“Ata pulunu içkiyə verir, amma uşağına jurnal almır”
Vasif Quliyev: “Jurnal nəşr edənlərin bəziləri jurnalistikanı bilmirlər”
(Əvvəli ötən sayda)
Vasif Quliyevi həm də Qarabağ tarixinin yorulmaz tədqiqatçısı kimi təqdim etmək olar. O, uzun illərdir arxivlərdə Qarabağ haqqında işıq üzü görməyən tarixi materiallar toplayır. Özünün dediyinə görə, hələ tələbə olanda Tbilisiyə gedərək dövlət arxivlərində Qarabağla bağlı sənədləri araşdırıb. Vasif Quliyevin xeyli kitabı işıq üzü görüb və monoqrafiyaları çap olunub. Onun sözlərinə görə, arxivlərdə elə sənədlərə rast gəlirsən ki, bu günə qədər heç yerdə onun barəsində eşidilməyib. Həmsöhbətimiz hələ də arxivlərdə çoxlu sayda öz sirrini qoruyan tarixi materialların olduğunu deyir. Lakin onları gün üzünə çıxaran tarixçilərin olmamasından şikayətlənir.
"Günəş” jurnalın yaranması və fəaliyyəti haqqında "Şərq” qəzetinə ətraflı məlumat verən Vasif Quliyev mətbu orqanın 1927-ci ilin fevral ayında nəşrə başladığını və bugünədək çap olunduğunu deyib. Bildirib ki, sovet dövründə jurnalın mütəmadi nəşr edilməsində problem yaşanmasa da, 1990-cı illərində müəyyən çətinliklər meydana gəlib: "Bütün dünyada uşaq mətbuatı dövlətin himayəsindədir. 1990-cı illərin əvvəllərində, AXC hakimiyyətə gələndə jurnalı dövlətin büdcəsindən çıxartdılar və biz maliyyə məsələsinə görə göydə qaldıq. Həmin vaxt redaktor Nəriman Süleymanov idi. Mən isə onun müavini işləyirdim.
O zaman jurnalın işçiləri çox idi. Biz xeyli müddət qapı-qapı dolaşdıq, zülm çəkdik. Rayonlarda maarif şöbəsinin müdirlərinin yanına gedirdik, xahiş edirdik ki, 5-10 jurnala abunə olsunlar. Ancaq onlar deyirdilər ki, "icra başçısı bilər, bizlik deyil”. Ona görə də abunəmiz aşağı düşdü. Hərəmizin 5-10 nəfər tanışı var idi, onların köməkliyi ilə birtəhər çulumuzu sudan çıxardırdıq. Yaxşı ki, bu dövr uzun çəkmədi. Ulu öndər Heydər Əliyev hakimiyyətə təzə gələndə biz hələ göydə idik, jurnalı çıxartmağa imkanımız yox idi. Təsəvvür edin ki, 1993-cü ildə jurnalın iki-üç nömrəsi çıxmışdısa, 1994-cü ildə cəmi 1 nömrə çıxara bilmişdik. Bəzən bir neçə nömrəni birləşdirib çap edirdik. Təbii ki, bu vəziyyət bizdən asılı olmayan səbəblərdən yaranmışdı. Mən 1995-ci ildən "Günəş” jurnalına rəhbərlik edirəm. Həmin ilə qədər müavin olmuşam. Nəriman müəllimlə oturub fikirləşdik ki, nə edək, nə çarə tapaq. O dedi ki, mən artıq çıxıb gedirəm, jurnal sənin ümidinə qalır. Ondan sonra jurnalı mən çıxartdım.
Gecə saat 1-də, 2-də jurnal çapa gedəndə mən evə getmirdim ki, birdən nəsə səhv gedər”.
