"Aprel döyüşləri Ermənistan ordusunda məğlubiyyət sindromunu formalaşdırdı" - Sabiq müşavir

Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən Prezident İlham Əliyev aprel döyüşlərinin önəminə toxunub və bu əməliyyatların böyük hərbi qələbə kimi dəyərləndirib. Prezident deyib ki, işğal edilmiş torpaqlarımızın bir hissəsinin iki il bundan əvvəl işğalçılardan azad edilməsi, o torpaqlarda Azərbaycan bayrağının qaldırılması kriminal rejimə çox böyük zərbə olub: "O vaxtdan bu günə qədər o ölkənin güclü olmayan dayaqları daha da laxlayaraq sıradan çıxıb. Yəni, bu, bizim qonşuluğumuzda baş vermiş hadisələrdir. Əlbəttə, hesab edirəm ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb. Bir çox amillər bunu deməyə əsas verir. İlk növbədə, bizim artan gücümüz, potensialımız, iqtisadi, hərbi, siyasi gücümüz, beynəlxalq mövqelərimiz bunu deməyə əsas verir. Biz bu istiqamətdə öz ardıcıl siyasətimizi davam etdirəcəyik".
Politoloqlar da o fikirdədir ki, Azərbaycanın aprel döyüşlərində Ermənistan üzərində əzici üstünlük qazanması, regionda hərbi balansı öz xeyrinə dəyişərək, torpaqlarını güc yolu ilə qaytarılmasını daima gündəlikdə saxlaması işğalçı rejimi ciddi şəkildə narahat edir. Cənubi Qafqazda Azərbaycanın mövqeyinin möhkəmlənməsi, Ermənistanın getdikcə siyasi-iqtisadi geriliyi ölkəmizin işğalçılar üzərində həm diplomatik, həm də hərbi üstünlüyünü şərtləndirir.
Politoloq, sabiq müşavir Qabil Hüseynli də "Sherg.az”a açıqlamasında 2016-cı ilin aprel döyüşlərinin Azərbaycan ordusunun gücünü və qüdrətini göstərdiyini deyib:
 "Aprel döyüşlərindən çox illər əvvəl Horadiz əməliyyatları keçirilmişdi. Bildiyiniz kimi 1994-cü ilin yanvarın əvvəllərində həyata keçirilən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı nəticəsində qısa müddətdə 21 min hektar ərazi - Füzuli rayonunun bir çox kəndi işğaldan azad edilib. Öz əzəmətinə, erməni ordusunun canına saldığı lərzəyə, Azərbaycan ordusunun qələbə əzmini özünə qaytardığına görə, aprel döyüşləri hərb tariximizin ən parlaq səhifələrindən hesab olunur. Azərbaycan xalqının hər zaman qürurla xatırlayacağı bu döyüş əməliyyatları Azərbaycan ordusunun döyüş potensialını ermənilərə göstərdi”.
Politoloq bildirib ki, aprel döyüşləri Ermənistan ordusunda məğlubiyyət sindromunu formalaşdırdı:
 " Ordumuz Tərtər istiqamətində 15 km-ə qədər ermənilərin içərisinə qədər irəlilədi. Üstəlik Azərbaycanın işğal edilmiş ərazilərinin 2000 kvadrat kilometrdən çox hissəsi, 12-dək strateji yüksəlik azad edildi. Məhz buna görə, indinin özündə də ermənilər Talış kəndinə burnunu soxa bilmir.
Bu döyüşlərdə Azərbaycan ordusu çox ciddi döyüş təcrübəsi əldə etdi, erməni əsgərləri isə yaxşı bir qulaqburması aldı. Onlar yuxularında belə sahib olmayacaqları qədər döyüş texnikası gördülər. Zərbənin haradan gəlməsini hesablaya bilməyən erməni əsgərləri vahimə içərisində başlarını götürüb döyüş meydançasından qaçırdılar”.
İki il bundan əvvəl həyata keçirilən hərbi əməliyyatlar zamanı ordunun yenidən qurulma mərhələsinə daxil olduğunu vurğulayan politoloq əlavə edib ki, bu döyüş müxtəlif əməliyyatlar tərəfindən dayandırılmasa idi, Azərbaycan ordusu indi öz ərazi bütövlüyünü tam şəkildə bərpa etmişdi. Döyüşlərdə sağ qalan işğalçı ermənilər də dovşan kimi qaçıb gizlənmişdilər.
Şəymən