Professional çəkilmiş bir filmin xaricə çıxması, bir səfirliyin il ərzində gördüyü işə bərabər ola bilir
“...Ambisiya, bəlkə də pul”
Hüseyn Mehdiyev: “Kinonun iki bazarı var, ikisi də öldürülüb”
Professional çəkilmiş bir filmin xaricə çıxması, bir səfirliyin il ərzində gördüyü işə bərabər ola bilir
Professional çəkilmiş bir filmin xaricə çıxması, bir səfirliyin il ərzində gördüyü işə bərabər ola bilir
Şeyx Əbdül Mahmudbəyovun "Azərbaycan filmini Elməddindən xilas etmək lazımdır” sözləri kinomuzun durumunu bir daha gözlər önünə sərdi. Bəri başdan deyək ki, hörmətli Şeyx çox güman ki, bədahətən danışdığına görə Azərbaycan filmi ifadəsini Elməddin Cəfərovun adıyla qoşa səsləndirib. Çünki E.Cəfərovun Azərbaycan filmi ilə yaxından-uzaqdan heç bir əlaqəsi-filanının olmadığı məlum məsələdir.
Efirlərə çıxan "bacanaqlar”, "eks-bacanaqlar”, "qız ataları”, "qayınanalar”, "qardaşlar”, "qonşular” (fikir verirsinizsə, hamısı elə bil bir çuvalın içindən çıxır - red.) və sairə və ilaxır da, Azərbaycan filmi deyil. Sadəcə, günlük məişət mövzularında çəkilən və müəyyən bir auditoriyanın məşğuliyyətini təmin edən seriallardır. Və əgər mümkünsə, güldürmək, mümkün olmasa, ağlatmaq, hər ikisi də alınmırsa, vaxt öldürmək üçündür. Vaxt demişkən, Azərbaycan filmləri arasında "Özgə vaxt” kimi bir film də var ki, rejissoruna I Beynəlxalq Festivalda "Qızıl Sevilya” mükafatı qazandırıb. Azərbaycan filmini kimdən yox, necə xilas etmək olar? Sualı ilə o rejissora - Əməkdar incəsənət xadimi, kinorejissor Hüseyn Mehdiyevə müraciət etdik.
- Hüseyn müəllim, elə burdan başlayaq ki, film sənayemizin inkişafı üçün vacib şərtlər hansılardır?
- Bu, çox yaralı və çox aktual mövzudu. Saatlarla bu barədə danışmaq, müzakirə aparmaq olar. Mənim indi deyəcəklərimi yalnız bir nəfərin şəxsi fikirləri kimi qəbul etmək lazım deyil. Bu, bütün kino ictimaiyyətinin fikirləridir. Azərbaycan kinosunun tənəzzül dövrü yaşamasının ən böyük səbəbi kino sahəsində idarəetmə sisteminin olmamasıdır. Kino sənayesini Mədəniyyət və Turizm Nazirliyi tərkibində "kino işləri şöbəsi” səviyyəsində idarə etmək qeyri-professionallıqdır və qeyri-ciddidir. Çünki kinematoqrafiya çox ciddi bir sənaye sahəsidir. Kino - həm siyasətdir, həm ideologiyadır, həm də biznesdir. Ən vacibi kino - sənətdir. Cəmiyyət üçün bax bu ən vacib elementləri özündə birləşdirən bir sahə 5-6 nəfərin öhdəsinə necə verilə bilər?! Belə qeyri-ciddi... necə deyim ki, kobud səslənməsin?..
- Səhlənkar...
- Tamamilə düz tapmısınız, bunu mən yox, siz dediniz - səhlənkar yanaşma! Kino kimi həyatın, ictimaiyyətin ən vacib elementlərini özündə birləşdirən sahəyə səhlənkar yanaşma sadəcə, non-sensdir. Kinonun əhəmiyyəti, daşıdığı nəhəng ictimai yük bütün dünyada qəbul olunmuş aksiomadır. Amerika Birləşmiş Ştatları öz dəyərlərini, ideologiyasını filmləri vasitəsilə yayır. Bəzən bir filmin çəkilişlərinə 300 milyon dollar sərf olunur. Bizimkilər ya, bu həqiqəti qəbul etmirlər, ya da qəbul etmək istəmirlər. Milli kino sənayesinin tənzimlənməsi üçün mütləq müvafiq idarəetmə sistemi olmalıdır. Qonşularımız Gürcüstan və Ermənistan kino sənayesinin inkişafında Avropa modelini götürüblər. Onlarda Milli Kino Mərkəzləri fəaliyyət göstərir. Türkiyədə kino sənayesi üzrə Baş Departament adlanır. Rusiyada Film Fondu var. Böyük maliyyə resurslarına malikdir. Bəlli istiqamətləri var. Dediyim bu sistemlərdə idarəetmə nisbətən sərbəstdir. Dövlət büdcəsindən maliyyələşirlər. Mövcud praktika belədir ki, dövlət vəsaiti sənətə, dövlət sifarişli filmlərə, sənədli filmlərə, uşaq filmlərinə sərf edilir, kommersiya filmləri üçünsə xüsusi Fondlar yaradılır və onlar tərəfindən maliyyələşdirilir. Azərbaycanda isə kinematoqrfiyaya pərakəndə münasibət kinonun başsız qalmasına gətirib çıxarıb. Rusların bir sözü var "komu ne lenğ” kinoya gəlib. Kinoya dövlətin konkret münasibəti olmalıdır. 2008-ci ildə "2008-2018-ci illər üzrə milli kinonun inkişafı Dövlət Proqramı” qəbul edildi. Çox da gözəl proqramdır. Kinomuzun dayanıqlı inkişafını təmin etmək məramı daşıyır. Amma proqramın bitməsinə 1 il qalıb. Hələ heç bir iş görülməyib.
