- Azərbaycan, Ermənistan və Gürcüstana müxtəlif tərəfdaşlıq və təhlükəsizlik formatlarının təklif edilməsi ehtimalı mümkündür
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Avropa İttifaqının (Aİ) təhlükəsizlik böhranlarına daha çevik reaksiya verməsi üçün NATO-nun 4-cü maddəsinə bənzər yeni mexanizmin yaradılmasını təklif edib.
O, bu barədə Avropa Parlamentində Aİ-nin vəziyyəti ilə bağlı illik çıxışında bildirib. Onun sözlərinə görə, mexanizm silahlı hücum həddinə çatmayan təhlükəsizlik böhranları zamanı tətbiq olunacaq. Üzv dövlətlərdən biri mexanizmi işə saldıqda bütün Aİ ölkələrinin bir araya gələrək, ümumi Avropa reaksiyasını əlaqələndirməsi, eskalasiyanın qarşısını alması və böhranın nəticələrini azaltması nəzərdə tutulur.
Komissiya rəhbəri, həmçinin Avropa Təhlükəsizlik Şurasının yaradılması üzrə konkret plan təqdim ediləcəyini açıqlayıb. Onun sözlərinə görə, qitənin üzləşdiyi təhdidlərin xarakteri və miqyası belə bir formatı daha zəruri edir.
Milli Cəbhə partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a bildirib ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin təşəbbüsü “Avropa NATO-su” kimi xarakterizə oluna bilər. Onun fikrincə, belə bir təhlükəsizlik mexanizmində NATO-nun 4-cü və 5-ci maddələrinə bənzər qarşılıqlı müdafiə öhdəliklərinin tətbiqi məsələsidir: 
“Rusiyanın artan hərbi təhdidləri və Avropanın təhlükəsizliyinə dair qayğıları Avropa ölkələrini hərbi baxımdan daha ciddi təşkilatlanmağa sövq edir. Eyni zamanda, ABŞ-ın Avropanın təhlükəsizliyində əvvəlki səviyyədə rol oynayıb-oynamayacağı ilə bağlı müzakirələr də Avropada strateji muxtariyyət məsələsini aktuallaşdırıb. Avropa İttifaqının əsas məqsədlərindən biri öz müdafiə imkanlarını gücləndirmək və qlobal sistemdə daha müstəqil siyasi mərkəz kimi çıxış etməkdir.
Fransa uzun müddətdir Avropanın strateji muxtariyyəti və müstəqil müdafiə imkanlarının yaradılması ideyasını dəstəkləyir. Lakin Avropa ölkələrinin belə bir təşəbbüs ətrafında konsensusa gəlməsi asan görünmür. Çünki ayrıca hərbi ittifaqın yaradılması NATO ilə münasibətlərin suallar yarada bilər. NATO-nun zəifləməsi isə transatlantik təhlükəsizlik sisteminin və bütövlükdə Qərb təhlükəsizlik arxitekturasının dağılmasına gətirib çıxara bilər”.
NATO artıq 80 ildir fəaliyyət göstərdiyini xatırladan M. Əsədullazadə qeyd edib ki, Avropa ilə ABŞ arasında da uzunmüddətli müttəfiqlik münasibətləri formalaşıb: “ Ona görə də Avropanın yeni təhlükəsizlik mexanizmi yaratması mütləq şəkildə NATO-nun ləğvi deməkdir .
Yeni dünya siyasi nizamının formalaşdığı bir dövrdə Avropanın daha müstəqil geosiyasi mərkəzə çevrilmək potensialı var. Gələcəkdə Avropanın təhlükəsizlik təşəbbüslərinin Cənubi Qafqaza da müəyyən təsirləri istisna deyil. Azərbaycan, Ermənistan və Gürcüstana müxtəlif tərəfdaşlıq və təhlükəsizlik formatlarının təklif edilməsi ehtimalı mümkündür.
Azərbaycan isə paralel olaraq Türk Dövlətləri Təşkilatı çərçivəsində təhlükəsizlik və müdafiə əməkdaşlığının daha da inkişaf etdirilməsini istəyir. Bu baxımdan gələcəkdə həm Avropada, həm də Türk dünyasında formalaşacaq təhlükəsizlik mexanizmləri yeni regional və qlobal təhlükəsizlik arxitekturasının mühüm elementlərinə çevrilə bilər”.