Televiziya aparıcılarının ən çox tənqid olunan tərəflərindən biri efirə hazırlıqsız çıxmalarıdır
Aparıcı efirə hakim olmalıdır
O, televiziyanın bütün yaradıcı peşələrini öyrənməlidir
Televiziya aparıcılarının ən çox tənqid olunan tərəflərindən biri efirə hazırlıqsız çıxmalarıdır
Televiziya aparıcılarının ən çox tənqid olunan tərəflərindən biri efirə hazırlıqsız çıxmalarıdır
(əvvəli ötən sayımızda)
Uzun müddətdir, Azərbaycan telekanallarında mövcud olan nöqsanlar, məxsusi olaraq aparıcıların intellektual potensialı və dünya görüşünün qənaətbəxş olmaması, Azərbaycan dilinin ədəbi normalarına riayət etməmələri, nəhayət, qeyri-peşəkar və qeyri-etik davranışları ictimaiyyətdə haqlı narazılıqlara səbəb olub. Məlum vəziyyətlə bağlı günahı televiziya rəhbərliyində axtaranlar az olmasa da, əksəriyyət bu cür neqativ halların səbəbini aparıcıların savadsızlığı və təcrübəsizliyi ilə əlaqələndirir.
Qeyd edək ki, qəzet jurnalistindən fərqli olaraq telejurnalistin materialı kollektiv əməyin məhsuludur. Bu məhsulun hazırlanmasında jurnalistin, rejissorun, operatorun və bir çox digər əməkdaşın birgə əməyi var. Bu sırada teleaparıcının rolunu xüsusi qeyd etmək lazımdır.
Televiziyanın sürətli inkişaf prosesində diktor peşəsindən aparıcılığa keçid xeyli dərəcədə ləng baş verib. Xüsusilə kommunist ideoloji maşını rolunu oynayan və dəmir senzura şəraitində fəaliyyət göstərən sovet televiziyasında hakimiyyət birmənalı olaraq jurnalist mətninə heç bir əlavə etmək ixtiyarı olmayan diktor institutuna etibar edib. Qərb teleməkanında çoxdan formalaşmış teleaparıcı peşəsi postsovet televiziya məkanına yalnız sovetlərin studiyasından sonra ayaq açıb. Deməli, aparıcı demokratik dövrün doğurduğu faktdır. Aparıcı anlayışı televiziya jurnalistikasında bir çox proqramı təqdim edən jurnalisti nəzərdə tutur.
Aparıcının dili, üslubu səlis, anlaşılan olmalıdır. Televiziyada xəbərlər, tok-şou və s. proqramların aparıcıları var. Bu sırada ən ciddi və məsuliyyətli yerlərdən birini xəbər proqramlarının aparıcısı tutur. Aparıcılar isə cəmiyyətdə tanınan, ictimai rəydə olan peşəkar kimi tanınan jurnalistlərdən seçilməlidir. Televiziyada hər bir proqramın xüsusi tamaşaçı auditoriyası olduğu halda, informasiya proqramlarına sosial təbəqələrin hamısının marağı var. Xəbər aparıcısı informasiya proqramının efir sahibidir. Prioritet xəbərin müəyyən edilməsindən tutmuş xəbərarası anons və təqdimatlara qədər hər şeyə cavabdehlik daşıyır.
Bəs, mütəxəssislər hazırkı mərhələdə televiziya aparıcılarının peşəkarlıq səviyyəsini necə dəyərləndirir? Ümumiyyətlə, teleaparıcı hansı meyarlara cavab verməlidir?
