Amerika problem yaratmaqdan əl çəkməlidir

Elçin Bayramlı: "Türkiyə kimdən nə istəsə alacaq və nə istəsə satacaq"
Türkiyə hökuməti ABŞ istehsalı olan 22 adda məhsulun gömrük rüsumunu yarıya qədər endirməyə qərar verib. Qərar Amerikanın keçən həftə Türkiyədən idxal olunan polad və alüminium məhsullarına tətbiq etdiyi 50 və 20 faiz əlavə vergini yarıya endirməsinə cavab olaraq qəbul olunub. Gömrük rüsumu azaldılan məhsullar sırasında sərt qabıqlı, təzə və ya qurudulmuş, qabığı çıxarılmış və yaxud soyulmuş meyvələr, düyü, alkoqol dərəcəsi 80 faizdən yüksək olan məhsullar, likor və alkoqollu içkilər, tütün yarpağı və tütünlər, daş kömür var. Məlumdur ki, iki ölkə arasında Rusiya ilə yaxın münasibətlər, eyni zamanda S 400 raketləri ilə bağlı xeyli müddətdir gərginlik müşahidə olunurdu. Hətta Vaşinqtonun Ankaraya iqtisadi sanksiyalar tətbiq edəcəyi gözlənilirdi. 
O səbəbdən indiki şəraitdə tərəflərin bir-birinə bu qədər iqtisadi güzəştlər etməsi maraqla qarşılanır. Bəzi ekspertlərin fikrincə, bu cür addımlar ABŞ-Türkiyə əlaqələrinin, ən azından iqtisadi əməkdaşlığın müəyyən qədər inkişafına gətirib çıxara bilər.
İki ölkənin qarşılıqlı olaraq atdıqları addımları "Şərq”ə təhlil edən "Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib ki, Türkiyənin müstəqil siyasət yürütməsi və Amerikanın nəzarətindən çıxması Vaşinqtonu narahat edirdi: 
"Bunun qarşısını almaq üçün əvvəlcə Ankara hökuməti ilə təzyiq və hədə-qorxu ilə danışdılar. Lakin xeyri olmadığını gördükdə iqtisadi sanksiyalara keçdilər. Türkiyə müəyyən zərər çəksə də, yolundan geri dönmədi. Sonda başa düşdülər ki, belə getsə, Türkiyə tamamilə əldən çıxacaq. Bu baxımdan nisbətən "yumşaldılar” və bəzi güzəştlər etməyə məcbur oldular. Türkiyə də öz növbəsində iqtisadi münasibətlərdə əks sanksiyaları yumşaltdı. Bu fakt bir daha göstərdi ki, ölkələri özünə tabe etmək, tam asılı saxlamaq və öz məqsədləri üçün istifadə etmək siyasəti nəticə vermir. Digər ölkələrdə də məhz belə oldu. Məsələn, İrana qarşı təzyiqlər və sanksiyalar ölkəyə müəyyən zərər vursa da, Qərbin məqsədlərinə çatmasına gətirib çıxarmadı”.
İqtisadçının sözlərinə görə, hazırkı dünyada təzyiq və hədə-qorxu dili keçmir:
 "Əməkdaşlıq etmək istəyən dövlət normal, bərabərhüquqlu münasibət qurmalıdır. Öz müttəfiqinin əleyhinə terror təşkilatını himayə etmək, tərəfdaş ölkənin müdafiə sistemini boş qoymaq və alternativ sistem almasına qarşı çıxmaq, müxtəlif bank, birja və maliyyə maxinasiyaları ilə zərər vurmaq, sərvətlərini talamağa cəhd etmək, qanlı dövlət çevrilişi təşkil etmək və s. əməllərlə uzağa getmək mümkün olmur. Türkiyə tədricən istənilən ölkə ilə əməkdaşlıq edəcək, kimdən nə istəsə alacaq və nə istəsə satacaq. Bunun üçüncü ölkəyə heç bir dəxli yoxdur, ola da bilməz. 
Beynəlxalq hüququ ayaq altına almaqla dünyaya yaxşı nümunə göstərmək mümkünsüzdür. Amerika dünyaya problem yaratmaqdan əl çəkməlidir. Türkiyəyə qarşı təzyiqlər, o cümlədən İranla nüvə razılaşmasından birtərəfli çıxmaq və bu ölkəyə təcavüz etməyi planlaşdırmaq Vaşinqtonun ciddi problemidir”.
İsmayıl