“Allaha and olsun ki, seçicilərimin problemlərini qaldırmışam”

Tahir Kərimli: “Deputat seçiləndən 400 məktub almışam, 10-undan başqa hamısı şəxsi xahişlərdir”
“Sosial şəbəkələrdə ona görə yoxam ki, bəzən qeyri-etik ifadələr işlədirlər, mən də dözümsüzəm, əsəbiləşirəm”


Bu günlərdə "Vəhdət” Partiyası növbəti qurultayını keçirib. Təşkilatın ali tədbirində nizamnamə dəyişikliyi baş verib. Partiyaya yarandığı gündən indiyədək rəhbərlik edən sədri, millət vəkili Tahir Kərimli postunda qalıb. Deputatla söhbətimizə də elə qurultay, yenidən sədr seçilməsindən başladıq. "Şərq”in suallarını cavablandıran "Vəhdət” sədri bildirdi ki, əslində rəhbərlikdən getmək istəyib. Amma qurumun üzvləri buna imkan verməyiblər...

- Qurultaydan öncə belə qərar qəbul etdik ki, mətbuat nümayəndələri və qonaqlar ali tədbirə dəvət olunmasın. Çünki nizamnamə dəyişikliyi edilirdi. Bu, bir qədər təşkilat daxilində olan məsələdir. Partiyamızın Ağsaqqallar Şurası var idi. Şurada kifayət qədər nüfuzu olan şəxslər, professorlar yer alsa da, artıq təşkilatda bu qurumun olması öz aktuallığını itirmişdi. Onu ləğv etdik. Eyni zamanda nizamnamədə bir sıra dəyişikliklər etdik ki, daxili məsələ olduğuna görə mətbuatı dəvət etmədik.

- Yəni müəyyən korrektələr etməklə, partiyanın yenidən sədri olduz...

- Açığını deyim ki, Siyasi Şuradan xahiş etdim ki, mən daha partiya sədri olmaq istəmirəm. Çünki yorulmuşam. Qoy gəlsin başqaları, gənclər idarə etsinlər. Amma bildirdilər ki, mən sədrlikdən getsəm, bu, "Vəhdət”in daha da zəifləməsinə gətirib çıxaracaq. Misallar gətirdilər ki, Etibar Məmmədov getdi, AMİP dağıldı, Lalə Şövkət getdi, Liberal Partiyası, yoxa çıxdı. Ona görə də sədrlikdən imtinamın əleyhinə oldular. İsrarlardan sonra, razılığımı verdim, namizədliyimi irəli sürdüm. Etimad göstərib məni yenidən sədr seçdilər.

- Bundan sonra partiyanın inkişafı istiqamətində hansı addımlar atacaqsız?

- Parlament partiyası olduğumuz üçün, dövlət büdcəsindən az da olsa maliyyə yardımı alırıq. Fikrimiz var idi ki, qurultaya kimi rayon təşkilatlarında bərpa konfransları keçirək, yerli qurumları möhkəmləndirək. Amma vaxt baxımından bu işlərin hamısını görə bilmədik. Amma fəaliyyət davam edir, təşkilatlanma işləri görülür. Çalışacağıq ki, seçkilərdə aktiv iştirak edək, gələcəkdə Milli Məclisdən daha çox mandat qazana bilək. Bir çox arzularımız var ki, onların reallaşmasını istəyirik. Məsələn, arzumuz budur partiyamızın kadrlarından hakimiyyət qollarında təmsilçilərimiz olsun. Qurultayımız da qərar qəbul etdi ki, bu istiqamətlərdə işlər görüləcək. Nizamnamədə "radikal” sözünü çıxardıq. Qurultay belə hesab etdi ki, radikal fəaliyyətə ehtiyac da yoxdur. Ölkəmizdə ictimai-siyasi sabitlikdir. Bu da ölkə başçısının yüksək siyasətinin nəticəsidir. "Vəhdət” də Prezidentin siyasi xəttini dəstəklədiyinə görə, "radikal” sözünə, bu cür fəaliyyətə ehtiyac yoxdur. Biz partiya olaraq, haqlını müdafiə edəcəyiksə, nahağın qarşısında dayanacağıqsa, bu siyasət elə cənab İlham Əliyevin siyasətidir. Ölkədə sabitliyin qarantı Prezidentimiz olduğuna görə, çalışacağıq ki, bu siyasəti dəstəkləyək, öz töhfəmizi verək.