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru, media eksperti Qulu Məhərrəmli aparıcının televiziya mühitindən keçməsinin vacib olduğunu deyib: "O, televiziyanın bütün yaradıcı peşələrini öyrənməlidir. Ən aşağı funksiyalarını belə bilməlidir. Yaradıcılıq mərhələlərindən də keçməlidir. Yəni mövzunu götürüb işləyib, onu müəyyən bir mərhələyə gətirənədək olan bir prosesi anlamalı və duymalıdır. Təəssüf ki, bizdə bu prosesə çox səthi baxırlar. Məsələn, şou aparıcıları var ki, onları jurnalist adlandırmaq düzgün deyil. Çünki onların məqsədi izləyicini maarifləndirmək deyil, əyləndirməkdir. Amma bütövlükdə aparıcı anlayışı, yəni məlumatlandırma ilə bağlı olan sahə çox ciddi məsuliyyət tələb edir. Dediyim mərhələləri keçməyəndə aparıcılarla bağlı davamlı problemlər olur. Bir çox televiziyalarda tanıdığımız, üzdə olan aparıcılar var. Bunlar televiziyanın yaradıcılığını bəzən yanlış anlayırlar və özlərini istədikləri kimi aparırlar. Onlar özlərini efirin sahibi hiss edir və elə bilirlər ki, istədikləri kimi danışa bilərlər, məsuliyyətdən uzaqdırlar. Ümumiyyətlə, bu bizim televiziyalarımızın ən ciddi problemlərindəndir. Aparıcı həm də müəyyən mənada televiziyanı təmsil edir. Bu təmsilçilik onda məsuliyyət yaratmalıdır. Aparıcılar iki yerə bölünür: şou verilişinin aparıcıları - bunlar əsasən mətnsiz verilişlərdir və yüngül janrlardır. Bir də var ki, ciddi jurnalistika məhsulu olan verilişlər. Bax, bunların aparıcılarına xüsusi tələblə yanaşmaq lazımdır”.
Q.Məhərrəmli aparıcının təhsildən də əvvəl dünya görüşünün olmasının vacib olduğunu hesab edir: "Aparıcının diplomu olmaya bilər, amma dünya görüşü, səviyyəsi mütləq olmalıdır. Biz şou aparıcılarından elə bir şey gözləmirik. Yəni onlar özlərini daha çox sərbəst ifadə edirlər. Təəssüf ki, tamaşaçıların istəyi, zövqü də artıq bu mərhələyə gəlib çatıb. Hətta aparıcının müəyyən məsələdə səhv etməsi, normadan kənara çıxması şou kimi qəbul edilir. Hesab edirəm ki, tamaşaçını buna biz alışdırmışıq və bu bizi fəlakətə doğru aparan bir hadisədir”.
Sosioloq-jurnalist Lalə Mehralı da "İnsanı geyiminə görə qarşılayıb, danışığına görə yola salırlar” məsəlini xatırladıb və Azərbaycanın efir məkanını onunla müqayisə edib: "Efirdəki aparıcı ən birinci göz oxşamalıdır - geyimi, saç düzümü, makiyajı, hərəkətləri ilə. Bu onun nitqindən əvvəl gördüyümüz özəllikləridir. Dağınıq saçlı, ifrat makiyajlı biri tamaşaçıda ya təəssüf, ya da narahatlıq yaradacaq. Bu cür aparıcı üstəlik nitqi qüsurlu, danışığı bərbaddırsa, heç qəbul edilmir”.
L.Mehralı bu gün efirlərimizdə normal danışığı olan aparıcıların sayının barmaqla sayılacaq qədər az olduğunu deyib. Onun sözlərinə görə, ictimaiyyətdə populyar olan aparıcıların əksəriyyəti nitq qüsurludur: "Bəzisi "c”, "ç”, "s”, "r” hərflərini düzgün tələffüz etmir, bəzisinin ağız və dil quruluşu efir üçün yetərli deyil, bəziləri də burnunda danışır. Xüsusilə gənc aparıcılarda bu çox hiss edilir. Vüsalə Kərimova, Lalə Azərtaş kimi səlis, dəqiq, sərrast danışan aparıcılarımız çox azdır. Günay Novruzqızı vardı, indi efirlərdən uzaqlaşıb, onun da çox gözəl diksiya və intonasiyası var.
