Ankaranın “S-400” əldə etməsi təbii qarşılanmalıdır

Türkiyə hava hücumundan müdafiəni heç bir dövlətin ümidinə buraxa bilməz



Ankara Moskvadan S-400 zenit-raket kompleksləri alsa, ABŞ ona qarşı sanksiyalar tətbiq edəcək. Bu barədə "Habertürk” qəzeti yazıb. Nəşr iddia edib ki, Türkiyənin Rusiya ilə sıx əməkdaşlığı NATO ilə birliyinə mənfi təsir göstərə bilər: "Əgər Türkiyə S-400-dən əl çəkməsə, Konqresin qəbul etdiyi CAATSA qanunu Ankaraya qarşı tətbiq olunar. Amerika rəsmiləri deyiblər ki, onlar Türkiyəyə hava hücumundan müdafiə ilə bağlı alternativ yol tapa bilərlər”.

Mətbu orqan xatırladıb ki, bir müddət əvvəl ABŞ Dövlət katibi Reks Tillerson da Ankarada CAATSA qanununun Türkiyəyə tətbiq oluna biləcəyini söyləyib.

Mövzunu "Şərq”ə dəyərləndirən politoloq Sədrəddin Soltan sanksiyanın tətbiqi ilə bağlı hələ hansısa qərarın qəbul edilmədiyini deyib. Ekspert bildirib ki, sözügedən sənəddə siyahıdakı şəxslərə məhdudiyyətin qoyulması gözlənilməsə də, bu, gələcəkdə müxtəlif yerlərdə onlara qarşı maneələrin yaradılmasına səbəb ola bilər:

"Başqa sözlə, adları siyahıda olanları ABŞ üçün "düşmən” adlandırmaq olar. CAATSA-ya əsasən, Rusiya şirkətləri ilə böyük həcmdə əməkdaşlıq edən, habelə bu ölkədən iri məbləğdə maliyyə vəsaiti hesabına silah alan üçüncü ölkələrin uyğun qurumları və şirkətləri də Amerikanın sanksiyasına məruz qalacaq. Əlbəttə, Türkiyə ABŞ-ın düşməni deyil. Onlar NATO-da müttəfiqdirlər. NATO rəhbərliyi Türkiyənin özünü müdafiə etməsi üçün hərbi texnika almaqda müstəqil olduğunu bəyan edib. Yens Stoltenberq Türkiyə ilə ABŞ arasında müzakirələrin olmasından məmnun olduğunu deyib. O, həmçinin Türkiyə ilə Rusiya arasında "S-400” raket əleyhinə müdafiə sistemi ilə bağlı müqaviləyə də münasibət bildirib. Söyləyib ki, müqavilənin detallarının açıqlanması Türkiyədən asılıdır: "Türkiyənin NATO-nun iki üzvü - İtaliya və Fransa ilə ortaq hava hücumundan müdafiə sistemini inkişaf etdirməsini də alqışlayırıq”. Bir neçə il əvvəl Türkiyə NATO-ya üzv dövlətlərdən, Almaniya, Hollandiya və Polşadan "Patriot” kompleksinin ölkə ərazisində yerləşdirilməsinin istəmişdi. Onlar həmin sistemi çox uzun müzakirələrdən sonra Türkiyəyə icarəyə verdilər və sonra yığışdırıb apardılar. İraq və Suriyada qarışıq bir vəziyyət yaranıb. Belə halda Türkiyə hava hücumundan müdafiəni heç bir dövlətin ümidinə buraxa bilməz. Heç şübhəsiz, Türkiyənin hava məkanı həm də NATO-nun sayılır. Hərbi alyans bu ölkədəki hava məkanının təhlükəsizliyinə laqeyd yanaşır. Bu halda rəsmi Ankaranın "S-400” əldə etməyə səy göstərməsi təbii hadisədir”.

Analitik bəyan edib ki, ABŞ silah bazarını itirmək istəmir. Bunun qarşısını almaq üçün bu sayaq üsullardan istifadə edir: "2017-ci ilin iyulunda Konqresdə qəbul olunan, "Amerikanın düşmənlərinə sanksiyalar vasitəsilə müqavimət göstərmək haqqında” (CAATSA) qanunun ABŞ-ın istəyi əleyhinə çıxanlara qarşı tətbiq edilməsi təzyiq vasitəsi sayıla bilər. Məsələn, bu yaxınlarda İraqın "S-400” zenit-raket sistemlərinin alınması üçün danışıqlar aparmaq niyyətində olduğu barədə məlumat yayılıb. Xatırladaq ki, 2012-ci ilin oktyabr ayında Moskva və Bağdad ümumi dəyəri 4,2 milyard dollar olan 48 ədəd "Pantsir-S” zenit kompleksinin və 36 ədəd "Mi-28” zərbə helikopterinin tədarükü üzrə saziş imzalayıb. Niyə ABŞ İraq hökumətinə qarşı CAATSA tətbiq etmədi?”.

Politoloq bildirib ki, Türkiyə ABŞ-ın İraq və Suriyanın ərazisinin parçalanması istəyinə mane olur: "Rəsmi Ankara yaxşı bilir ki, Vaşinqtonun bu oyununun növbəti hədəfi İran və Türkiyədir. Ona görə də tədbirini indidən görür. Sanksiyalara gəldikdə isə ABŞ Türkiyənin bəzi şirkət və banklarına qarşı artıq sanksiya təbiq edib. Bunun genişmiqyaslı olacağı isə indiki şərait üçün inandırıcı görünmür. Çünki tərəflər arasında təmaslar mövcuddur. Martda ABŞ və Türkiyə diplomatları ikitərəfli münasibətlərdə yaranan problemlərin aradan qaldırılması ilə bağlı görüş keçirəcək. Ona görə də ehtimal edirəm ki, ABŞ və Türkiyə münasibətləri əvvəlki illərlə müqayisədə inkişaf edəcək. Buna hər iki dövlətin ehtiyacı var”.

İsmayıl