Aparıcı televiziyanın simasıdır
Dünyanın əksər ölkələrində aparıcıları tamaşaçı özü onlayn səsvermə yolu ilə seçir
Uzun müddətdir, Azərbaycan telekanallarında mövcud olan nöqsanlar, məxsusi olaraq aparıcıların intellektual potensialı və dünya görüşünün qənaətbəxş olmaması, Azərbaycan dilinin ədəbi normalarına riayət etməmələri, nəhayət, qeyri-peşəkar və qeyri-etik davranışları ictimaiyyətdə haqlı narazılıqlara səbəb olub. Məlum vəziyyətlə bağlı günahı televiziya rəhbərliyində axtaranlar az olmasa da, əksəriyyət bu cür neqativ halların səbəbini aparıcıların savadsızlığı və təcrübəsizliyi ilə əlaqələndirir.
Qeyd edək ki, qəzet jurnalistindən fərqli olaraq telejurnalistin materialı kollektiv əməyin məhsuludur. Bu məhsulun hazırlanmasında jurnalistin, rejissorun, operatorun və bir çox digər əməkdaşın birgə əməyi var. Bu sırada teleaparıcının rolunu xüsusi qeyd etmək lazımdır.
Televiziyanın sürətli inkişaf prosesində diktor peşəsindən aparıcılığa keçid xeyli dərəcədə ləng baş verib. Xüsusilə kommunist ideoloji maşını rolunu oynayan və dəmir senzura şəraitində fəaliyyət göstərən sovet televiziyasında hakimiyyət birmənalı olaraq jurnalist mətninə heç bir əlavə etmək ixtiyarı olmayan diktor institutuna etibar edib. Qərb teleməkanında çoxdan formalaşmış teleaparıcı peşəsi postsovet televiziya məkanına yalnız sovetlərin studiyasından sonra ayaq açıb. Deməli, aparıcı demokratik dövrün doğurduğu faktdır. Aparıcı anlayışı televiziya jurnalistikasında bir çox proqramı təqdim edən jurnalisti nəzərdə tutur.
Aparıcının dili, üslubu səlis, anlaşılan olmalıdır. Televiziyada xəbərlər, tok-şou və s. proqramların aparıcıları var. Bu sırada ən ciddi və məsuliyyətli yerlərdən birini xəbər proqramlarının aparıcısı tutur. Aparıcılar isə cəmiyyətdə tanınan, ictimai rəydə olan peşəkar kimi tanınan jurnalistlərdən seçilməlidir. Televiziyada hər bir proqramın xüsusi tamaşaçı auditoriyası olduğu halda, informasiya proqramlarına sosial təbəqələrin hamısının marağı var. Xəbər aparıcısı informasiya proqramının efir sahibidir. Prioritet xəbərin müəyyən edilməsindən tutmuş xəbərarası anons və təqdimatlara qədər hər şeyə cavabdehlik daşıyır.
Bəs, mütəxəssislər hazırkı mərhələdə televiziya aparıcılarının peşəkarlıq səviyyəsini necə dəyərləndirir? Ümumiyyətlə, teleaparıcı hansı meyarlara cavab verməlidir?
Media eksperti Zeynal Məmmədlinin sözlərinə görə, dəyərləndirmə zamanı jurnalist verilişləri ilə qeyri-jurnalist verilişlərini eyniləşdirmək olmaz, onları ayırmaq lazımdır: "Jurnalist verilişlərini aparanların adətən reportyor, ekran təcrübəsi olur və bunlardan formalaşır. Qeyri-jurnalist verilişlərinin isə üç prinsipi var: birinci prinsip prodüser komandasıdır. Prodüser aparıcı olacaq şəxsin xarizmasına, hazırlığına görə özü məsuldur, nəinki aparıcı. İkinci prinsipdə isə adətən müxtəlif aparıcılarla bağlı fraqmentlər göstərirlər. İzləyicilərdə kimə daha çox reytinq verirlərsə, kanal onu aparıcı edir. Dünyanın əksər televiziyaları bu üsuldan geniş istifadə edir. Hətta reportyorları da bu cür seçirlər. Yəni dünya ölkələrində aparıcıları tamaşaçı özü onlayn səsvermə yolu ilə seçir. Çünki hər bir aparıcı verilişin simasıdır və buna görə də kifayət qədər əməkhaqqı alır. Hətta aparıcı prodüserdən də çox əməkhaqqı alır. Amma elə vaxt olur ki, veriliş elə aparıcının öz verilişi olur, yəni müəllif verilişi. Bunlarda da birinci kriteriya odur ki, aparıcı xoşagəlimli və bəyənilən bir tip olmalıdır. Başqa riskli tip var ki, o bəyənilmir, amma baxılır. Bu adam mübahisə qaynağı olur. İzləyənlər söyür, amma yenə də baxır. Bu aparıcının kadrda hazırlığı, kamera qarşısında özünü necə aparması, müsahiblərlə özünü necə aparması, özünü ifadə, ünsiyyət qabiliyyəti verilişin tipinə, mövzusuna görə ciddi şəkildə nəzərə alınır və həmin aparıcı müəyyən bir konkursdan keçir. Aparıcılıq üçün hazırlıq kursları olur və burada onlara mütəxəssislər dərs deyir. Daha sonra praktikada bunları sınayırlar. Sınanandan sonra kim bəyənilirsə, onun reklam kampaniyasına başlayırlar”.