Aparıcı var, indiki zamana aid hadisəni nəql edir, amma keçmiş zamanla danışır - edəcəkdi, gələcəkdi. Aparıcı da var ki, sözönü, şəkilçi, bağlayıcı anlayışından xəbəri yoxdur. Efirdə ləhcə ilə danışırlar. Hansı aparıcının hansı bölgədən olduğunu danışığından bilmək olur. Aparıcılarımız vəziyyətdən çıxış yolunu bilmirlər. Efirdə suflyordan xəbər, məlumat oxuyur, texniki nasazlıq baş verir, suflyor işləmir, aparıcı qalır pis vəziyyətdə, çaşır, özünü itirir. Çünki mətni ordan oxumağa o qədər aludə olur ki, nasazlıq anına hazır olmur. O mətn eyni zamanda onun önündəki vərəqlərdə də var, həm önündəki kağızdan, həm də suflyordan eyni anda istifadə etmək bacarığı yoxdur. Bunlar bir aparıcı üçün mənfilərdir, o mənfilər onun peşəkarlığına da xələl gətirir”.
Yaş məsələsinə gəldikdə isə Lalə xanım təcrübənin önəmli faktor olduğunu deyib: "Siyasi şərhləri, analitik proqramları 22-25 yaşında gənclər təqdim edir. Axı onun yaşı dünyadakı siyasi gedişatı, qlobal oyunları analiz etmək üçün yetərli deyil. Nə qədər savadlı biri olsa da, yaş məsələsi mühüm faktordur bu məsələdə. Aparıcı efirdə əlini-qolunu ölçərək tamaşaçıya dərs keçməyə cəhd edir, hökmlü səslə proqnoz və ya şərh verir. Bədən dili, jest və mimika bir aparıcı üçün mühüm xüsusiyyətlərdir, amma qədərində. Əndazədən çıxmış hərəkətlər, jest və mimika tamaşaçını qıcıqlandırır. Əvvəllər Xəzər TV-nin aparıcılarında çox müşahidə edilirdi bu, efirimizə yenilik gətirmək üçün edilirdi bəlli ki, amma çox bayağı görünürdü. Tamaşaçıların iradından sonra qismən yığışdırdılar. Bu kimi çox şeyi qeyd etmək olar, amma inanmıram ki, nəticəsi olacaq. Aparıcılar tənqidə dözümlü deyil, haqlarında bir kəlmə yazan kimi hay-küylə, təhqirlə cavab verirlər. Heç kim əvəzedilməz deyil, heç kim qüsursuz da deyil, əvvəlcə gərək bunu anlasınlar. İşlərini yaxşı yerinə yetirmək üçün tənqidə açıq olmaları şərtdir”.
"Tamaşaçının rəğbətini qazanmaq üçün televiziya aparıcısı necə olmalı, hansı xüsusiyyətlərə sahib olmalıdır” sualına cavab olaraq ASAN Radionun aparıcısı, diksiya mütəxəssisi Cəlalə Nəzəroğlu rəğbət məsələsinin ilk növbədə şəxsiyyətə aid keyfiyyət olduğunu qeyd edib. Onun sözlərinə görə, peşəsindən asılı olmayaraq, xarakteri, davranışları, yanaşmaları ilə insanlar rəğbət qazanmağa çalışmalıdırlar. Əks halda, onları ciddi qəbul etmir, etimad göstərmirlər:
"Aparıcılar da bu mənada xüsusi maraq göstərilən şəxslərdir. Bir aparıcı azdan-çoxdan tanınırsa, artıq onun fəaliyyəti izlənilir. Xüsusilə də sosial şəbəkələrdə yaradılan fikir çox önəmlidir. Təsəvvür edin, hər zaman pencəkdə, ciddi görkəmdə görünən xanım xəbər aparıcısı həddindən artıq açıq-saçıq paltarda şəkil paylaşır. Bu, onun reputasiyasına zərbə vuracaq. Əlbəttə, əyləncə, geyim, həyat tərzi hər kəsin şəxsi işidir. Amma reputasiya istəyirsənsə, həyatını ictimailəşdirməkdən də çəkinməlisən”.