- Sizin fikrinizcə, inkişaf üçün nələr lazımdı?
- Kinematoqrafiyanın inkişafı konseptual olmalıdır. Ümumi inkişaf gözü ilə baxılmalıdır. Kinonun inkişafında istehsalat, nümayiş, reklam əsas şərtdir. Keyfiyyətli, professional çəkilmiş bir filmin xaricə çıxması, hansısa festivalda iştirakı, bir səfirliyin il ərzində gördüyü işə bərabər ola bilir. Çünki kino kütləvidir və çox böyük təsir qüvvəsi var. Bir var, nəyinsə barəsində danışasan, deyəsən, bir də var demək istədiklərini, eşitdirmək istədiklərini bədii formada, yüsək səviyyədə görüntü olaraq təqdim edəsən. Ölkənin, onun siyasətinin, həqiqətlərinin təbliği üçün kinodan daha tutarlı hansı vasitə var?
- Həqiqətən də. Hamı Hindistana aşiqdir; Rac Kapurdan başlamış, nə bilim Şahrux Xana, Ayşvariya Raya qədər, əslində hind filmlərini və aktyorlarını sevdikləri üçün...
- Bəli. Bir aktyorun yaratdığı obraz xaricdə yaşayan azərbaycanlı, xarici ölkə vətəndaşının Azərbaycana vurğunluğu deməkdir.
- Siyasətdə illərlə aparılan mübarizə bəzən bir filmlə əldə edilir.
- Hüseyn müəllim, efirlərimizi hazırda məişət mövzulu (həm də çox dar çərçivəli) teleserialların zəbt etdiyi məlumdur. Bəs sizin o məşhur filmləriniz niyə nümayiş olunmur. Özünüz razılıq vermirsiniz, yoxsa müraciət edən yoxdur?
- Soruşursunuz, filmləriniz niyə nümayiş olunmur? Çünki biz qanunla işləməyi tələb edirik. Müəllif hüquqlarının qorunmasını tələb edirik. Qanunla işləsələr, gərək filmin yaradıcı heyətinə qonorar ödənsin. Bunun əvəzində bizim telekanallar nə edir, xarici filmləri piratçılıq yoluyla əldə edir, ucuz qiymətə keyfiyyətsiz dublyaj aparıb nümayiş etdirirlər. Heç kimə də qonorar ödəmək kimi məsuliyyət daşımırlar. Ya da müəyyən çərçivələri gözləməklə şablon filmləri göstərirlər. Elə filmləri ki, onlara görə kiminsə başının ağrıması ehtimalı yoxdur. Yaxşı filmlərimiz var. Mədəniyyət və Turizm Nazirliyi onları qəbul edib. Amma bəzi telekanallar başlayır çək-çevirə. Bunu nazirlik qəbul edibsə, sənin nə ixtiyarın var sorğu-sual etməyə. Telekanallar özləri fərli-başlı bir veriliş, layihə ortaya qoya bilmir, amma film çəkməyə girişir. Bilirsiz bizdə nə qədər sənədli filmlər var? Hər bir mövzuda, həm də professional çəkilmiş. Amma nə edirlər? 100 manat ödəyib hansısa sənədli filmi efirdə nümayiş etdirməkdənsə, 500 manat xərc çəkib qeyri-professional film çəkməyə üstünlük verirlər. Kinonun 2 bazarı var: 1-cisi kinoteatrdı, 2-cisi telekanallar. O bazar bizdə öldürülüb. Azərbaycan Dövlət Televiziyası, İctimai Televiziyadan savayı digərləri qanunları pozur.
- İzahı nədir?
- Nə bilim... Bəlkə ambisiya, bəlkə də pul. Teleseriallara dövlət büdcəsindən ayrılmış vəsaiti Milli Teleradio Şurası bölüşdürür. Kinoya aidiyyəti olmayan adamlara, qurumlara, qeyri-profesionallara vəsait ayırırlar. Kim çəkir, nə çəkir, nəzarət edən, baxan yoxdur. Nə qədər çox qışqırıq, nə qədər çox ağlaşma, nə qədər çox musiqi varsa, o "yaxşı film”dir. Kinonun öz qanunları var. Hər bir film qoyulmuş vəsaitə hesablanmalıdır. Məsələn, Amerikada çəkilən filmlərin yalnız 10 faizi gəlir gətirir. Bu 10 faizin içində isə 3-5 faizdən qazanc əldə olunur. Fransada vəziyyət fərqlidir. Orda kinoteatrlarda satılan hər biletdən 10 faiz Fransa Milli Kino Fonduna verilir. Bu ölkələrdə kinematoqrafiyanın inkişaf yolu - istehsalatdan başlamış kommersiyaya qədər müəyyən edilib. Hər yerdə mütləq dövlət tərəfindən investisiya ayrılır. Bizdə hələ də pərakəndəlikdir. Dövlətin kinoya münasibəti bəllidir. Dövlət Proqramının qəbul olunduğunu dedim artıq. Amma təyin edilmiş istiqamət üzrə gedilmir. Kino sənayemizdə çox mürəkkəb proseslər gedir. Və bunu çəkinmədən söyləyirəm ki, qətiyyən düzgün yolla getmir.
Məlahət Rzayeva