Ankara “S-400” almaqla qisas alır

Ancaq NATO üzvü olan Türkiyə tam şəkildə Rusiyanın silahlarını mənimsəyə bilməz



Rusiya Federasiyası ilə Türkiyə arasında S-400-lərin tədarükü ilə bağlı razılaşma bu həftə imzalana bilər. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "S-400”lərin alınması ilə bağlı heç bir problemin olmadığını deyib. Nazirin sözlərinə görə, kredit məsələsi ilə bağlı razılaşma əldə olunub:

"Yalnız detallar qalıb. Hər iki tərəfin mütəxəssisləri çalışırlar. İşlər yekunlaşdıqdan sonra razılaşmanın bu həftə imzalanacağı gözlənilir”. Xatırladaq ki, bundan öncə Rusiya mətbuatı S-400-lərlə bağlı müqavilənin Putinin Türkiyəyə səfəri zamanı son anda imzalamaqdan imtina etdiyi haqqında informasiya yaymışdı. Məsələ gündəmə gələndən etibarən ABŞ və Qərb ölkələri Türkiyəyə etirazlarını açıq şəkildə bildiriblər. Xüsusən, NATO təmsilçiləri Ankara hökumətinin bu addımını tənqid ediblər. Ekspertlər anlaşma reallaşacağı təqdirdə Türkiyənin hərbi sahədə əlavə güc qazanacağını deyirlər.

Məsələni "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu deyib ki, Türkiyənin Rusiyadan "S-400” zenit-raket kompleksi alması geosiyasi bir hesabdır. Analitikin fikrincə, Türkiyə Rusiyadan ən müasir silahı almaqla, NATO-dan qisas alır:

"Rusiya da Türkiyəyə silah satmaqla hərbi alyansdan qisas aldığını düşünür. Lakin "S-400” razılaşması Türkiyə-Rusiya münasibətlərində düyünün tam açılması demək deyil. Düzdür, iki ölkə arasındakı S-400 razılaşması böyük bir müqavilədir. Ancaq NATO üzvü olan Türkiyə tam şəkildə Rusiyanın silahlarını mənimsəyə bilməz. Sözügedən silahlar NATO-nun standartlarına uyğun deyil. Fikrimcə, bu yöndə razılıq əldə olunduqdan sonra bəzi məqamlara aydınlıq gətirmək mümkün olacaq. NATO üzvü olan Türkiyə ərazisində ikinci bir bazanın yerləşdirilməsi inandırıcı görünmür. Sadəcə, "S-400”-lərin birgə buraxılışı ilə bağlı rus mütəxəssislərdən istifadə edilə bilər. Hazırda Türkiyə və Rusiyanı biri-birinə daha sıx yaxınlaşdıran məhz hərbi layihələrdir”.

İsmayıl