Siyasi qərar ancaq Cenevrədə qəbul oluna bilər
Suriya böhranı ilə əlaqədar Astanada keçirilən görüşdə Türkiyə, Rusiya və İran hərbi əməliyyatların dayandırılması məsələsində razılığa gəliblər. Razılığa əsasən, bölgədə əməliyyat şəraitinə nəzarət olunması məqsədilə üçtərəfli mexanizmin qurulması qərara alınıb.
Gündəlik müşahidələr nəticəsində atəşkəsin pozulması hallarına rast gəlinərsə, Türkiyə, Rusiya və İran öz nüfuzlarından istifadə edərək əməliyyatların dayandırılması barədə münaqişə tərəflərinə təsir göstərəcəklər. Suriya müxalifəti isə yekun sənədə imza atmaqdan imtina edib. Nümayəndə heyətinin üzvü Yəhya əl-Aridi bildirib ki, Rusiya, Türkiyə və İran sadəcə öz adlarından sənəd yayıblar:
"Müxalifət atəşkəs barədə razılaşmanın detalları üzərində iş aparır. Biz atəşkəsə çox ciddi yanaşırıq və xırda detallara belə diqqət ayırırıq”. Suriya müxalifətinin müşaviri Usama Əbu Zeyd isə deyib ki, Astana görüşünün yekun sənədinin qaralaması Suriya müxalifətinə təqdim edilməyib: "Bizə heç bir yekun sənəd layihəsi təqdim edilməyib”. Əbu Zeyd Astana danışıqlarının 25 yanvarda da davam edə biləcəyini söyləyib: "Təminat verən ölkələr desələr ki, əlavə gün lazımdır, biz razıyıq. Biz bura iki günlük gəlməmişik, nail olmalı olduğumuz hədəflərimiz var”.
"PYD-nin və İran terrorçularının İŞİD-dən fərqi yoxdur...”
Astana görüşündə iştirak edən müxalif heyətin lideri Məhəmməd Alluş çıxışı zamanı mühüm məqamlara toxunub. Alluş atəşkəsin təmin olunmadığı təqdirdə növbəti addımın atılmayacağını bildirib. Müxalif lider böhranın həqiqi siyasi həllinin Əsədin və dəstəkçilərinin ölkədən ayrılması ilə baş tutacağını deyib.
İranın tabeçiliyində olan terrorçu qruplaşmaların varlığını "İran terrorçularının Şərqi Ğuta və Barada vadisində nə işi var?” deyərək tənqid edən Alluş sözlərinə belə davam edib: "PYD-nin, İran terrorçularının İŞİD-dən fərqi yoxdur. Bu qrupların da terrorçu təşkilatların siyahısına daxil edilməsi lazımdır”.
PYD və YPG-dən açıqlama: "Astanada veriləcək qərarları tanımayacağıq”
PKK-nın Suriya qolu müzakirələrində veriləcək qərarları tanımayacaqlarını açıqlayıb. Bu haqda terror təşkilatının yaydığı bəyanatda bildirilib: "Astanada keçirilən müzakirələrdə veriləcək qərarlara tabe olmayacağıq. Danışıqlarda iştirak edən tərəflərin və onların hamisi olan ölkələrin Suriyadakı böhranın bir hissəsi olduğunu və Suriya xalqının ehtiyac duyduğu qərarlar verməyəcəyini hesab edirik”.
Almaniya da Astana görüşünə keçid addım kimi yanaşır
Astanada aparılan Suriya danışıqlarına münasibət bildirən Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer siyasi qərarın ancaq Cenevrədə qəbul edilə biləcəyini deyib. Ştaynmayer danışıqların əsasən böhranın hərbi ölçüsünə yönəldiyini, siyasi həllin isə ancaq Cenevrə danışıqları
prosesində təmin edilə biləcəyini düşündüyünü deyib. Almaniyanın da müşahidəçi olaraq Astana müzakirələrində iştirak etdiyini vurğulayan Ştaynmayer "Astanadakı danışıqlar bir keçid addımıdır”.
"Astana görüşünün əhəmiyyəti çox böyükdür”
Görüşü və nəticəni "Şərq”ə dəyərləndirən politoloq Tofiq Abbasov bildirib ki, Suriyada vəziyyətin gərgin olduğunu görən Rusiya Prezidenti Vladimir Putin bölgədə boşluq yaranmasın deyə Astana görüşünü təşkil etdi:
"Putin özü də o zaman bəyan etmişdi ki, Astanada reallaşacaq görüş fevral ayında Cenevrədə davam etdirilə bilər. Yəni Qazaxıstanın paytaxtında baş tutan toplantı və müzakirələr bir növ hazırlıq mahiyyəti daşıyır. Onsuz da Astana görüşündə ortaya çıxacaq ilkin nəticələr bəlli di. Nəzərə almaq lazımdır ki, tərəflərin biri-birinə ittihamları çox kəskindir. Suriya hökuməti ilə müxalif qüvvələr arasında böyük uçurum var. Onların ilk təması məhz Astanada oldu və diplomatik tərəflər kimi bir masa arxasında əyləşdilər. Sırf bu baxımdan Astana görüşünün əhəmiyyəti çox böyükdür”. Politoloq deyib ki, əvvəllər Suriyadakı proseslərə silahlı radikal qruplaşmalar nəzarət edirdi, üstünlük onlarda idi. İndi isə prinsipial cəhətdən yeni durum formalaşıb: "Əgər görüşdə heç-heçə müşahidə olunsa belə, bunun özü rəsmi Dəməşqin xeyrinədir. Çünki hökumətə yaxın qüvvələrin gücü zəifləyib, obyektləri dağıdılıb və aralarında ixtilaflar var. Yaranmış fürsətdən istifadə edərək mövcud siyasi boşluğu doldurmaq lazımdır. Əsas odur ki, prosesdə konturlar bəllidir. Münaqişənin həlli yolları məlumdur. Barışıq planının ilkin variantını həyata keçirmək üçün əməli platforma formalaşıb”.
İsmayıl