- Sosial şəbəkələrdən istifadə edirsizmi? Məsələn, feysbukda, tvitterdə şəxsi profilləriniz varmı?

- Şəxsən mənim öz səhifəm yoxdur. Bunun da səbəbi dözümsüzlüyümdür. Sosial şəbəkələrdə bəzən qeyri-etik fikirlər səsləndirilir. Mən də bunu qəbul edə bilmirəm. Amma partiyamızın saytı və səhifələri var ki, fəaliyyətdədirlər. Eyni zamanda köməkçimin, müavinimin və digər üzvlərimizin profilləri var. Onlar da "Vəhdət”in gördüyü işlərlə, mənim fəaliyyətimlə bağlı məlumatlar paylaşırlar. Həmçinin mətbuat xidmətimiz aktiv fəaliyyətdədir.

- Sizin yenidən partiya sədri seçilməyinizlə bağlı xəbərə sosial şəbəkələrdə reaksiyalar müxtəlif oldu. "Guya "Vəhdət”də Tahir Kərimlidən başqa kim var idi ki, sədr də seçiləydi”, "Tahir Kərimli özü-özünə səs verərək sədr seçilib” kimi ifadələr səsləndirildi. Bu fikirlərə münasibətiniz maraqlıdır...

- Qoyun nə deyirlər desinlər. Amma bu ifadələr çox cılızca, ədalətsizcə səsləndirilib. Partiyada sədrin müavini, Baş Məclisin sədri, onun müavini, katiblik, mandat komissiyası, redaksiya heyəti, 7 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyası qurultayda təkcə sədarətdə əyləşmişdi. Bu qədər adam sədarətdə təmsil olunursa, necə deyə bilərlər ki, kimsə yoxdur sədr olmağa?! İndi bu cür sözlər deyirlərsə, buna nə ad verəsən. Allah onlara insaf versin. Baxın, bu cür qeyri-etik ifadələrə görə sosial şəbəkələrdən uzağam. Yoxsa əsəbiləşərəm. Belə sözləri deyənlərin bizi gözləri götürmür, paxıllıq edirlər. Vaxtilə biz keçmiş "Qələbə” kinoteatrının qarşısına 5 min nəfərlik kolonla daxil olurduq. Onlar qaldırıb həmin vaxtın qəzetlərinə baxsalar, görərlər hər şeyi. O zaman vicdanları varsa, belə sözlər deməzlər. O vaxtdan bu yana "Vəhdət”də heç bir parçalanma olmayıb. Əksinə, təşkilata yeni üzvlər gəlib. Nə varıqsa, ortadayıq. Eybi yox, nə deyirlər desinlər. Partiyanın bütün funksiyaları var, fəaliyyətdədir. Bu cür içi xıltla dolu insanlar baxsınlar ki, bir gün belə təşkilatımız qərargahsız qalmayıb. Adam yoxdursa partiyada, biz o qədər vəsait xərcləyib, neyləyirik qərargah saxlayıb?!

- Yadımdadır ki, qərargah probleminiz yaranmışdı, sizi köhnə yerinizdən çıxarmışdılar. O məsələ həllini tapdımı?

- Köhnə qərargahımız daha geniş idi. İndiki bir az darısqaldır. Öz hesabımıza yer kirayələmişik, orda işləyirik. Yenidən ölkə başçısına müraciət ünvanlamışam ki, qərargahla təmin olunaq. Ümid edirəm ki, məsələ həllini tapacaq.

- Etiraf edək ki, "Vəhdət” də daxil hazırda müxalif partiyaların fəaliyyəti demək olar ki, yoxdur. Təşkilatların görünməməsi, fəaliyyətsizliyi nə ilə bağlıdır?

