“Təsəvvür edin ki, bir saat tıxacda qalan təcili tibbi yardım maşını xəstənin taleyində necə rol oynayır? Həmin bir saat ərzində xəstənin həyatı həll olunur”
“Astagəl” təcili yardım maşınları...
Bundan əziyyət çəkən xəstələr olur
“Təsəvvür edin ki, bir saat tıxacda qalan təcili tibbi yardım maşını xəstənin taleyində necə rol oynayır? Həmin bir saat ərzində xəstənin həyatı həll olunur”
“Təsəvvür edin ki, bir saat tıxacda qalan təcili tibbi yardım maşını xəstənin taleyində necə rol oynayır? Həmin bir saat ərzində xəstənin həyatı həll olunur”
Problemləri onsuz da çoxalan vətəndaşların bir dərdi də təcili yardım maşınlarının "astagəl”liyidir. Adətən, özünəməxsus səsi və sürəti ilə şəhərdə şütüyən təcili tibbi yardım maşınlarını görəndə ilk ağlımıza gələn ölüm ayağında can verən xəstə olur. Əksər zaman xəstələri ölümün pəncəsindən alan bu xilaskarlar bir çox hallarda öz missiyalarını yerinə yetirə bilmirlər.
Nəzərə alsaq ki, təcili yardım insanların məhz təcili ehtiyacları olan bir ünvandır, bu tip gecikmələr onların haqlı narazılığına səbəb olur. Bəs bu gecikmələrin əsas səbəbi nədir? Bunu isə hər kəs fərqli səbəblə əlaqələndirir. Vətəndaşlar hesab edir ki, təcili yardımın xəstə öləndən sonra çatması, həkimlərin səhlənkarlığı və insan həyatına laqeydliyidir. Ekspertlər deyir bu, təcili yardım maşınlarının yollarda aciz qalması ilə bağlıdır.
Aidiyyəti qurum isə iddia edir ki, bu cür söz-söhbətlər vətəndaşların təcili yardımla, təxirəsalınmaz yardımın mahiyyətini düzgün dərk etməməsi səbəbindən yaranır.
Təcili tibbi yardımın gecikməsi hallarının olduğunu vurğulayan tibb elmləri doktoru Adil Qeybullanın sözlərinə görə, təcili tibbi yardım maşınları əsasən Bakı yollarındakı tıxaclara ilişib, uzun müddət yolda qalır: "Bu zaman əziyyət çəkən xəstələr olur. Ona görə də yollarda təcili tibbi yardım maşınları, təxirə salınmaz hallar üçün xüsusi bir cığır olmalıdır. Bu yollar onun üçün lazımdır ki, təcili vəziyyət olan zaman maşınlar həmin yerə vaxtında çata bilsinlər. Təsəvvür edin ki, bir saat tıxacda qalan təcili tibbi yardım maşını xəstənin taleyində necə rol oynayır? Həmin bir saat ərzində xəstənin həyatı həll olunur. Bu cür hallar çoxdur. Deməli, təcili tibbi yardım həkimlərinin bir sıra hallarda xəstənin son nəfəsinə çatması, heç də sadəcə onların peşəkarlıq keyfiyyəti ilə bağlı deyil”.
A.Qeybullanın sözlərinə görə, təcili tibbi yardım sisteminin qurulması üçün 3 mühüm şərt var - peşəkar kadrlar və texniki təchizatının yüksək olması, həmçinin təcili yardım maşınlarının rahat hərəkəti üçün nəqliyyat sisteminin düzgün qurulması: "Sadalanan məqamlar biri-birinə adekvat olmayanda təcili yardım yaxşı işləmir. Odur ki, müraciətlərin çox olması, növbədə həkimlərin sayının az olması və yollardakı tıxac və maşınların texniki hərəkət imkanlarının məhdud olması təcili yardım maşınlarının gecikməsinə səbəb olur. Kadrlar və təchizat nə qədər güclü olsa da, nəqliyyat yaxşı qurulmayıbsa, gecikmələr qaçılmazdır. Bu cür hadisələr zamanı hər dəfə gərginlik həkimlə vətəndaş arasında yaşanır. Halbuki, bu işdə ölkənin nəqliyyat sektoruna nəzarət edən qurumlar da məsuliyyət daşıyırlar”.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) baş həkimi Rauf Nağıyev "Şərq”ə açıqlamasında bütün anlaşılmazlıqlara aydınlıq gətirib: "Gün ərzində stansiyaya 2300-ə qədər müraciət daxil olur. Şəhər üzrə olan briqadaların sayı isə 136-138-dir. Həmin 2300 çağırışın icrasının əksəriyyəti pik saatlara təsadüf edir. Hər bir briqadanın çağırışı qəbul edib yardım göstərmə müddəti orta hesabla 40 dəqiqə olur. Amma pik saatlarda (17:00-dan gecə 02:00-a qədər ) daxil olan çağırışların sayı briqadaların sayından çox olanda, çeşidləmə aparılır. Bəzən