Baş redaktorun sözlərinə görə, jurnalın çapı onun çiyinlərində olduğu üçün var-gücü ilə çalışaraq jurnalın bağlanmamasına, nəşrini davam etdirməsinə səy göstərib:
"1995-ci ildə Heydər Əliyevə məktub yazmaq qərarına gəldim və məktubu göndərdim. Hardasa 10 günə məktuba cavab gəldi. Məktubda yazmışdım ki, üç uşaq mətbuatı var, ən qədimi bizim jurnaldır, ikincisi "Savalan” qəzeti, üçüncüsü isə "Göyərçin” jurnalıdır. "Günəş” jurnalının 50 illiyi olanda, yəni, 1977-ci ildə Heydər Əliyev bizim jurnala "Oktyabr inqilabı” ordeni verdi. Bu təltifat bütün respublikada təntənə ilə qeyd olundu. Mən bunları məktubda xatırlatmışdım. Onu da qeyd edim ki, məktubu o vaxt mətbuat və informasiya naziri olan Sabir Rüstəmxanlıya və Sahib Ələkbərova da göndərmişdim. Onlar ikisi də deputat idi. Evdə Milli Məclisin iclasına baxanda gördüm ki, Sabir Rüstəmxanlı uşaq mətbuatının maliyyələşməsi ilə bağlı təklif verdi və bütün deputatlar təklifi dəstəklədi. Parlament qərar çıxartdı və qərarı prezidentə təqdim etdi. Heydər Əliyev də sərəncam verdi, təkcə mənim jurnalımı yox, üç mətbu orqanın hamısını büdcəyə saldılar. O vaxtdan indiyə qədər hər il büdcədən bizə pul ayrılır və bu, bizə çox kömək edir”.
V.Quliyev jurnalın nəşr edilməsində üzləşdikləri maddi çətinliklərdən də danışıb:
"Maddi çətinliyimiz var, vəziyyət əvvəlki kimi deyil. Əvvəllər jurnalın müəlliflərinə qonorar verirdim. Ancaq indi verə bilmirəm. 16 səhifəlik jurnala ümumilikdə 150 manat qonorar vermək imkanımız var. Bunun rəssamı, yığanı, səhifələyəni, dizayneri və s. var. Məsələn, rəssama 5 manat qonorar düşürsə, mən ona 10 manat verirəm ki, könlü xoş olsun. Amma ayrılan pul bizi tam görmür”. Baş redaktor bəyan edib ki, respublikanın hər yerindən redaksiyaya çap edilmək üçün məqalələr göndərilir: "Yaxında olanlar özləri gətirir, uzaqda olanlar isə poçt və ya kompüterlə göndərirlər. Sövet dövrü başqa cür idi. O vaxt yazı, məktub əlindən tərpənmək olmurdu. İndi də material çox gəlir, amma fərq ondadır ki, o vaxt sanballı məqalələr, şeirlər daha çox idi. Göndərənlərin çoxu tanınmış adamlar idilər. O vaxt jurnala şair-yazıçı götürürdülər ki, gələn yazıları təhlil etsinlər. İndi elə deyil təbii ki. Yazılara özüm baxıram, materiallar zəif də olsa verirəm. Amma güclü cavan müəlliflər də var. Hətta aralarında elələri var ki, uşaq vaxtı onların yazıları "Günəş” jurnalında çap olunub. Materiallar arasında çox seçim etmirəm, heç kimin qəlbini qırmaq istəmirəm. Orasını-burasını düzəldib verirəm”. Həmsöhbətimiz bildirib ki, sovet dövründə "Günəş” jurnalının tirajı 165 min nüsxə olub. Lakin indi tiraj məsələsi stabil deyil, dəyişkəndir, yəni çox da ola bilər, az da: "Son vaxtlarda jurnalın tirajı 10 000 də olub, 5000 də. Sonra 3 minə düşüb, hazırda isə 1500 tirajla çıxırıq. Əvvəllər satışa verirdik, indi vermirik. Birincisi alan yoxdur, valideynlər uşaqları üçün jurnal almırlar. Qəzet köşklərinə 10 ədəd jurnal versən, onun maksimum biri, ikisi satılar. Bizim jurnalın satış qiyməti 80 qəpikdir, ölkədə ən ucuz jurnaldır. Köşklərdə satılan hər jurnal üçün 40 qəpik yayım şirkətinə pul ödəməlisən. Jurnalın öz xərci elə 60-70 qəpikdir. Ona görə də köşklərə jurnal vermirik. Qabaqlar rayonlarda, orta məktəblərdə jurnalımız əl-əl gəzirdi, indi zorla abunə yazdırırıq. O da kiminsə, konkret icra başçısının icazəsi ilə olur. Hətta bu məsələdən ötrü keçmiş təhsil naziri Misir Mərdanovun yanına getmişdim, ona uşaq jurnalının tarixindən, əhəmiyyətindən danışmışdım. O da mənə demişdi ki, "apar jurnalı məktəblərin dəhlizlərinə qoy, kim alır, alsın”. Eks nazirin mənə cavabı belə olmuşdu”.
