Anasının böyrəyini köçürdülər, həyata döndü

İnsanlar ağır xəstəlikləri olan insanlarla davranışlarına diqqət yetirməlidir



Həyat bəzən insanları müxtəlif xəstəliklərlə imtahana çəkir. Xəstəliklərlə mübarizə aparmağa özlərində cəsarət tapanlar da olur, xəstəliyə boyun əyənlər də. Bəzən isə xəstəliyin adını eşidər-eşitməz psixoloji depressiyaya düşənlərin də şahidi oluruq. Bu depresyon xəstəliklər müxtəlif xarakter alır. Kimisi özünə qapanıb xəstəliyindən qurtulmağın mümkünsüzlüyünə inanır, kimisi də əksinə, aqressiyasını ətrafdakılara sızdırmağa çalışır. İstənilən halda isə insan ümidini itirməməlidir. Necə deyərlər, sonuncu ölən ümidlərdir.

1-ci əsrdə bir çox xəstəliklər var ki, onlara qalib gəlmək mümkündür. Xüsusilə də orqan bağışlanması ilə insanlara yenidən həyat vermək, onların gələcəyini dəyişmək olur.

Bu günlərdə Azərbaycanda baş verən hadisə bir daha sübut edir ki, insanlar xəstəlik dönəmlərində depressiyaya düşürlər. Respublika Müalicəvi Diaqnostika Mərkəzində baş verən hadisə buna sübutdur. Xroniki böyrək çatışmazlığından əziyyət çəkən 31 yaşlı qadın "Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinə müraciət edərkən ağır depressiv vəziyyətdə olub. Psixiatrik xidmətin konsiliumundan dərhal sonra antidepressiv medikamentoz terapiyaya başlanılıb, eyni zamanda pasiyentə böyrək köçürülməsi əməliyyatı planlaşdırılıb. Psixiatrların vurğuladığına görə, qadın ağırlaşmış vəziyyətdə xəstəxanaya daxil olub. Situasiyanın mürəkkəbliyi xroniki böyrək çatışmazlığı ilə yanaşı, həm də ağır depressiv vəziyyətin mövcudluğu ilə özünü göstərib. Psixiatrlar və pasiyentin yaxınları gənc qadının intihara cəhdinə görə ehtiyat ediblər. Zəruri hazırlıqlar aparıldıqdan sonra ən qısa zamanda pasiyentə anasının böyrəyi köçürülüb. Uğurla keçən əməliyyatdan sonra pasiyent yenidən həyata dönüb. Psixi vəziyyəti isə anidən bərpa olunub. Bir neçə gündən sonra qızı və anası tam sağlam şəkildə evə yola salınıb.

Məsələ ilə bağlı psixoloq Fərqanə Mehmanqızı "Şərq"ə maraqlı açıqlamalar verib. "Hər bir xəstənin özünəməxsus psixoloji durumu olduğundan onlara yanaşmalar da fərdi şəkildə aparılmalıdır" deyən F.Mehmanqızı bu kimi hallarda hansı addımlar atılmasının vacibliyindən danışıb: 

"Xəstəliklər müxtəlif olduqları kimi, insanların da xəstəliyə yanaşması fərqli şəkildə özünü göstərir. Hər bir insanın özünəməxsus psixologiyası, xarakteri var. Ciddi xəstəliklərlə mübarizə aparan xəstələrin müalicə dövründə reaksiyaları da özünəməxsus, xarakterik olur. Bəzən bu, həmin mühitə düşən xəstənin gözlənilməz reaksiyalarına da gətirib çıxara bilir. Həyatda güclü sandığımız insanlar bəzən xəstəlik adı eşidəndə zəif tərəflərini büruzə verə bilirlər. Ona görə də xəstələrə fərdi yanaşmaq vacibdir. Bəzən xəstəliyin yarada biləcəyi fəsadlar bir kənara qalır, xəstə depressiyaya düşməklə həm özünü, həm də yaxınlarını çıxılmaz vəziyyətə sala bilir. Sağalmağa inamsızlıq, ölməkdən qorxmaq, xəstəliyə güc gələ bilməmək kimi hisslər onların xarakterində görünməyən tərəflərini üzə çıxarır. Belə olan halda da sakit insan bir anda aqressiv ola bilir, yaxınlarını incitməklə onları da depressiv gərginliyə sala bilirlər. Təbii ki, belə olan halda xəstəliyə güc gəlmək də çətinləşir. Sanki onun xəstəliyində yaxınları, ətrafdakılar günahkardır. Belə insanlar özlərində inam tapmaq əvəzinə günahkar axtarışına çıxırlar. Yerli-yersiz aşırı diqqət tələb edirlər. Nazlarının çəkilməyini umurlar, sanki uşaqlaşmış şəkildə ərköyünlük nümayiş etdirirlər. Yeri gəlmişkən, xəstəliklər səbəbindən yaranan depressiyaların iki növü olur. Bəzilərində özünəqapanma hissləri yaranır, bir qismində isə tam əksinə, qarşı tərəfə sərt reaksiyalar vermək kimi hallara rast gəlmək olur. Özünəqapanma hissi daha ağırdır. Çünki belə olan halda xəstələr intihar həddinə qədər gəlib çata bilirlər. Statistika da göstərir ki, bəzən ağır xəstəliklə mübarizə aparan insanlar son çıxış yolu kimi intiharı seçirlər. İkinci qism insanlar isə daha fərqlidir".

