- Problem bundadır ki, hamı ideya verir, problemin həllinə kömək edəcək mexanizmlərdən danışılmır. Elmlə təhsilin vəhdəti vacibdir, amma baxır, bunu kim necə görür. Məsələyə daha dərindən yanaşılmalıdır. Elm də, təhsil də məqsəd deyil, vasitədir. Məsələyə bu istiqamətdən baxmalıyıq. Məqsəd də aydındır; ölkəmizin inkişafı. Elmlə təhsilin vəhdətindən danışanda Qərb ölkələrini, dünyanın aparıcı təhsil ocaqlarını tez-tez misal çəkirlər, filan universitetin elmi-tədqiqat müəssisəsi var, orada böyük alimlər çalışır... və sairə. Ancaq gəlin bu təhsil müəssisələrinin büdcəsinə baxaq. ABŞ-da, İngiltərədə elə təhsil müəssisələri var ki, onların illik büdcəsi bizim ölkənin büdcəsi qədərdir. Biz Qərbdəki praktikanı özümüzdə tətbiq etməyə hazırıqmı? Məşhur gürcü alim var, Papava. Mənim də dostumdur. O, Azərbaycanda səfərdə olub. Çıxışı zamanı dedi ki, Gürcüstan irəli düşmək istəyirdi, əksinə, geri düşdü. Gürcüstanda Elmlər Akademiyasının institutlarını universitetlərə birləşdirdilər, qısa müddət sonra isə anladılar ki, səhv ediblər. Çünki bu prosesə hər iki tərəf hazır olmalıdır. Və dedi ki, siz bizim səhvimizi təkrarlamayın. Ona görə də mən deyirəm ki, biz Qərb dövlətlərinə yox, ilk növbədə yaxın qonşularımıza, MDB dövlətlərinə baxmalıyıq. Görək elmlə təhsilin vəhdəti olan yerlərdə hansı nəticələr əldə edilib, müsbət nəticələr çoxdur, yoxsa mənfi. Dəqiq araşdırmalar aparılmadan tələsik qərar vermək yanlışdır.
Mən dəfələrlə bildirmişəm ki, ciddi elmi tədqiqatların aparılmasında, ümumilikdə ölkənin elmi tərəqqisində AMEA generator rolunu oynayır. Yəni, əslində, belə olmalıdır. Bizim universitetlər daha çox tədrislə məşğuldur. Alimləri tədrisəmi cəlb etməliyik? Alimlər də bilmir, onları niyə universitetlərə yönəldirlər, nə edəcəklər, onların qarşısına qoyulan tələb nədən ibarətdir? Tədrisin keyfiyyətinin yüksəldilməsinəmi çalışmalıdırlar, yoxsa tədqiqat işiyləmi məşğul olmalıdırlar? Nə elm, nə də təhsil birləşə biləcək səviyyəyə çatmayıb hələ. AMEA-nın fəaliyyətini yüksəltməyin 2 istiqaməti var. Birincisi, elmi bazanı inkişaf etdirmək, müasir dünya elmi ilə ayaqlaşmasını təmin etmək. İkincisi, tətbiqi sahəni inkişaf etdirmək. Bunun üçün də elmi təminatı gücləndirmək. Əvvəlcə mexanizmləri tapaq, icrasını həyata keçirək, görək bunu ölkənin gələcəyinə necə bağlayırıq.

Məlahət Rzayeva