Cəlalə xanımın qənaətincə, televiziya aparıcılarının ən çox tənqid olunan tərəflərindən biri efirə hazırlıqsız çıxmalarıdır. Redaktorun verdiyi tezislər, suallar normal ola bilər. Amma aparıcı özü mövzunu heç kimə arxayın olmadan araşdırmalı, qonağını yaxşı tanımalı, sualdan sual yaratmağı bacarmalıdır. Bəzən aparıcı növbəti sualı ünvanlayanda qonaq deyir ki, bunu az öncə cavablandırdım. Deməli, aparıcı efirə hakim deyil, hətta qonağını dinləmir: "Digər vacib məsələ aparıcıların nitqidir. Vaxtaşırı olaraq monitorinqlər aparılır, onların qüsurları ilə bağlı təhlillərin nəticələri açıqlanır. Bəzən tələm-tələsik efirə çıxarılan aparıcılar özlərinə tənqidi yanaşmağı bacarmırlar və "Artıq efirdəyəmsə, deməli, hər şey qaydasındadır” yanaşmasında olurlar. Bir problemi həll etmək üçün əvvəlcə onun varlığından xəbərdar olmaq lazımdır. Bir dəfə mən həmkarlarımdan birinə onun "ç” və "c” səslərini qıcıqlandırıcı dediyini, ləhcə elementlərindən istifadə etdiyini bildirdim. Çox təəccüblənmişdi, çünki indiyə kimi ona bu barədə heç kim, heç nə deməmişdi. Həmkarım ona tətbiq etdiyim bir neçə məşqdən sonra bu xoşagəlməz məsələni dərhal aradan qaldırdı”.
Mütəxəssis hesab edir ki, aparıcıların yetişdirilməsi üçün ciddi, konkret mərkəz yaradılmalı, orada peşəkar insanlar çalışmalıdırlar. "Əminəm ki, bütün həmkarlarımız və ya bu peşəyə sahib olmaq arzusunda olanlar öz üzərində işləməyi çox istəyirlər”.
C.Nəzəroğlu hesab edir ki, televiziyada vizuallıq, əlbəttə, çox önəmlidir. Tamaşaçı informasiyanı güvəndiyi şəxsdən almaq istəyir. Yaş yox, neçə yaşda görünmək önəmlidir:
"Çox gənc görünən, üz cizgiləri uşaq məsumluğunu xatırladan, utancaq görünən aparıcı tamaşaçıda ciddi təəssürat yarada bilmir. Uzun illər türklərin rəhbərlik etdiyi televiziyada işlədiyim üçün bununla bağlı Türkiyə təcrübəsinə daha yaxından bələdəm və sizinlə paylaşa bilərəm. Ola bilər ki, aparıcının yaşı azdır, əgər o, peşəkar qrimdən sonra kifayət qədər ciddi, sanballı görünürdüsə, digər göstəriciləri də uyğun olurdusa, efirə buraxılırdı. Mən "Xəzər Xəbər”də efirə çıxanda cəmi 23 yaşım vardı. Efirdə həyatdakından 7-8 yaş böyük görünürdüm, üz cizgilərim peşəkar qrimçilər tərəfindən xeyli dəyişdirilirdi.
Televiziya aparıcıları, xüsusilə də xəbərlə işləyənlərin saç düzümü, makiyajı tamaşaçıların müzakirə etdiyi məsələlərdəndir. Bəzən xəbər oxuyan xanımın ziyafətə gedirmiş kimi bayağı saç düzümü və ya tünd, itələyici boyalardan istifadə edilmiş makiyajı arzuolunmaz vəziyyət yaradır. Onun oxuduğu xəbərdən daha çox görkəmi yadda qalır və etimadı azaldır. Televiziyalarda qadın gözəllik mərkəzlərindən dəvət olunan deyil, televiziya qrimi ilə bağlı təlim keçən, xarici ölkələrdə seminar və treninqlərdə işləyənlər çalışmalıdır”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb