“Amnesty İnternational” bir dəfə də olsun Ermənsitandakı zorakılığa münasibət bildirməyib” - Qərəzli qurum

"Müəyyən beynəlxalq qurumlar növbəti yarış ərəfəsində ölkəmizə qarşı anti-Azərbaycan siyasəti yürütüməyə başlayıblar”.
Bunu "Sherg.az”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.
Ekspert bildirib ki, futbol dostluq oyunudur, insanları birləşdirir, amma "Amnesty İnternational” kimi təşkilatlar əllərinə düşən fürsəti ən çirkin formada dəyərləndirməyə çalışırlar:
"Avropa siyasi cəhətdən genişlənməkdədir. Bu səbəbdən qurumun müxtəlif idman yarışları, mahnı müsabiqələri ayrı-ayrı ölkələrdə keçirilir. UEFA-nın çempionlar liqasının Türkiyə və Ukraynada keçirilməsi də buna nümunədir. Bu dəfə növbə Bakının idi. Lakin biz Azərbaycana qarşı süni ajiotajın şahidi olduq. Əgər "Amnesty İnternational” həqiqətən də hüquqi təşkilatdırsa, o zaman bir sıra ölkələrə qərəzli yanaşmamalı, ikili standartlardan istifadə etməməlidir. Avropada və bir sıra ölkələrdə komendant saatı tətbiq olunur, insanlara qarşı zorakı üsullardan istifadə edilir, ancaq beynəlxalq qurumların heç biri bunlara reaksiya vermirlər. İşləri-gücləri Azərbaycanla məşğul olmaqdır”.
Analitik vurğulayıb ki, əgər beynəlxalq təşkilatlar səmimi narahatlıq duyurlarsa, o zaman Azərbaycandakı bir milyon qaçqın və məcburi köçkünlərin taleyi ilə maraqlansınlar:
"Çadırlarda böyüyən körpələrin aqibətini düşünsünlər. Niyə ermənilərin cinayatələrinə göz yumurlar? "Amnesty İnternational” bir dəfə də olsun Ermənsitandakı zorakılığa, siyasi hakimiyyətin məhkəmələrə təzyiq göstərməsinə münasibət bildirməyib. Bu cür qərəzli qurumların məqsədinin nə olduğun çox yaxşı bilirik. Küləyin hansı tərəfdən gəldiyi bizə məlumdur”.
Z.Məmmədov əminliklə ifadə edib ki, Azərbaycan öz haqqı olan futbol oyununu Bakıda çox gözəl şəkildə təşkil edəcək:
"Bakı hər zaman tolerantlığın, multikulturalizmin mərkəzi olub. Erməni idmançılar Azərbaycandakı yarışlarda dəfələrlə iştirak ediblər. Bakının Londondan uzaqda yerləşməsi bizim günahımız deyil ki?! Belə çirkin siyasətdən istifadə etmək yolverilməzdir. Mxitaryanın Bakıya gəlmək üçün cəsarəti yoxdursa, bu, onun öz problemidir. Bu, açıq-aşkar İngiltərənin eqoizmidir”.
İsmayıl