Ankaranın iki jesti...

Türkiyə-Rusiya münasibətlərinin yaxın zamanlarda normallaşmasının şahidi olacağıq



Ötən il noyabrın 24-də Türkiyə hava məkanını pozduğu üçün vurulan Rusiyaya məxsus "Su-24” hərbi təyyarəsinin katapult edən pilotu Oleq Peşkovu öldürdüyü iddia olunan Türkiyə vətəndaşı Alparslan Çelik İzmirdə həbs edilib. Aralarında A.Çelikin də olduğu 14 nəfər martın 30-da axşam saatlarında İzmir şəhərində bir restorana yemək yeməyə gedib. Bir qədər sonra onlar restorana gələn polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb. Aparılan axtarış zamanı 1 ədəd "Kalaşnikov” avtomatı, 2 tapança və çoxlu sayda patron aşkarlanaraq götürülüb.

Qeyd edək ki, Suriyada Bayırbucak türkmənlərinin tərəfində döyüşən A.Çelik "Su-24”ün vurulmasından sonra katapult edərək paraşütlə aşağı enən pilot A.Peşkovu güllələdiyini bildirib. A.Çelik bu səbəblə Rusiya tərəfindən terrorçu elan edilərək axtarılırdı. Həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da çıxışı zamanı regional problemlərin həlli üçün Türkiyə-Rusiya əməkdaşlığının bərpasının vacib olduğunu bildirib: "Moskvanın anlamağa çətinlik çəkdiyimiz sərt reaksiyasına baxmayaraq, regional problemlər bizim əməkdaşlığımızın bərpa edilməsini zəruri edir, çünki Rusiya və Türkiyə coğrafiyamızın mühüm ölkələridir. Rusiyanın bunu anlayacağını və bu zəruriliyi qiymətləndirəcəyini gözləyirik”.

Türkiyənin hər iki jesti fonunda Türkiyə- Rusiya münasibətlərini dəyərləndirən "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politolq Ərəstun Oruclu münasibətlərin normallaşmasında tək Türkiyənin deyil, Rusiyanın da maraqlı olduğunu deyib: "Türkiyə-Rusiya münasibətlərinin normallaşmasının vacibliyinə dair Rusiya tərəfində də müəyyən mesajlar verilib, çağırışlar edilib. Odur ki, Ərdoğanın Vaşinqtonda verdiyi açıqlama və Alparslan Çeliyin həbs olunması fonunda yaxın zamanlarda iki dövlət arasındakı münasibətlərin normallaşmasına şahid ola bilərik. Ən azından, hər iki tərəf qarşılıqlı münasibətlərin əvvəlki məcraya qayıtmasında maraqlı olduğunu rəsmi şəkildə bəyan edib. Bu da təbii prosesdir. Çünki məlum münaqişəyə qədər bölgədə Rusiya Türkiyə üçün, o cümlədən Türkiyə də Rusiya üçün mühüm iqtisadi və ticari partnyorlardan biri idi. Artıq münaqişə başa çatdığına görə, qərb dövlətləri ilə Rusiya arasındakı intensiv danışıqlar fonunda münasibətlərin eyni məcraya yönəldiyini görürük. Türkiyə də qərbin bir parçası, hərbi koalisiyasının üzvü olaraq münasibətlərin bərpasında maraqlıdır. Rusiya da eyni müstəvidən baxdığı üçün münasibətlərin əvvəlki mərhələyə çatması mümkündür. Hansı ki, artıq bu istiqamətdə xeyli yol qət olunub. Amma son nəticə bölgədəki maraqların nə dərəcədə üst-üstə düşməsi və ya toqquşmasından, müştərək maraqların nə qədər üstünlük təşkil eləməsindən, nəhayət bölgəylə bağlı maraqları olan digər qüvvələrin bu prosesə müdaxiləsindən asılı olacaq. Bu gün üçün mühüm faktor hər iki tərəfin barış istiqamətində müəyyən iradə ortaya qoyması faktıdır”.

Politoloqun sözlərinə görə, katapult edən pilotu öldürdüyü iddia olunan Alparslan Çeliyin həbsi Türkiyənin təyyarəni vurduğu üçün Rusiyanın üzr istəmək tələbini qəbul edəcəyi anlamına

gəlməməlidir: "Burada söhbət pilotu vurmaqdan gedir, ölkənin hava sərhədini pozan hərbi təyyarənin vurulmasından yox. Hər iki fakt arasında kəskin fərq var.

Müharibə qaydalarına görə, vurulan təyyarənin pilotu katapult edərək xilas olmağa çalışırsa, o bir növ əsir düşməyə doğru gedir. Bunun fonunda onun həyatını təhlükəyə ataraq atəş açmaq, öldürmək beynəlxalq konvensiyalara ziddir. Onu da deyim ki, Alparslan Çelik Türkiyəni təmsil etmirdi. O, Suriyada Bayırbucak türkmənlərinin tərəfində könüllü döyüşən biri olub. Əslində elə onun başqa bir dövlətin ordusuna qarşı könüllü döyüşməsinin özü də qeyri-qanuni haldır”.

Şəymən