Arif Quliyev: “İnformasiya enerjiyə və istehlak dəyərinə malik olmalıdır”
Bütün dövrlərdə informasiya yaşamağa, həyat uğrunda mübarizə aparmağa yardımçı olub. İnformasiyasız həyatı təsəvvür etmək belə çətindir. İntensiv informasiyalaşan çağdaş dünyamızda isə informasiyanın rolu daha da artmış, inkişafın, tərəqqinin atributuna çevrilmişdir. Hazırda informasiyaları daha çevik və geniş miqyasda yayan çoxsaylı informasiya vasitələri mövcuddur. Jurnalist informasiyalarının yayımlanmasının əsas gücü isə KİV-lərin üzərinə düşür.
Bəs, çağdaş informasiya məkanında KİV-lərin yaydığı informasiyalar necə olmalıdır? Bu suala cavab verərkən öncə informasiyanın təbiətinə nəzər salmağın vacib olduğunu vurğulayan jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Akademik Yusif Məmmədəliyev adına mükafat”ın laureatı Arif Quliyev dedi:
- Elə informasiyalar vardır ki, insanların şüuruna təsir edərək onların şəxsi fəlsəfəsini formalaşdırır. Bu fəlsəfə isə həmin şəxslərin gələcək fəaliyyətini istiqamətləndirir. Bəzi informasiyalar da birbaşa yeni hadisələrə, fəaliyyətlərə rəvac verir. Hər iki halda informasiya əmtəədir.
İnformasiya əmtəənin xüsusi növüdür. Əmtəənin bu növü tələbatı dəfələrlə ödəyərək heç bir aşınmaya məruz qalmır, konkret maddi daşıyıcıda təsbit oluna bilir və qeyri maddiliyini də saxlayır. Zamana görə informasiyanın istehlak xüsusiyyətləri, istehlak dəyəri dəyişə bilir.
İnformasiyaya maddi məhsulların bütün xüsusiyyətlərini şamil etmək doğru olmasa da, onlar dəyərə və istehlak dəyərinə malikdirlər.
Digər tərəfdən informasiya müəyyən güc və enerji daşıyır. İnformasiyanın kiçik enerjisi kifayət qədər böyük gücü oyada bilir (bu neytronların təsiri ilə nüvənin parçalanması nəticəsində ayrılan enerjiyə bənzəyir).
İnformasiyanın enerjisinin həcmini şərtləndirən amillər kifayət qədər çoxdur.
İnformasiyanın mühüm, faydalı, əhəmiyyətli olması onun yayıldığı məkanda əhalinin mentaliteti, intellektual səviyyəsi, sosial vəziyyəti, hətta toplumun sayından və s. asılı olur.
Enerji çevrilmələri zamanı yeni-yeni hadisələr baş verir. İnformasiyalar isə həm yeni hadisələrdən qaynaqlanır, həm də yeni hadisələr törədirlər.
İnformasiya enerji daşımırsa və əmtəə xüsusiyyətlərinə malik deyilsə o, boş, mənasız bir şeydir və onu dəyərli informasiya hesab etmək olmaz.
Deyilənləri nəzərə alaraq bu qənaətə gəlmək olar ki, enerjiyə və əmtəə keyfiyyətinə malik olmayan informasiyaların KİV-lərdə yayımlanması, tirajlanması cəmiyyətimizə heç bir xeyir vermir. Əksinə, boş, mənasız müzakirələr, bayağı çal-çağırlar, gərəksiz yazı-pozular millətin şüurunu zibilləyir.
KİV-lərin rentabelli olması onların ölkəmizin tərəqqisi, xalqımızın xoşbəxt gələcəyi naminə fəaliyyət göstərməsindən çox asılıdır. Bu yöndə KİV-lərin rolunun artırılması və onların çoxfunksiyalı bir quruma çevrilməsi üçün yayılan informasiyaların keyfiyyəti yaxşılığa doğru dəyişməlidir.
- Bəs, KİV-lərin çoxfunksiyalı bir vasitəyə çevrilməsinin zəruriliyi barədə nə deyə bilərsiniz?
- Media dövlət, hökumət qurumlarının, həmçinin özəl sektorun fəaliyyətinə ictimai nəzarəti təşkil edə bilər. Bu imkandan yararlanmaq bütövlükdə ölkəmiz, dövlətimiz üçün çox fayda verərdi.
KİV-lər istehsalçı ilə istehlakçı arasında əlaqə yaratmaq, bilik və bacarıqları, ideyaları ötürmək, qarşılıqlı anlaşma və əməkdaşlığa yardım etmək imkanına malikdir.
İnformasiyanın tam, operativ və obyektiv olması onun dəyərini və enerjisini artırır. Qeyri-obyektiv, qərəzli informasiyalar, yalan, şişirdilmiş məlumatlar bahalığa, geriliyə, münaqişələrə, məğlubiyyətə gətirib çıxarır. Bir çox ölkələrdə informasiya qıtlığı çox böyük itkilərə, bəzən də böyük faciələrə səbəb olmaqdadır.
KİV-lər ətrafımızda və bütün dünyada baş verən ən mühüm hadisələr barədə insanları məlumatlandırmağa borcludurlar. Bu yolla onlar KİV-lərin qarşısında qoyulan tələblərdən birinə - qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edirlər.
KİV-lərin təşkilatçılıq imkanları hüdudsuzdur. Ona görə də onlar müvafiq qurumlarla qarşılıqlı, faydalı əməkdaşlıq şəraitində dövlətin idarə olunmasına köməklik göstərməlidirlər.
Demokratik cəmiyyətlərdə KİV-lərin bir vəzifəsi də ictimai rəyi formalaşdırmaqdır. Bu prosesdə dövlət qurumları neqativ hallara dair informasiyalara ciddi və çevik reaksiya verərsə sözsüz ki, KİV-lərin nüfuzu da artar.
Ölkəmizdə sabitliyin təmin olunması KİV-lərin ən ümdə vəzifələrindən biri olmalıdır. Jurnalistlər bir vətəndaş kimi ilk növbədə Vətənin taleyini, xalqımızın rifahını və gələcəyini düşünməlidirlər.
- Bəs şou, əyləncə, istirahət?!
- Təhsil sahəsində interaktiv təlim metodları vardır. İstedadlı pedaqoqlar həmin metodlardan bəhrələnərək şagirdlərini oynada-oynada, əyləndirə-əyləndirə öyrədirlər.
Heç kim şouya "nou” demir. Amma burda da insanların mənəvi, estetik tərbiyəsi əsas götürülməlidir. Hər şeyi reklama qurban vermək olmaz. Amma çox qəribədir ki, bəzən satılmayan qəzetlərə, baxılmayan kanallara, proqramlara da reklam verirlər. İlk baxışda reklamı sifariş verənin problemi kimi diqqəti cəlb edən bu "möcüzə” çox ciddi araşdırma tələb edir. Güman edirəm ki, sağlam reklam mühiti medianın keyfiyyətini təbii şəkildə yüksəltməyə şərait yaradardı.
Şəymən