Ana südünü heç bir qida əvəz edə bilməz

Ombudsmanın "ana südü" harayına pediatr da dəstək verdi
"Körpəsini əmizdirən qadınlar arasında onkoloji xəstəliklərə çox az rast gəlinir. Yəni körpənin ana südü ilə qidalanması həm körpə üçün, həm də ana üçün əvəzsiz nemətdir"


Ombudsman Elmira Süleymanova körpə və azyaşlıların qidalanmasının günümüzün ən aktual problemlərindən biri olduğunu deyib. O bildirib ki, ana südü körpələr üçün məlhəmdir. Ana südü millətin, nəslin genetik yaddaşında saxlanılan məlumatın övlada, nəsildən-nəsilə ötürülməsidir. Təbii qida körpələrin gələcəyi üçün çox vacibdir. Sağlam gələcəyimiz üçün təbii və sağlam qidalanmaya ehtiyac var.

Məlumdur ki, ana südü «defisit» mala dönüb. Körpəsinə süd verən ana obrazı sıradan çıxmaq üzrədir. Ana südü ilə qidalanan körpə və körpəsini əmizdirən ana görəndə insanlar heyrətini gizlədə bilmir. Sanki bu, görünməmiş və mümkünsüz bir işdi. Belə vəziyyətin yaranma səbəbləri isə hələ də dəqiq araşdırılmır. Necə ki, sonsuzluq probleminin kökləri tapılmır, eləcə də anaların südünün niyə qəhətə çıxdığının da səbəblərini araşdıran, tapan və danışan yoxdu.
Çox da həkimlər «körpəni ana südü ilə qidalandırın» deyir. Ana da «süd yoxdu, hardan «alım?» deyib əlacsız qaldığından süni qida almalı olur. Süni qidalarsa, Allah göstərməsin, heç bilmirsən, necə, nədən hazırlanır.

Bir müddət əvvəl Türkiyədə «Laktamil» uşaq qidalarında salmonella bakteriyası aşkarlanmışdı. Bu uşaq qidasının istehsalçısı olan Fransanın «Lactalis Group» şirkəti öz məhsullarını 83 ölkəyə ixrac etmişdi. Azərbaycan da bu ölkələrin sırasında yer alırdı.
Amma Qida Təhlükəsizliyi Agentliyindən narahatlığa əsas olmadığı və müvafiq araşdırmalar aparıldığı bildirildi.

İndi də ombudsman E.Süleymanova analara körpələri təbii südlə qidalandırmağı tövsiyə edir və ana südünü əvəzsiz qida adlandırır.

Pediatr Vaqif Qarayev ombudsmanın çox vacib bir məsələyə toxunduğunu dedi:
- Biz həkimlər onsuz da həmişə analara ciddi tapşırırıq ki, körpələrini mümkün olduğu qədər, gücləri yetdiyi qədər ana südü ilə qidalandırsınlar. Körpə üçün ən təbii və zəruri qida ana südüdür. Ana südünü heç bir qida əvəz edə bilməz. Əgər körpənin normal böyüməsini, düzgün inkişaf etməsini, immunitetinin möhkəm olmasını arzu ediriksə, körpəni ana südü ilə qidalandırmalıyıq. Ana südü sıradan bir qida deyil. Körpə ilə ana arasında bağlılıq yaradan qidadır. Ana südü ilə böyümüş uşaqlar ailələrinə, anaya sıx bağlı olur. Körpəni əmizdirməyin ana üçün o qədər üstünlükləri var ki!.. Körpəsini əmizdirən qadınlar arasında onkoloji xəstəliklərə çox az rast gəlinir. Yəni körpənin ana südü ilə qidalanması həm körpə üçün, həm də ana üçün əvəzsiz nemətdir.

Amma bilirik ki, bəzən anaların südü olmur. Müxtəlif səbəblərdən. Bu, çox geniş mövzudur. Belə olduğu təqdirdə məcburiyyət qarşısında körpəyə süni qida təyin edilir. Anaların uşaq qidası seçməsi isə həqiqətən də böyük problemdir. Əgər biz anaların maarifləndirilməsini istəyiriksə, məsələni düzgün tərəfdən izah etməliyik. Həkimlər süni qidanın nə zaman təyin olunmasını düzgün müəyyənləşdirməlidir.

 İlk doğuşdan sonra bəzən ananın 1 gün və ya bir neçə gün südü olmur. Amma bu o demək deyil ki, süd verməkdən birdəfəlik əl çəkib, körpəni süni qidaya alışdırmaq lazımdır. Bu vəziyyət qadının orqanizmindən də asılıdır. Elə qadın var, ilk gündən etibarən südü olur, eləsi də var, bir neçə gün südü olmur, lakin körpəni əmizdirməyə davam etdikcə, stimulyasiya prosesi gedir və süd gəlir. Körpəni əmizdirməkdən heç vaxt vaz keçilməməlidir. Körpəyə süni qidanın təyini yalnız tibbi personal tərəfindən, artıq başqa çıxış yolu, alternativ variant olmadıqda mümkündür. Soruşurlar, hansı qida yaxşıdır? Lap 10 ədəd müxtəlif şirkətlərin, firmaların məhsulu olsun, hamısını yan-yana qoysan, görəcəksən ki, 10-nun da üzərində eyni sözlər yazılıb. 

Hər firma öz məhsulunu tərifləyir, reklam edir. Bütün uşaq qidalarının tərkibi eynidir. Sadəcə, baxmaq lazımdır ki, körpə bu qidaların hansını yaxşı qəbul edir. Uşaqda qəbizlik yaranmır ki, yaxud, allergik reaksiya vermir. Çünki bəzi qida qarışıqlarının tərkibində xüsusən qəbizlik və allergiya əleyhinə komponentlər olur.

 Körpənin qidanı necə qəbul etməsindən asılı olaraq, qida dəyişdirilə bilər. Bunu da körpənin həkimi təyin etsə yaxşıdır. Amma konkret olaraq hansısa uşaq qidası ilə bağlı «bu, əladır» demək düzgün deyil. Çünki yenə deyirəm, ən əla qida yalnız ana südüdür. Ana südünün bol olması üçün də müxtəlif vasitələr mövcuddur. Körpə dünyaya gətirməyə hazırlaşan qadınlar gərək ciddi surətdə maariflənsinlər. Qidalanmalarına diqqət etsinlər, vaxtlı-vaxtında həkim müayinəsindən keçsinlər, həkimlərin məsləhətini, tövsiyələrini dinləsinlər və əməl etsinlər.

Məlahət Rzayeva