Amnistiya yox, əfv mütləq olacaq
Yaxın günlərdə bütün müraciətlərə baxış yekunlaşacaq və siyahı prezidentə təqdim ediləcək
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Komissiyanın iclaslarının davam etməsi gözlənilir. İclaslar yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq. Sərəncamın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində imzalanacağı gözlənilir.
Konstitusiya Araşdırmalar Fondunun prezidenti, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev növbəti toplantıda 100-dən artıq müraciətə baxış keçirildiyini və əksəriyyətinə də müsbət rəy verildiyini qeyd edib. Ə.Nuriyev komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısının prezidentə təqdim ediləcəyini də vurğulayıb. O da hesab edir ki, əfv sərəncamı Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ərəfəsində imzalana bilər: "Komissiyaya əfv edilməsini istəyən 1000-dən artıq məhbusun müraciətinə baxılıb. Onları araşdırmaq, rəy vermək isə zaman tələb edən bir işdir. Hər bir Komissiya üzvünə daxil olan müraciətlə bağlı fikir bildirmək imkanı yaradılır. Sənədlərin hazırlanması da özündə müəyyən proseduraları ehtiva etdiyindən vaxt aparır. Ümid edirəm ki, yaxın günlərdə müraciətlərə baxış yekunlaşacaq və siyahı ölkə başçısına təqdim olunacaq. Sərəncam imzalayıb-imzalamayacağı isə prezidentin onun Konstitusion səlahiyyətlərinə daxildir. Ona görə də konkret hansı gün əfv qərarı çıxacağını biz deyə bilmərik. Buna baxmayaraq may ayında Əfv sərəncamının veriləcəyini istisna etmirəm”.
Amnistiya ilə bağlı gözləntilərə gəldikdə isə Komissiya üzvü bu barədə məlumatlı olmadığını deyib. Onun sözlərinə görə, amnistiya aktının qəbul edilməsi Milli Məclisin səlahiyyətlərinə aiddir: "Amnistiya ilə bağlı mən də mətbuatda yer alan bilgilərə sahibəm. Ancaq şəxsi qənaətimcə, ehtimal çox azdır. Ötən il Prezident İlham Əliyev "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilib. Bu dəyişikliklərin isə 9 min məhkuma şamil edilməsi nəzərdə tutulub. Onların cəza müddətinin dəyişdirilməsi prosesinə də dekabr ayının 1-dən etibarən start verilib. Eyni zamanda Ədliyyə Nazirliyi tərəfindən tərkibi nazirliyin, o cümlədən Penitensiar Xidmətin məsul işçilərindən, eləcə də ictimaiyyətin nümayəndələrindən və hüquq-müdafiəçilərindən ibarət xüsusi Komissiya yaradılıb. Artıq bir neçə ildir səmərəli fəaliyyət göstərən Komissiya tərəfindən mütəmadi olaraq bütün cəzaçəkmə müəssisələrinə baş çəkilir, məhkumların işləri öyrənilərək, onların islah prosesinə qədəm qoyması, o cümlədən davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti ətraflı araşdırılır, fərdi qaydada söhbətlər aparılır. Komissiya məhkumlarla görüş zamanı ünsiyyətdə olduğu məhkumların şəxsi işi və digər aidiyyəti sənədlərini hərtərəfli araşdırıb, vaxtından əvvəl şərti azadetmə institutunun tətbiqi ilə bağlı məhkəmə qarşısında müvafiq vəsatətlər qaldırır. Çox zaman da Komissiyanın müsbət rəyi məhkəmələr tərəfindən nəzərə alınır. Bu günə qədər 7 mindən artıq şəxsin ya cəzası yüngülləşdirilib, ya da cəzadan azad edilib. Qısası, bir neçə ildir davamlı olaraq məhkumların azadlıqdan məhrumetmə cəzasının faiz göstəricilərinin aşağı salınması istiqamətində mühüm aktlar qəbul edilib. Bu qərarların icrası başa çatmamış Amnistiya verilməsi bir qədər mübahisəli məsələdir. Təbii, son qərar yenə də Milli Məclis və deputatların olacaq”.
Siyasi məhbus kimi təqdim edilən şəxslərin adının Əfv siyahısında yer alıb-almayacağına gəldikdə isə Ə.Nuriyev deyib ki, Komissiyada müraciətlərə baxılarkən məhkumların siyasi yönümü nəzərə alınmır.
"Qanun qarşısında hər kəsin bərabərlik hüququ qorunur və cinayətin məzmununa uyğun münasibət sərgilənir. Biz rəy hazırlayan zaman balanslı yanaşma sərgiləyirik. Yekun qərar isə yuxarıda qeyd etdiyim kimi, ölkə başçısının şəxsi iradəsindən asılıdır”.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı da çox ümidlidir. Səbirsizliklə may ayının sonunu gözlədiklərini vurğulayan hüquq müdafiəçisinin sözlərinə görə, ayın sonu əfv və ya amnistiya olmalıdır:
"Mənə elə gəlir ki, Azərbaycan böyük bir bayram astanasında olduğu üçün əfv və amnistiya çox yerinə düşmüş olardı. Hər halda Cümhuriyyətin yüz illiyi hər zaman olmur. Humanistliyi özündə birləşdirən bayramda bu qərarların olması çox sevindirici olardı. Ümid edirəm ki, bunlar baş verdikdə Əfv Komissiyasına göndərdiyimiz siyahı, eləcə də, prezidentə çoxsaylı şəxslərin imzaları ilə ünvanladığımız məktubdakı xahişimiz nəzərə alınacaq. Siyahımızda olan şəxslərin böyük qisminin azad ediləcəyinə inanırıq. Bu həmməruzəçilərin iyun səfərinə hökmən təsirini göstərəcək. Bizə məhbuslar tərəfindən hazırda da ərizələr gəlməkdədir. İşçi Qrupu tam tərkibdə toplana bilməsə belə, ora daxil olan hüquq müdafiəçiləri hər həftə toplaşırlar. Şikayətlərə baxaraq, lazımi instansiyalara məktublarımızı göndəririk. Amma söhbət hazırlanan müxtəlif siyahılardan gedirsə, deyə bilərəm ki, bizim siyahı daha yığcamdır. Bu baxımdan siyahımızın nəzərə alınacağına ümid edirik. Bu mütləq olmalıdır, bundan o yana heç nə qalmayıb. Siyasi məhbus problemi Azərbaycan üçün birdəfəlik qapanmalıdır. Çiynimizdə on illərlə daşıdığımız yükdən azad olmalıyıq. Bunun üçün beynəlxalq təşkilatların yardımı çox vacibdir”.
Şəymən