“Artıq kişilər də “dilə gəlib”

Mehriban Zeynalova: “Hər kişi özünə sığışdırmaz ki, qadın tərəfindən döyüldüyünü etiraf etsin”




Kişilər də məişət zorakılığına məruz qalır. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib. Şöbə müdiri qeyd edib ki, komitəyə qadınlarla yanaşı, kişilər də müraciət edir.

Müraciətlərin çox az - cəmi 2 faizi kişilər tərəfindəndir. Şöbə müdiri qeyd edib ki, komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə kişilər əsasən xəyanətlə bağlı müraciətlər edir, lakin qadınlar tərəfindən döyülmə faktları da mövcuddur. Belə müraciətlər az olduğu üçün onların statistikası aparılmır. E.Səfərov belə ailələrlə daim psixoloji iş aparıldığını, fərdi qovluqlar açıldığını və onlar barəsində məlumatlar toplandığını da deyib.

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da "Şərq”ə açıqlamasında kişilərin bəzən qadınlar tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirdi:

- Bizim təşkilata da belə müraciətlər daxil olur. Düzdür, onların sayı çox azdır. Azərbaycanda kişilərin qadınlar tərəfindən zorakılığa məruz qalması faktları narahatedici səviyyədə deyil. Bu da təbiidir. Bizdə adətən qadınlar kişilərin zorakılığına məruz qalır. Və bu tendensiyanın dəyişdiyini söyləmək üçün heç bir tutarlı əsas yoxdur. Amma bəli, kişilərin də qadınlar tərəfindən döyülməsi faktları mövcuddur. Belə hal əsasən qeyri-azərbaycanlı, ya da qarışıq etnik tərkibli ailələrdə baş verir. Və əsasən də içki aludəçisinin olduğu ailələrdə. Bəzən ailədə ya tək kişi, ya da ər və arvad hər ikisi içki aludəçisi olur. Bu halda ailədə qarşılıqlı zorakı davranışlar qeydə alınır. Yaxud da, etnik qruplu ailədə qadın kişinin davranışlarının ictimai normalara adekvat olmadığını gördükdə ona qarşı zor tətbiq etmək məcburiyyətində qalır. Məsələn, kişi alkoqol qəbul edib həyətdə, küçədə ədəbsiz davranırsa, sakinlərin rahatlığını pozursa, qadın müdaxilə edir. Kişini özünəməxsus şəkildə "ağıllandırmaq” istəyir. Bunu da kişi özünə qarşı zorakılıq hesab edir. Bilirik ki, sovet illərində əsasən rus ailələrində belə hallar baş verirdi. Bu da əsasən içki düşkünü ailələrdə olurdu. Rus ailələrinin də elit təbəqəyə mənsub olanları vardı və həmin ailələrdə belə hallar yaşanmırdı. Kişilərə qarşı zorakılıqda ailə tipləri əhəmiyyət daşıdığı kimi, bölgə, region da rol oynayır. Kimsə inciməsin, amma əsasən şimal bölgəsində belə hallar yaşanır. Biz özümüz həmin bölgədə səfərdə olarkən bunun şahidi olmuşuq. Belə hallar adətən assosial ailələrdə müşahidə edilir. Amma ümumilikdə götürdükdə, Azərbaycanda kişilərin qadınlar tərəfindən zorakılığa məruz qalması faktlarının artımı yoxdur. Azərbaycanda hətta ən güclü qadın da kişilərin üstünlüyünü qəbul edir. Söhbət həm fiziki güc, həm də iqtisadi cəhətdən azad olmaqdan gedir. İdmanın döyüş növləri ilə məşğul olan zəif cinsin nümayəndələri az deyil. Hansı qadın qolunun zorunu göstərmək üçün kişini döyüb?! Həmçinin ictimai həyatda aktiv, siyasi cəhətdən fəal, iqtisadi cəhətdən özünü tam təmin edən qadın üçün də kişinin ailə başçısı statusu dəyişməz qalır. Bu başqa məsələdir ki, bəzən qadın kişini özünə tabe etdirmək istəyir. Bu isə daha çox psixoloji zorakılığa aiddir. Elə ailələr var ki, qadın öz tələbləri ilə kişini bezdirir, hətta intihar həddinə çatdırılan kişilər də olur. Hesab edirəm ki, intihar faktları bu baxımdan ciddi araşdırma tələb edir. Çünki bəzən həqiqətən də ailə başçısı intihar həddinə çatdırıla bilir. Burada da sosial vəziyyət, iqtisadi durum, ailənin dolanışığını təmin edə bilməmək əsas səbəblərdir.

M.Zeynalova bildirdi ki, hazırda dövlət qurumları tərəfindən xüsusi proqramlar həyata keçirilir, qadınlarla yanaşı, kişilər də zorakılıq halları ilə bağlı məlumat verirlər:

- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə zorakılıqla bağlı kişilər tərəfindən 178 müraciət daxil olub. Belə görünür ki, artıq kişilər də "dilə gəlib”. Bəlkə də bu müraciətlərin bir çoxu hüquq-mühafizə orqanlarına edilir, onların vasitəsilə ictimailəşir. Çünki nə qədər zorakılığa məruz qalmış olsa da, kişinin etiraf etməsi asan deyil. Hər kişi özünə sığışdırmaz ki, qadın tərəfindən döyüldüyünü etiraf etsin. Görünür, bu hallarda həqiqətən vəziyyət kritik olub ki, kişilər də dövlət qurumlarına müraciət etmək məcburiyyətində qalıblar.

Məlahət Rzayeva