AŞPA-nın yeni prezidentini seçmək üçün ikinci tur elan olundu




Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidentini ilk turda seçmək mümkün olmayıb.

APA-nın Avropa müxbiri xəbər verir ki, AŞPA-nın bu gün başlayan payız sessiyasında oktyabrın 6-da qurumun prezidenti vəzifəsindən istefa vermiş Pedro Aqramuntun yerinə yeni prezident seçilməli idi.

Lakin səsvermə nəticəsində prezidentliyə namizədlər - Avropa Xalq Partiyası qrupundan (EPP) xanım Stella Kyriakides (Kipr - 126 səs) və Emanuelis Zingeris (Litva - 84 səs) lazım olan qədər səs toplaya bilməyib.

Səsvermədə iştirak edən deputatların sayı az olduğundan ikinci tur elan edilib. İkinci tur da bu gün keçiriləcək.

Qeyd edək ki, yeni prezident 2018-ci ilin yanvar ayına qədər bu vəzifəni icra edəcək. AŞPA-nın yanvarda keçiriləcək qış sessiyasında quruma yeni prezident seçiləcək.
Pedro Aqramuntun AŞPA prezidenti postunda səlahiyyət müddəti 2018-ci ilin yanvarında başa çatırdı.