çağırışların 60-70 faizi həmin pik saatlara təsadüf edir. Bir saat ərzində daxil olan çağırışların sayı 200-dən artıq olur. Bu zaman briqadalar müraciətlərin səbəbinə uyğun göndərilir. Bir çağırışa da istər-istəməz 40-dəqiqədən artıq vaxt sərf olunduqda briqada gecikməsiz çağırışı icra edə bilmir. Bizim adımız Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası formasında yazılır. Bu isə o deməkdir ki, çağırışları iki aspektdən dəyərləndiririk. Təcili yardıma sınma, qanaxma, infarkt və digər qəfləti hadisələr daxildir. Təzyiqin, temperaturun qalxması, kəskin baş ağrılarının olması isə təxirəsalınmaz yardıma aid edilir. Qəfləti çağırışlar üçün təcili yardım 15-20 dəqiqə ərzində ünvana çatmalıdır. Təxirəsalınmaz halları isə təxminən 1 saat, saat yarıma icra eləmək olar. Bu təcrübə dünyanın hər yerində var. Bəzən pik saatlarda temperaturu, təzyiqi ölçmək üçün müraciət edirlər. Təbii ki, biz ağır vəziyyətdə olan bir xəstənin çağırışını təxirə salıb, təzyiq ölçmək üçün gedə bilmərik. Həmin vaxtda biz daha çox ehtiyacı olan birinə yardım etməliyik. Vətəndaşlar bilməlidir ki, gün ərzində daxil olan 2300 çağırışın heç də hamısı təcili yardıma ehtiyacı olan çağırışlar deyil. Əksəriyyəti təkrar çağırışlar, poliklinikaya aid olan müraciətlərdir. Hansı ki, əlavə vaxt sərf edib poliklinikalara getmək, iynə-dərman üçün aptek axtarmaq istəmədikləri üçün həkimləri ayaqlarına çağırırlar. Ancaq kimdən soruşsan, çağırışının təcili olduğunu deyir. Dünya təcrübəsi belədir ki, hər müraciətə görə, briqadanın ünvana getməsinə ehtiyac olmur. Dispetçer telefonla danışıb, məsləhətlər verərək xəstənin vəziyyətini yüngülləşdirə bilirsə, həkimlər ora getmir. Bizdə isə hər adi hal üçün təcili yardımın evə gəlməsini tələb edirlər. Biz də bacardığımız qədər çalışırıq ki, təcili yardıma ehtiyac olmayan ünvanlarda işimizi tez bitirib, digər xəstələrə yardım edək. Təbii ki, xəstəni yarımçıq qoyub digər çağırışa gedə bilmərik deyə əvvəlcədən vəziyyəti düzgün dəyərləndirməyə çalışır, çeşidlənmə işləri aparırıq. Bəzən lağa qoyurlar ki, bizdə təcili yardım ancaq xəstə öləndən sonra gəlib çıxır. Ancaq başa düşmürlər ki, heç bir həkim xəstənin üstünə gecikmək istəməz. Ən azından vaxtında göstərilən yardım xəstənin vəziyyətini tez yüngülləşdirir, həkimlərimiz istirab keçirməli olmurlar. Çünki gecikmə olan hallarda həkimlərimiz daha çox əziyyət çəkməli olurlar”.
TTTYS briqadalarının pik saatlarda xətdə olduğunu vurğulayan baş həkim qeyd edib ki, çağırışın sayı çox olan hallarda fiziki çatışmazlıqların yaranması təbiidir: "Bizim Stansiya 2 milyon 300 min nəfərlik Bakı əhalisi üçün nəzərdə tutulub. 136-138 briqadalar isə beynəlxalq normativlərə görə, tam təminatlıdır.Çünki birinci briqada on min adama xidmət göstərir. Sonrakı briqadaların sayının artırılması isə orta hesabla bir briqadaya düşən yükün 20-24 çağırış olması şərti ilə üstünə gəlinir. Sadəcə bizdə bir saata daxil olan çağırışların sayı mövcud briqadaların sayından çox olduğuna görə müəyyən ləngimələr olur. Çağırışların bu qədər çox olması da Bakıda qeydiyyatsız insanların çox olması ilə əlaqədardır. Bakıda 5 milyona yaxın əhali məskunlaşıb. Qeydiyyatsız yaşayan 3 milyona yaxın vətəndaş üçün öz regionunda ona ayrılan həkim, dərman preparatları və xəstəxanada çarpayısı var. Amma həmin adam Bakıda yaşayır və müraciət edən hər kəs də probleminin daha vacib olduğunu deyir. Belə vəziyyətdə təcili yardım maşınları gecikməsiz necə çatdırsın? Dediyim ki, həkimlərimiz mümkün qədər xəstə üzərinə tez çatmağa onlara kömək olmağa çalışır ki, artıq söz-söhbətlər yaranmasın. Amma sıxlıq yaranan zaman biz təcili çağırışlara təxirəsalınmaz müraciətlərdən daha tez çatmalı olduğumuzu unutmamalıyıq”.
Şəymən