- Proporsional seçki sistemi ləğv edildikdən sonra, partiyaların fəaliyyəti zəiflədi. O zaman AXCP, Müsavat, AMİP kimi böyük partiyalar vardı ki, zaman-zaman parçalanmalar yaşadılar. Parlamentdə təmsil oluna bilmədilər. Bu problemlər təşkilatları zəiflətdi. Həmçinin xalq bu təşkilatlardan siyasi addımlarından, bacarıqsızlıqlarından yoruldu. Bir partiyaya iqtidar bir neçə mandat verdi, getdilər oturdular orada. Bununla da oldular "yumşaq adam”. Sonra növbəti partiyanın bir neçə üzvünə mandat verildi, əvvəlki "yumşaq adam”lar oldular şir-pələng. Elə zaman gəldi ki, bu böyük partiyaların heç biri mandat qazana bilmədilər. İnsanlar bunların vədlərindən, siyasi oyunlarından yoruldu, səs vermədi. Bundan sonra birləşdilər İctimai Palata yaratdılar, sonra onu dağıdıb, Milli Şura yaratdılar. O da parçalandı, indi bu qurum bir partiyanın nəzarətindədir. Bu cür ideoloji prinsipsizlikləri, yola getməmələri təşkilatlarını da zəiflətdi. İndi sanki o təşkilatlar sosial şəbəkələrdəki yazışmalardan başqa heç nə ilə məşğul deyillər. Real həyatda fəaliyyətləri yoxdur. Mən inkar etmirəm ki, "Vəhdət” Partiyası güclüdür, sabah iqtidara ən böyük alternativdir. Xeyr, biz də zəifik. Açığını deyək ki, bu gün içi biz qarışıq, heç bir partiya heç nə edə bilmir, proseslərə təsirimiz yoxdur. Amma indi yeni-yeni başlayırıq strukturlarımızı gücləndirməyə, ləğv edilən yerli təşkilatları bərpa etməyə. Yəqin ki, bir neçə ilə inkişafımızın nəticəsini görəcəyik.

- "Vəhdət”in növbəti seçki proseslərində başqa partiyalarla blok şəklində əməkdaşlığı gözlənilirmi?

- Vaxtilə "Azərbaycançı Qüvvələr Birliyini” biz tərk etdikdən sonra, müstəqil siyasət apardıq. Ondan sonra qərarımız oldu ki, heç bir bloka qoşulmayacağıq. Amma təbii ki, Azərbaycanın milli maraqları naminə yaradılacaq istənilən blokda təmsil olunmağa hazırıq. Ümummilli məsələlərdə iqtidar-müxalifət ayrı-seçkiliyi etmirik. Yəqin ki, gələcəkdə hansısa partiyalarla əməkdaşlıq edib, güclərimizi birləşdirə bilərik.

- Parlamentdə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə yanaşı əyləşirsiz. Rəhbərlik etdiyiniz təşkilatların əməkdaşlığı haqqında heç söhbətləriniz olubmu?

- Parlamentdə Fərəc bəylə biri-birimizə yaxınlaşmışıq, isti münasibətlərimiz yaranıb. Seçkilərə hələ zaman var. Partiyaların əməkdaşlığı, güclərin birləşdirilməsi kimi məsələləri də zamanı gələndə, ola bilsin ki, müzakirə etdik. Amma Fərəc bəylə hələ ki bu mövzuda heç bir söhbətimiz olmayıb.

- Milli Məclisdə çıxışlarınız daha çox qanunlarla, xüsusən qanun layihələrinin detalları ilə bağlı olur. Amma mən seçicilərin problemləri ilə bağlı danışdığınızı görməmişəm. Yəni gündəmin məsələləri ilə əlaqədar fikrinizi bildirmirsiz. Bunun səbəbi maraqlıdır...

- Bilirsiz, orda təcrübəli deputatlar var ki, tez-tez danışırlar. Onların çıxışları qanunlarla bağlı olmur. Əsasən mətbuatın eşitmək istədiyini, gündəm yaradacaq məsələlərdən danışırlar. Gündəmə gəlmək yolunu tutublar, bilirlər ki, nədən danışsalar, mətbuat işıqlandıracaq. Açığı, mən bu cür çıxışlar etməyə heç vaxt can atmamışam. Düşünürəm ki, deputat elə qanunlarla bağlı çıxış etməlidir, fikirlərini bildirməlidir. Bu zaman qanunvericilik bazası daha da möhkəmlənər, faydamız çox olar.

- Amma deputat təkcə qanunların qəbul olunması üçün düymə basan və yaxud da qanun layihələrinin xırda detallarını müzakirə etmək üçün deyil. O həm də bir rayonun, bölgənin insanlarının vəkilidir. Vəkilin borcu deyilmi ki, seçicilərinin problemlərini qabartsın, aidiyyəti orqanlar qarşısında məsələ qaldırıb, həllinə nail olsun?

