Xaricdən gələnlər çox vaxt məlumatsız olur
Azərbaycandan deportasiya olunan Mehriban Salmanovanın başına gələnlər dərs olmalıdır
Xəbər verdiyimiz kimi, Ukraynanın Sumi vilayəti Azərbaycanlıları Konqresinin sədri Mehriban Salmanova Azərbaycandan deportasiya olunub. Və bir il müddətinə ölkəyə girişinə qadağa qoyulub. Bu barədə M.Salmanovanın özü bildirib. Xanım sədr qeyd edib ki, hadisə iyunun 3-4-ü Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayından geri qayıdarkən baş verib:
"Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən dəvət olunduğum qurultay bitdikdən sonra ata yurdum Şəki şəhərinə baş çəkdim. İyunun 12-də Bakıda hava limanından Ukraynaya geri qayıdarkən Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşları mənə qanunvericiliyi pozduğumu və 300 manat məbləğində cərimə olunduğumu bildirdilər. Mən də qanunu pozmağımdan xəbərsiz olduğumu, dəvət edən qurum tərəfindən mənə belə bir xəbərdarlığın edilmədiyini əsas gətirərək cəriməni ödəməkdən imtina etdim. DMX əməkdaşları isə bu halda qanunvericiliyə əsasən, mənim Azərbaycana girişimi 1 il müddətinə məhdudlaşdıraraq Ukraynaya yola saldılar”.
Vəziyyəti dəyərləndirən ekspert Azər Allahverənovun sözlərinə görə, Azərbaycana təşrif buyuran insanlar ölkəmizin qanunvericiliyi barədə məlumatlı olmurlar. Bu məsələyə bir az səhlənkar yanaşırlar: "Hesab edirlər ki, Azərbaycana dəvətlidirlər. Gəlib, burda 3-5 gün rəsmi səfərdə olurar. Səfər başa çatandan sonra ölkəmizin hansısa gəzməli-görməli güşəsinə dincəlməyə gedirlər. Müəyyən müddətdən sonra ölkə ərazisini tərk edən zaman belə problemlərlə üzləşirlər. Bəlkə doğrudan da insanlar məlumatsız olurlar. Amma onların məlumatsız olması heç də həmin şəxslərin üzərindən inzibati məsuliyyəti götürmür”.
Sədrin "məsələdən məlumatsız idim” iddiasına gəlincə, ekspert diqqətə çatdırıb ki, ölkəmizə gələnlər yaşadıqları ünvan üzrə qeydiyyata alınırlar və qeydiyyata alınması barədə müraciəti 24 saat ərzində DMX-yə göndərir: "DMX də onun ölkəmizdə neçə gün qalacağını bir növ leqallaşdırır. Həmin qonaq göstərdiyi müddət başa çatandan sonra da Azərbaycanda qalırsa, ölkə ərazisini tərk edən zaman problemlərlə üzləşir. Düzdü, qanun icazə verir ki, 90 gün ərzində yaşaya bilər. Amma eyni zamanda qanun onu tənzimləyir ki, həmin şəxslər qeydiyyata düşərkən hansı müddətə kimi burada yaşayacağını göstərməlidir. Ona verilən icazə həmin günlərə uyğun hesablanır. Tutalım, qanun 90 gün icazə verirsə, bu o demək deyil ki, 3 günlük qeydiyyata düşüb, 90 gün yaşaya bilərlər. O şəxs 3 gündən artıq qalmaq istəyirdisə, bunu göstərməli idi”.
DMX-nin ölkəyə gələnləri məlumatlandırmasına gəlincə, A.Allahverənov bildirib ki, şəxs qeydiyyata düşən zaman Azərbaycanda neçə gün qalacağını bilir. Və ən azından DMX-nin çox yaxşı "qaynar xətt”i (919) fəaliyyət göstərir: "Həmin şəxs zəng edib ordan məlumat ala bilərdi. Burada səhlənkarlıq olub. Tutduğu vəzifə və sosial statusdan asılı olmayaraq hər kəs qanunun qarşısında bərabərdir. O şəxs qanunu pozubsa, inzibati qaydada cərimə sanksiyasına məruz qalır. Sual yarana bilər ki, hansısa bir fövqəl-hadisə baş verərsə, o xanım Azərbaycana daxil ola bilərmi? Fövqəl-0hadisə yaşanarsa, təbii ki, xanımın hüququ var ki, DMX-yə müraciət edib, qərara yenidən baxılması vəsatəti ilə çıxış etsin. Amma fövqəl hadisənin mahiyyətindən asılı olaraq yenə də qərarın verilməsi DMX-yə məxsusdur”.
Sonda ekspert ölkəyə gələnlərin məlumatlandırılması yönündə müəyyən işlərin görülməli olduğunu söyləyib: "Elə bir məlumat mexanizmi yaratmaq lazımdır ki, Azərbaycana gələn qonaqlar hərtərəfli məlumat alsınlar və "mən məlumatsız idim” kimi bəhanələr gətirməsinlər. Sərhəd məntəqələrində məlumat kampaniyaları olmalıdır. Bu səpkidə işlər həyata keçirmək olar”.
Ayyət Əhməd