At və murdar ətlər bazarlara gecə gətirilir

Nəzarət zəif olduğundan sahibkarlar da, satıcılar da istədikləri kimi davranır


At əti satışı bitmir. Bu günlərdə Xaçmaz rayonu Padar kəndi yaxınlığındakı meşə ərazisində satış üçün nəzərdə tutulduğu ehtimal edilən at əti aşkarlanıb. Məlumatı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti verib.

Məlumatda bildirilir ki, Padar kəndi yaxınlığındakı meşə ərazisinə baxış keçirilən zaman qeyri-qanuni, antisanitar vəziyyətdə, gizli şəkildə kəsilmiş, sümükdən ayrılmış, mənşəyinə və sağlamlığına dair heç bir sənəd olmayan 100 kiloqram çəkidə at əti və 1 ədəd kəsilmiş at başı aşkarlanıb. Kənd sakini İsmayıl Məmmədov əti Bakıda satmaq məqsədilə hazırladığını etiraf edib. Qeyd edilir ki, bu, Xaçmaz rayonunda aşkarlanmış artıq ikinci faktdır.

Həqiqətən də, son vaxtlar qanunsuz ət satışı, at, eşşək kəsimləri və onların ətinin satış üçün hazırlanması halları intensivləşib. Vaxtaşarı müvafiq qurumlar ya leş, murdar ətlər, ya da kəsilmiş at, eşşək başları aşkar edir. Hər dəfə də bildirilir ki, bu ətlər satış üçün nəzərdə tutulub. Bəs bu ətlərin alıcısı kimdir? At və ya eşşəklər kəsilib ətləri satış üçün hazırlanırsa, deməli, alıcı da var. Belə olan halda, o alıcılar niyə aşkarlanmır?

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Şərq”ə açıqlamasında vəziyyətin çox acınacaqlı hal aldığını dedi:

- Həmişə demişəm ki, bazar tələb-təklif prinsipi üzərində qurulur. Tələb varsa, təklif də gəlir. At, eşşək ətinin alıcısı var ki, orda-burda atları, eşşəkləri qanlarına qəltan edirlər. At, eşşək əti Azərbaycan insanının qida rasionuna yaddır. Baxmayaraq ki, deyirlər, qədim türklər at əti yeyib, Orta Asiya xalqları indi də at əti istifadə edir. Azərbaycan xalqına bu ətlər yaddır. Biz bu ətlərlə qidalanmamalıyıq. Azərbaycan Orta Asiya deyil. Oranın özünəməxsus təbii şəraiti, insanlarının da fərqli yaşam tərzi var. Ruslar da donuz əti sevir və yeyir. Amma bizə donuz əti haramdır. Qaldı ki, at ətinin alıcılarının aşkar edilməsinə, bu, birbaşa rəsmi dövlət strukturlarının işidir. Bu qədər at, eşşək əti, murdar, xarab olmuş ətlər aşkarlanır. Bir dəfə də izinə düşüb o ətlərin hara təhvil verildiyini, hara satıldığını, alıcıların kimlər olduğunu müəyyən etsinlər. Bəlkə də edirlər, lakin ictimaiyyət, vətəndaşlar bundan xəbərsizdir. Ona görə də insanlar satışa çıxarılan ətlərə şübhə ilə yanaşır. Çünki bu ətlərin yeyilməyə münasib, yaxud qeyri-münasib olduğunu bilmir. Soruşursunuz ət əti hara, kimə satılır? Hər yerə satıla bilər. Körpələr evindən başlamış, uşaq bağçaları, internat məktəbləri, xəstəxanalar, kolbasa, sosiska sexləri, kafelər, restoranlar, şadlıq evləri, dönərxanalar. Mal varsa, deməli, alıcısı da var. Dönərə 1 manat qiymət elə-belə qoymayıblar. Mal ətinin qiyməti 10-12 manatdır. Quzu əti 13 manat. Bəs necə olur ki, küçələrdə "ətdən” hazırlanan dönər 1 manatdır?! Deməli, bizim bu ətlərdən şübhələnməyimizə əsas var. Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi deyir ki, at əti də, eşşək əti də satıla bilər, bu şərtlə ki, adı üstündə olsun. Bununla da ət fırıldaqçılarına, möhtəkirlərə stimul verir. Hansı vətəndaş gedib könüllü surətdə at və ya eşşək əti alar?! Azərbaycanda bu mümkün deyil. Hesab edirəm, nazirlik rəsmisi bunu söyləməklə mənfur ermənilərin ağzına dil verir ki, Azərbaycanda camaat at, eşşək əti yeyir. Əldə imkanım olsaydı, eşşək ətindən xaş bişirtdirib, bu əti satanlara da, ona icazə verənlərə də deyərdim, buyurun, yeyin.

E.Hüseynov bildirdi ki, murdar ət, at, eşşək ətinin satıldığı ehtimal edilən məkanlar "Təzə bazar”, 8-ci kilometr bazarı, 3-cü mikrorayon bazarı, küçələrdəki pərakəndə satış obyektləridir:


- Bu bazarlara murdar ətlər gecə saatlarında gətirilir. Başqa ətlərə qarışdırılıb mal əti adı altında satılır. Adi gözlə ətləri biri-birindən ayırd etmək çətindir. Bunu yalnız baytarlıq xidməti müayinə edib müəyyənləşdirə bilər. Nəzarət zəif olduğundan sahibkarlar da, satıcılar da istədikləri kimi davranır. Əmindirlər ki, heç kim onları cərimə etməyəcək. Çünki qanunvericiliyə görə, istehlakçının aldadılma dəyəri 100 manatı aşdıqda cərimə qüvvəyə minir. Yəni, alqı-satqının dəyəri 100 manatdan aşağıdırsa, cərimə yoxdur. Vaxtilə bu məbləğ 40 manat idi. Biz buna etiraz edirdik, amma məbləği azaltmaq əvəzinə, qaldırdılar. Əksinə iş gördülər. Nə qədər ki, qanunvericilik dəyişməyib, istehlakçının aldadılmasına görə cəzalar sərtləşdirilməyib, vəziyyət belə də davam edəcək.

Məlahət Rzayeva