Vasif Quliyev uşaqlara oxumağı sevdirməyən valideynlərdən də şikayətlənib:
"Valideynlər uşaq jurnallarını kənara ataraq deyirlər ki, "ondansa, bir şey alaram uşaq yeyər”. Jurnalın illik abunəsi 9 manat 60 qəpikdir, yəni, bir dənə "mestnı” arağın puludur. Ata pulunu içkiyə verir, amma uşağın oxuması üçün jurnal almır. Bizim millət yeməyi və geyimi oxumaqdan, maariflənməkdən üstün tutur. Mən birinci sinfə gedib əlifbanı öyrənəndən kitab oxumağa başlamışam. İndiyə qədər də oxuyuram. Uşaqların formalaşmasında əsas rol oynayan məktəb və cəmiyyətdir, sonra isə valideynlər. Çünki uşaqlar valideynlərinin yanından daha çox məktəbdə olurlar. Məktəb də, valideyn də pis olanda uşağın gələcəyi yaxşı olmur, savadsız olur. Amma bir şeyi də deyim ki, sayları çox az olsa da, oxumağı tələb edən uşaqlar var. O gün bir qadın mənə azyaşlı nəvəsi olduğunu söylədi və dedi ki, nəvəsi yaxşı şeirlər bilir, yazı oxumağı xoşlayır. Uşaq nənəsinə deyir ki, "get mənə oxumağa qəzet, jurnal gətir”. Mən də gəldim redaksiyaya, jurnalın 5-6 nömrəsini yığıb verdim, dedim, "apar, uşaq oxusun”.
Müsahibimiz onu bildirib ki, sovet dövründə buraxılan jurnallarda uşaqların yaşı nəzərə alınırdı: "Göyərçin” jurnalı 4-cü sinfə qədər olan uşaqlar üçün nəzərdə tutulurdu. "Günəş” jurnalı 4-cü sinifdən 8-ci sinfə qədər şagirdlər üçün hazırlanırdı. "Savalan” isə bütün siniflər üçün idi. 1991-ci ildən bəri isə fərq yoxdur, çap olunan bütün jurnallar uşaqların hər yaş dövrünü əhatə edir. Ancaq yazılarımızın hamısı maarifləndirici məqsəd daşıyır. Mənə deyirlər ki, jurnalda krossvord da verim, amma mən vermirdim, sadəcə iki-üç dəfə uşağa sırf aid olan krossvord vermişəm. Məncə, krossvord uşağın beynini açmır, boş şeydir. Ondansa uşaqlar qəzet, jurnal oxusalar daha yaxşıdır”.
V.Quliyev bəzi jurnalların ayda bir neçə dəfə çap edilməsinə də münasibət bildirib. O deyib ki, jurnal nəşr edənlərin bəziləri jurnalistikanı bilmirlər: "Bütün dünyada jurnallar ayda bir dəfə nəşr olunur. Ayda iki-üç dəfə çıxanlar jurnal deyil”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb