Azərbaycan istər ABŞ-ın, istər İranın, istərsə də Rusiyanın hərbi qüvvələri ilə birgə hərbi təlimlərdə iştirak edə bilər
Azərbaycan hərbiçiləri ilə ABŞ ordusu birgə təlim keçəcək. Sözügedən təlimin bu yay Rumıniyada planlaşdırıldığını deyən ABŞ-ın Avropa komandanlığının nümayəndəsi, general Frederik Ben Hodces səfərinin Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın davam etdirilməsi və inkişafı məqsədini daşıdığını deyib.
Generalın sözlərinə görə, gələn il Gürcüstanda keçiriləcək hərbi təlimlərdə azərbaycanlı hərbçilərin də iştrakı ilə bağlı müzakirələr aparılıb. Avropa Komandanlığı müzakirələr zamanı hərbi təmsilçilərimizə bildirib ki, dəvət gələcəyi təqdirdə ABŞ hərbçiləri Azərbaycan ərazisində təlimlərdə iştirak edə bilər.
Azərbaycan və ABŞ hərbiçilərinin arasında planlaşdırılan birgə təlimləri şərh edən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin rəhbəri, millət vəkili Elman Məmmədov deyib ki, Azərbaycan müstəqil dövlətdir və bloklara qoşulmamaq siyasəti aparır: "Ölkəmiz heç bir hərbi təşkilatın üzvü deyil və gələcəkdə də belə bir addım atmaq fikrində deyil. Ancaq Azərbaycan özünün təhlükəsizliyini qorumaq üçün öz ordusunun döyüş müdafiə qabiliyyətini yüksəltməyə çalışır və buna da nail olur. Azərbaycan istər ABŞ-ın, istər İranın, istərsə də Rusiyanın hərbi qüvvələri ilə birgə hərbi təlimlərdə iştirak edə bilər. Bu günə qədər də Rusiya, Türkiyə, Gürcüstan ordusu ilə birlikdə təlimlərdə iştirak edib”.
Amerikalı komandanın birgə hərbi təlim keçirmək təklifini yüksək dəyərləndirən millət vəkili deyib ki, ordumuzun döyüş qabiliyyətinin artırılmasına xidmət edən bir proses ola bilər. Təbii ki, burada söhbət NATO və ya hansısa hərbi bloka qoşulmaqdan getmir. Hərbi istiqamətdə Türkiyə, Gürcüstan, Azərbaycanın müdafiə nazirlikləri əməkdaşlıq edir, hərbi təlimlər keçirirlər. O cümlədən Rusiya ilə də bu cür əməkdaşlığımız olub: "ABŞ-Azərbaycan münasibətlərinin genişləndirilməsi istiqamətində böyük işlər aparılır. İki ölkə arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində münasibətlərin genişləndirilməsi, hərbi-sənaye sahəsində birgə sazişlər və günü-gündən irəliləyişlər göz qabağındadır. Azərbaycan tərəfi olaraq Amerikanın da bu təklifinə müsbət yanaşırıq. Bu təlimlər Amerikada, Azərbaycanda və ya hər hansı üçüncü dövlətin ərazisində baş tuta bilər. Bizim ABŞ-la hərbi əməkdaşlığımız hansısa bir dövlətə qarşı güc nümayişi və ya təhdid məqsədi daşımır. Həm də ki, Azərbaycanın Birləşmiş Ştatlarla müvafiq müqavilələr imzalanıb. Eyni zamanda, neft kəmərlərinin təhlükəsizliyinin təmin olunması məsələsində Avropa, ABŞ şirkətlərinin də iştirakı və hərbi sahədə birgə fəaliyyət faktoru yer alıb”.
Şəymən