Ana votsapda yazışır, körpə isə qaynar suda yanır...

Mehriban Zeynalova:"Analar var ki, televizor, kompüter qarşısında oturur, telefonla danışır övladına nəzarət etmir"


"Biz həmin ailəni tanımadığımız üçün onların ağrısına ağrı qatıb, məsuliyyətsizlikdə qınaya bilmərik”.

Bunu Sherg.az-a Samux rayonunda 2 yaşlı uşaqğın üzərinə qaynar su tökülərək, yanması məsələsindən danışarkən "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib.

O bildirib ki, bəzi bədbəxt hadisələr valideyn məsuliyyətsizliyi ucbatından baş verir:

"Təbii ki, allah heç kimə bu faciəni yaşatmasın. Həmin yaş dövründə uşaqlar dəcəl olur, daim hərəkət etmək istəyirlər. Hər baş verən bədbəxt hadisədə valideyn məsuliyyətsizliyindən danışmaq da düzgün deyil. Belə hallarla valideynlərin də əzab çəkdiyi və bu günə qədər kədərini yaşadığı görünür. O başqa məsələdir ki, valideyn məsuliyyətsizlik edir, övladına nəzarət etmir. Bu gün uşaqların aktivliyi, valideynləri ikiqat diqqətli olmağa vadar edir. Analar əvvəllər uşağı beşiyə bağlayıb, bir yerə qoyub, işlərini görə bilirdilərsə, indi uşaqlarda aktivlik o qədər çoxdur ki, onların sakit dayanması mümkün deyil. Bir uşağın etdiyi hərəkəti yetkin insanın etməsi qeyri-mümkündür. Nəzərə almaq lazımdır ki, bəzi hallarda valideynlər işə gedir, məşğul olur".

Bununla yanaşı M. Zeynalovanın fikrincə, bəzi analar də var ki, televizor, kompüter qarşısında oturur, telefonla danışır, ya əlavə işlərə vaxt sərf edərək övladına nəzarət etmir: "

 Bax, bu zaman artıq məsuliyyətsiz addımdan danışmaq olar. Həmin ailələrə sadəcə baş sağlığı verə bilərik. Təbii ki, bütün valideynlərə aid etmək düzgün deyil, amma uşaqlarını özbaşına qoyub, sosial şəbəkələrdə, televizor qarşısında vaxt keçirən analar bu hissi kifayət qədər inkişaf etməyib. O analar üçün lazımsız əyləncələr, boş işlərə vaxt ayırmaq övladından daha önəmlidir. Ana uşağına vaxt ayırıb, tərbiyə versə, müəyyən keyfiyyətləri aşılasa daha sözəbaxan uşaq tərbiyə edə bilər. Bizdə belə fikir var ki, uşaqdır da böyüyəcək. Amma uşağın tərbiyəsinin təməlini ana bətnindən qoymaq lazımdır. Valideynlərə ancaq onu tövsiyə edə bilərəm ki, körpəlikdən uşaqlarının tərbiyəsinə diqqət etsinlər. Uşaq körpə də olsa, ananın davranışlarını görüb, götürür. Biz bəzən elə bilirik ki, uşaqlar heç nəyi anlamır, amma əslində körpələr hər şeyi başa düşür. Onlar gördüklərini öz şüur altına yazaraq qəbul etdirməyə davam edirlər”.


Qeyd edək ki, bir neçə gün əvvəl Samux rayon sakini, 2015-ci il təvəllüdlü Tamara Zaur qızı Mustafayevanın üzərinə qaynar su tökülüb. Təcilli olaraq xəstəxanaya çatdırılan azyaşlını xilas etmək mümkün olmayıb və o, ötən gün Respublika Yanıq Mərkəzində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Aysel Aslan