"Anna Akopyan ilk növbədə, həyat yoldaşı Paşinyanı sülhə çağırsın" - CAVAB

"Anna Akopyanın müraciət edəcəyi şəxs Paşinyan olmalıdır, Azərbaycan anaları deyil”.




Bakıya təzyiq göstərməyin vacib olduğunu bildirən Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan 2016-ci ilin aprel döyüşləri zamanı ölən erməni əsgərlərinin analarının bir qrupunu baş nazirin iqamətgahında toplayıb və onları Azərbaycan analarına müraciət etməyə çağırıb.

Baş nazirin xanımını bu addımı atmağa vadar edən səbəb isə 2016-ci ilin aprel döyüşlərinin Ermənistan cəmiyyətində dərin xof yaratmasıdır. Ermənilər hər an bu vəziyyətin təkrarlanacağından qorxurlar. Övladlarını itirmiş erməni əsgər anaları baş nazirin arvadı Anna Akopyanla görüş zamanı bu məsələyə xüsusi yer ayırıblar.

Nikol Paşinyanın arvadı azərbaycanlı qadınları da onun başlatdığı sülh təşəbbüsünə qoşulmağa çağırıb: 
"Ümid edirəm ki, sizin və bizim səsimiz azərbaycanlı analara da gedib çatacaq, onlar da müharibəyə qarşı çıxıb sülhə çağıracaqlar. Əgər bu baş versə, gözəl günlərin birində bizim çağırışımız atəş açmağı və müharibə başlamağı əmr edən adamlara da gedib çatacaq”.

Maraqlıdır, Anna Akopyan hansı sülhdən danışır? Torpaqlarımızın hələ də işğal altında olmasını nəzərə alsaq, hansı sülhdən danışmaq olar?

Hər halda xanım Akopyanın həyat yoldaşı qarşısında "Qarabağı qaytaraq və sülh şəraitində yaşayaq” təşəbbüsü ilə çıxış etməsi daha məntiqli olardı.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın irəli sürdüyü "Qadınlar Sülh Naminə” kampaniyasının başlanması ilə bağlı Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması bəyanat yayıb.

Bəyanatda deyilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ictimai dəstəyini təşkil edən və iki xalq arasında davamlı sülhün və barışın yaradılması üçün çalışan Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ Münaqişəsinin sülh yolu ilə həlli və davamlı sülhün qruluması prosesində qadınların rolunu yüksək qiymətləndirir. Problemin həlli, münasibətlərin nizamlanması və münaqişədən sonrakı sülh quruculuğunun bütün proseslərində qadınların fəal iştirakını təmin etməyə çağırır: "Hər hansı sülhməramlı təşəbbüs – döyüşlərin dayandırılması, həyatın xilası, ərazi bütövlüyünün təmini, qaçqın və məcburi köçkünlərin yaşadıqları yerlərə qaytarılması, onların təhlükəsizliyini və normal yaşayış şəraitinin təmin edilməsi – ali humanitar məqsədlərə dəstək olur. 

Biz sabit və ədalətli sülhün bərqərar olmasını Cənubi Qafqaz regionunun stabilliyinin aksioması kimi qəbul edərək, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləyirik. Biz, xanım Anna Akopyanın uzun müddət davam edən münaqişə nəticəsində xalqlarımızın qarşılaşdığı təhlükə ilə əlaqədar hiss etdiyi ağrıları və göstərdiyi qayğılarını bölüşürük və xalqlarımız arasında sülh və xoş qonşuluğun bərpası üçün birgə səy göstərməyə çağırırıq”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da "Şərq”ə açıqlamasında Anna Akopyanla həmfikir olduğunu deyib: 

" Biz də müharibə istəmirik. Cavan- cavan uşaqlarımız şəhid olur, müxtəlif bədən xəsarətləri alır. Kim istəyər ki, müharibə olsun? Biz Azərbaycan qadınları bu münaqişənin həlli üçün erməni qadınları ilə danışıqlar masasına oturmağa və sülh çağırışı etməyə hazırıq. O şərtlə ki, işğal altında olan Azərbaycan torpaqları qarışbaqarış geri qaytarılsın. Faktiki olaraq, erməni əsgərləri bizim torpaqlarımızı zəbt edib, özlərinə məskən salıblar. Biz Dağlıq Qarabağda erməni xalqı ilə bir yerdə yaşamağa da razıyıq, lakin əvvəlcə bütün torpaqlar Azərbaycana qaytarılsın, Ermənistan rəhbərliyi bizim ərazi bötövlüyümüzü tanısın”.

N. Cəfəroğlunun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesində qadınların iştirakına yer verilməlidir. Minsk qrupunun iştirakı ilə keçirilən görüşlərdə, prezidentlərin, XİN başçılarının görüşündə qadınlar da olmalıdır.

Analitik-icmalçı Ehtiram Aşırlı isə hesab edir ki, Anna Akopyan və erməni anaları Azərbaycan analarına müraciət etməzdən öncə həyat yoldaşı, Ermənistanın baş naziri Nikol Paşinyana müraciət etməlidir. Çünki N.Paşinyan Azərbaycana qarşı təhdid dolu bəyanatlarla çıxış edərək Bakını müharibəyə təşviq etməyə çalışır. Həmçinin o, danışıqlar prosesinin irəliləməsinə mane olur. 

Paşinyan və onun hökumətinin münaqişənin sülh yolu ilə həll olunması tərəfdarı olmadığını vurğulayan analitik deyib ki, məhz buna görə də Anna Akopyan erməni anaların gözü yaşlı qalmasın istəmirsə, ilk növbədə, həyat yoldaşı N.Paşinyanı sülhə çağırsın: 


"Anna Akopyan unudur ki, işğalçılıq siyasətini Ermənistan tərəfi həyata keçirir, Azərbaycan deyil. Və Azərbaycan tərəfi kiminsə torpaqlarını işğal etməyib. İşğal altında olan torpaqlar Azərbaycan torpaqlarıdır ki, Ermənistan tərəfindən işğal edilib. Nə vaxta qədər ki, Ermənistan tərəfi işğalçılıq siyasəti həyata keçirəcək o vaxta qədər də erməni analarının gözü yaşlı qalacaq.

Xüsusilə aprel döyüşlərinin başlamasına səbəb Ermənistan tərəfinin təxribata əl atması nəticəsində olub. Bir sözlə, bütün bu hadisələr onu göstərir ki, Anna Akopyanın müraciət edəcəyi şəxs N.Paşinyan olmalıdır, Azərbaycan anaları deyil”.

Şəymən