- Təbii ki, doğru deyirsiz, deputat həm də seçicilərinin hüquqları ilə məşğul olmalıdır. Mən plenar iclaslarda çıxışları nəzərdə tutdum dedim. Amma Allaha and olsun ki, komitələrin iclaslarında seçicilərimin problemlərini qaldırmışam, bu yöndə də fəaliyyət göstərirəm. Yol problemini, su problemini deyirəm. Bu yaxınlarda aidiyyəti orqan qarşısında sərt tələbimi qoydum ki, təmsil etdiyim rayonda sovet dövründə istifadə olunmuş tədarük kontorları bərpa olunmalıdır. İnsanlar əlində olan məhsulları dövlət qeydiyyata alsın. İnsanların işləməsi üçün, şəraitini yaxşılaşdırması üçün iş yerlərinin açılması məsələlərini qaldırmışam. Məsələn, bizim regionda ildə 50 min ton taxıl biçilir. Bunun saxlanması üçün böyük bir anbara ehtiyac var. Məsələni aidiyyəti qurumlara çatdırmışam. Yəni seçicilərimin həyat və şəraitinin yaxşılaşdırılması üçün hara hansı müraciət lazımdırsa, edirəm.

- Seçicilərinizdən qəbulunuza gələn, problemlərini deyən olurmu?

- Sizə bir məsələni deyim. Deputat seçiləndən bu yana 400-dən artıq məktub göndərilib. Onların içərisində 10 məktub olar ki, ümumi məsələlərlə, problemlərlə bağlıdır. Qalanlarının hamısı şəxsi xahişdir. Amma istər ümumi, istərsə də şəxsi məsələ ilə bağlı məktub olsun, hamısına reaksiya verməyə çalışıram. Seçicilərimin müraciətindəki elə problem yoxdur ki, onun həllinə çalışmayım.

- Bir millət vəkili kimi seçicilərin probleminə görə dövlət məmurlarının, nazirlərin qapısını döyürsüzmü, zəng edirsizmi? Onların reaksiyaları necə olur? Çünki deputatlar həmişə nazirlərin onları saymamasından şikayətlənirlər...

- Bu günə kimi şəxsi məsələlərimlə bağlı heç bir məmura, nazirə müraciət etməmişəm. Amma seçicilərin müraciəti əsasında nazirlərə məktub yazıram, zəng edirəm. Bu yaxınlarda seçicilərimdən bir neçəsinin sosial yardımla bağlı problemi yaranmışdı. Nazir Səlim Müslümova müraciət etdim. Sağ olsun, dərhal reaksiya verdi müraciətimə. Məlum oldu ki, o problem, yardımların elektron qaydada hazırlanması ilə bağlıdır. Məsələ həll edildi. Başqa nazirlərlə də, müxtəlif problemlərlə bağlı, bir neçə dəfə kontaktlarım olub. Mən məmurlardan cavab verməməklə bağlı narazı deyiləm. Çünki mənə cavab veriblər, müraciətlərimə reaksiya olub. Bu günlərdə Baş prokurorun müavini, Rüstəm Usubovdan, Səlim Müslümovun müavini İlqar müəllimdən məktublarıma cavab aldım. Mən indi necə deyim ki, narazıyam?!

- Deputat seçildiyiniz regionda qərargahınızın olmadığı haqqında məlumatım var. Rayona gedəndə sizinlə görüşmək, dərdini demək istəyən seçicilərinizi necə, harda qəbul edirsiz?

- Seçki prosesi zamanı oturduğum məkanda müəyyən səbəblərdən qərar tuta bilmədim. Yeni seçki qərargahım var, təmiri başa çatmaq üzrədir. Ondan sonra seçicilərimi orada qəbul edəcəm. Amma bu o demək deyil ki, indiyə kimi camaatla görüşməmişəm. Çoxusu məktub göndərirlər ünvanıma. Bəziləri zəng edirlər. Eyni zamanda rayonda Mədəniyyət Evində, kəndlərin klublarında qəbullar keçirirəm. Əksərən də icra başçısı ilə birgə olur bu qəbullar. Rayonda keçirilən bütün tədbirlərə qatılıram. Yəni bir ayağım seçildiyim İsmayıllı və Ağsu rayonlarındadır.

Anar Bayramoğlu