Televiziyaların öz siyasətindən çox şeyin asılı olduğunu deyən Z.Məmmədli o sırada kanalların yüksək səviyyədə fəaliyyətini bu kanalların müstəqillik dərəcəsi ilə bağlayır: "
Maraqlıdır ki, televiziyaların öz proqram siyasətini müstəqil şəkildə tərtib etmək imkanı varmı? Aparıcı sistemində müstəqillik nə dərəcədədir? Televiziyalarda menecmentlik problemləri də çoxdur. Aparıcının danışığına, hazırlığına, seçim azadlığına bütövlükdə media, söz azadlığının məhdud olması da təsir edir. Belə deyək ki, xarici ölkələrin aparıcıları dəlləkliyi ilk olaraq müqəvvanın başında öyrənir, Azərbaycanda isə aparıcılar birbaşa insanın başında öyrənirlər”.
Jurnalist Jalə Mütəllimova isə hesab edir ki, tamaşaçının rəğbətini qazanmaq üçün teleaparıcının xarici görünüşü ilk baxışdan önəmlidir. Bir növ görünüşə görə qarşılamaq məsələsidir bu. Sonra baxır ki o nədən və necə danışacaq: "Mənim təsəvvürümdəki tamaşaçı həm intellekt, həm ağıl, həm də zövq tələb edir. Təbii ki, aparıcı həm də persona olmalıdır. Yəni onun dediyi insanları istiqamətləndirirsə, deməli, həm də inandırmalıdır. Buna görə telekanalların üzərinə xeyli yük düşür. Az olsalar da, bu gün uğurlu aparıcılar var. Bir də o kateqoriya var ki, kütləyə işləyir. Onları zaman özü sıradan çıxaracaq. Olduqları qədər populyar olmayacaqlar zamanla”.
İnformasiyanın inandırıcılığı üçün yaş faktorunun önəminə toxunan Jalə xanım hesab edir ki, Müdafiə Nazirliyi və ya DİN-in xəbərini istənilən yaş kateqoriyasından olan xəbər moderatoru oxuya bilər. Bu məsələdə yaş faktorunun heç bir önəmi yoxdur.
Yeni efirə çıxan aparıcıların bir çoxunun televiziyadan tramplin kimi istifadə etməsi ilə bağlı iddialara gəldikdə isə J.Mütəllimova deyib ki, dünyanın bir sıra ölkələrində indinin özündə belə teleaparıcılar ən müxtəlif yaş kateqoriyasında olur: "Bizdə məsələnin niyə bu qədər qabarıq görünməsi və xoş təəssürat yaratmadığına gəlincə, deyim. Peşəkarlıq səviyyəsi oldu olmadı, hər kəsə media məkanına girməyə icazə var. Bu məsələdə məhdudiyyətlər yoxdur. Qaldı ki, belə hallara peşəkarlar arasında da rast gəlinir, doğrudur, bu da var, amma həm də ona görə var ki, jurnalistin bu gün qazandığı pul, aldığı məvacib nəinki ailəsini, heç özünü də dolandırmaq üçün yetərli deyil. Bu ənənədən xilasın yeganə yolu daha səviyyəli media qurumları yaratmaq, olanları möhkəmləndirmək və junalistin maddi durumunu yaxşılaşdıracaq qədər mavacib verilməsini təmin etmək lazımdır. Təəssüflər olsun ki, bu gün Azərbaycanda gerçək qazancı ilə yaşaya bilən jurnalist yoxdur”.
"Azadinform” informasiya agentliyinin baş redaktorunun müavini Elçin Bayramlı isə hesab edir ki, aparıcılığa birmənalı yanaşmaq olmaz. Burda 2 fərqli tərəf var. Biri var diktor aparıcı - bu, konkret hazır mətni oxumaq işidir.