"Ümumiyyətlə, ağır xəstəliklə mübarizə aparan pasiyentlə necə rəftar edilməlidir" sualına cavabında xəstə yaxınları ilə yanaşı həkimlərin də diqqətli olmasının vacibliyini qeyd edən psixoloq bildirib ki, bu sual bir çoxları üçün maraqlı və vacibdir: 

"Konkret şəkildə suala cavab vermək, demək olar ki, mümkün deyil. Çünki duruma uyğun olaraq xəstə ilə rəftar olunmalıdır. Misal üçün, xəstəlik üzündən qarşı tərəfə aqressiya nümayiş etdirənlərə diqqət göstərməməlisən. Zamanla onlar hərəkətlərinin diqqət mərkəzində olmadığının fərqinə varanda sakitləşməyə çalışırlar. Özünə qapanan insanlara isə əksinə, daha çox diqqət ayırmaq lazımdır ki, bu vəziyyətdən çıxa bilsinlər. Tək olmadıqlarını hiss etsinlər. Yəni pasiyentin durumuna uyğun olaraq hərəkət etmək həkimin seçimində vacib amillərdən sayılır. Zəif xarakterli xəstələrə ümidləndirici sözlər demək, həyata bağlanmaq üçün səbəbləri izah etmək lazımdır ki, onlar yaşamaq üçün özlərində güc toplaya bilsinlər. Bir də hər iki növ depressiyaya düşmüş xəstələrə münasibətdə bir məqamı diqqətdən qaçırmaq olmaz. İstənilən halda heç bir xəstəyə acıyaraq yanaşmaq doğru deyil. Xəstə hiss etməlidir ki, ona sevgi, qayğı, diqqət var. Əgər xəstə hiss etsə ki, ona acıyırlar, bu onun psixoloji durumunu bir qədər də gərginləşdirmiş olacaq.

F.Mehmanqızı onu da bildirib ki, xüsusilə son illər onkoloji xəstəliklərin çoxaldığını nəzərə alsaq, yuxarıda qeyd olunan hallar bu xəstələrdə özünü daha çox büruzə verir: 

"Biz onkoloji xəstələrlə daha çox işləyirik. Onlarla qrup terapiyası keçiririk. Ən çox uşaqlarla işlədiyimiz üçün valideynləri bildirirlər ki, evdə aqressiyaları az olur. Ümumiyyətlə, bu kimi xəstələrlə psixoloqların təmasda olması vacibdir. Müəyyən qrup şəklində terapiyalarda onlar həm də görürlər ki, bu xəstəliklə tək onlar deyil, digərləri də mübarizə aparır. Yəni xəstə dərk etməyə başlayır ki, xəstə tək mən deyiləm. Ona görə də xəstələrin, xüsusilə də daha ağır xəstəliklə mübarizə aparan insanların yaxınlarının bilməsi vacib olan məqamlardan biri də odur ki, psixoloqlara müraciət onlara yalnız müsbət təsir göstərə bilər. İstər fərdi konsultasiya, istərsə də qrup terapiyalarını qəbul edən xəstələr xəstəliyə daha çox güc gələ bilirlər. Təcrübələr də göstərir ki, xəstələrdə motivasiya vacibdir. Hətta ən ağır xəstəliklə mübarizə aparan insanlar olub ki, məhz motivasiyaları yüksək olduğundan xəstəlikdən tam qurtula biliblər".

İlahə Əhmədqızı