Burada əsas tələblər düzgün diksiya, normal səs tonu, normal xarici görünüş və təmiz tələffüzdür. Belə diktor aparıcılar əvvəllər çox idi, indi isə çox azdır.
Bir də var sərbəst aparıcılar. Sərbəst aparıcılıq də 2 hissəyə bölünür. Peşəkar jurnalist aparıcılığı və şou tipli verilişlərin aparıcılığı. Birinci, peşəkar aparıcılıqdır. Digərinin jurnalistikaya dəxli yoxdur. Müğənnidən tutmuş bar diceyinə qədər kimi istəsən çıxarırlar efirə və ağzına gələni əcaib səslə danışıb özünü və TV-ni hörmətdən salır.
E.Bayramlının sözlərinə görə, jurnalist aparıcılar əsasən ciddi mövzularda (ictimai, siyasi, sosial, iqtisadi və s.) müəllif verilişləri aparır ki, burada da yuxarıda dediklərimdən əlavə peşəkarlıq, geniş dünyagörüşü və yüksək savad da lazımdır.
Təəssüflə deməliyəm ki, bugünkü aparıcıların böyük əksəriyyəti bu iş üçün qətiyyən yaramır, hətta nəinki yaramır, tam əks vəziyyətdədir.
Müsahibimiz hesab edir ki, çox gənc aparıcının efirdə özündən yaşlı auditoriyaya ağıl öyrətməsi, nəsihət verməsi gülünc görünür. Aparıcılıq eksperimental yeniyetmə yaradıcılığı institutu deyil. Yaşı, dünyagörüşü, savadı, həyat təcrübəsi çox olan insanların sözləri tamaşaçıya daha xoş gəlir, nəinki ağzından süd iyi gələn uşağın. Sadəcə yaşlı, təcrübəli adamı qəpik-quruşa işlətmək olmur axı, gəncləri isə olur.
Bizdə aparıcılığa reklam kimi baxıb o yeri satırlar. Məsələn, özünü reklam etmək istəyən qadınlardan pul alıb hava proqnozuna çıxarırlar, onlar da əzilib-büzülərək yarım saata balaca ölkənin metereoloji proqnozunu deyir. Halbuki, adi qrafika ilə bunu aparıcısız 1 dəqiqəyə etmək olar. Tamaşaçını o qızın uzun ayaqları, mini yubkası maraqlandırmır, hava proqnozu maraqlandırır.
Ya da müğənnidən pul alıb veriliş aparıcılığı verirlər ki, tanınsın, toya, tədbirlərə çox çağırsınlar. Bunlar jurnalist deyil, aparıcıdır. Əslində heç aparıcı da deyil.
Bəli, bir çoxları da TV-dən tramplin kimi istifadə edir, bir az tanınır və bundan hansısa vəzifəyə keçmək, biznes qurmaq üçün istifadə edir.
E.Bayramlı deyib ki, TV-lər aparıcı seçərkən peşəkarlığa, savada, xüsusi qabiliyyətə fikir vermirlər, nəsə naməlum başqa şərtlərə üstünlük verirlər ki, bu haqda da müxtəlif şayiələr gəzir. Nəticədə özünə hörmət edən intellektual tamaşaçı belə verilişlərə, ümumiyyətlə, özəl kanallara baxmır: "Bununla da ölkə telekanında tamaşaçı auditoriyası itirilir və bu auditoriya xarici kanalların təsirində qalır. Bu isə çox pis, hətta təhlükəli bir tendensiyadır. Bu barədə dəfələrlə yazıb və danışmışam.
Aparıcılıq institutu yalnız AzTV və Mədəniyyət kanallarında var. Onlarda sırf dediyim tələblərə cavab verən aparıcılar seçilir. Hər başdan xarab, savadsız küçə uşağının TV-də nə işi var ki, ağzına gələni, eybəcər səslə efirdən ölkəyə səpələsin.
Bizim telemenecerlərin bu biabırçılığa son qoyacağına inanmıram. Mən başa düşürəm, bunlar kommersiya kanallarıdır. Pul qazanmaq üçün çalışırlar. Lakin pul qazanmaq naminə tamaşaçı zövqünü korlamaq, efir etikasını arxaya atmaq, cəmiyyətə pis nümunələr təbliğ etmək, mənəvi dəyərlərə tüpürmək olmaz. Ümid edirəm ki, MTRŞ nəhayət, bu rəzaləti aradan qaldırmaq üçün hərəkətə keçəcək”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb