
Atasına 40 gün yas saxlamadı: İlahiyyatçı Tünzalə Ağayevanı haqlı çıxardı
Əməkdar artist Tünzalə Ağayeva qınaq obyektinə çevrilib. Müğənninin rəhmətə getmiş atasının 40 mərasimini gözləmədən toyda iştirakı ilə bağlı sosial şəbəkələrdə müzakirə açılıb və bir çoxları bu əməlinə görə T.Ağayevanı qınayıb.
Müğənni isə «Xəzər Magazin»ə müsahibəsində məclisdə iştirakına aydınlıq gətirib. Onu qınayanlara da, sərt formada, hətta bir az da ağır tnla cavab verib. T.Ağayeva deyib ki, atası uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş:

"Bir gün gələn bir gün gedir. Amma bunu yaşamaq çətindir. Valideynin boşluğu insanın içində qalır, onun yerini heç nə doldurmur. Atamın ağır xəstə olmasını bilirdim. Bu bizim üçün qəfil hadisə olmadı, o, ağır xəstə idi. Atam mənə çox böyük savab qazandırdı. Düzdür, daim yanında ola bilmirdim. Amma bir övlad kimi ona qayğı göstərirdimsə, bu, atamın mənə qazandırdığı savab idi”.
Tünzalə atasının 40 mərasimi çıxmadan məclislərdə oxumasına görə onu qınayanların cavabını isə belə verib:
"Onu yazanların həyatında bir hadisə baş verirsə, onlar işlərini atıb bir il evdə otururlar? Heç kimin işi-gücü yoxdur? Məni qınayanlar o qədər boş məxluqlardır ki... Bu, böyük düşüncəsizliyin, səviyyəsizliyin, boşluğun əlamətidir. Ailədə özləri dedilər ki, sənin evdə oturmağın mümkün deyil, işinə davam etməlisən”.
Son zamanlar üçün heç də təəccüblü sayılmayacaq hadisədir. Hazırda bir çox insan sosial şəbəkələrdə, feysbuk, «whatsapp»da aktivdir. Xəbər paylaşan da var, lazımlı informasiya ötürən də, həmçinin, faydalı-faydasız fotolar paylaşan, mətbəxdə bişirdiyi yeməyin tərifini verən, evdən çıxdığını, evə qayıtdığını yazıb cümlə-aləmə elan edənlər də. İş o yerə çatıb ki, hətta bəziləri ailə üzvlərinin rəhmətə getməsini də sosial şəbəkə üzərindən xəbər verir, cənazə fotoları paylaşırlar. Belə vəziyyətdə əməkdar artist Tünzalə Ağayeva ilə bağlı sosial şəbəkələrdə müzakirə açılması gözlənilməz və təəccüblü deyil. T.Ağayevanın atasının 40-ı çıxmamış toy məclisinə getməsinin dinimiz və şəriətə nə dərəcədə uyğunluğu isə artıq başqa mövzudur. T.Ağayeva bu hərəkəti ilə şəriət qaydalarını pozubmu?
Məsələyə aydınlıq gətirən ilahiyyatçı Hacı Atif İsmayılov «Şərq»ə bildirdi ki, islam dinində rəhmətə getmiş insan üçün 40 gün və ya 1 il yas saxlanmasına dair bir qayda, göstəriş yoxdur:
- Əziz islam peyğəmbəri Muhəmməd əleyhissalamdan bizlərə gəlib çatan səhih hədislərdə buyurulur ki, aranızdan birisi rəhmətə getdikdə ona 3 gün yas saxlayın, matəm içində olan evə, ailəyə köməklik edin, yemək aparın, çünki onlar hüzn içindədir. Bu da məlumdur ki, əziz isldam peyğəmbəri qəbirstanlığı tez-tez ziyarət edərdi və rəhmətə getmiş şəxslərin ruhuna Quran oxuyardı, dualar edərdi. Ölüm haqdır. İnsan doğmasını, əzizini itirdikdə, bunu anlayışla qarşılamalı, hər kəsin bu dünyada ötəri, keçici olduğu həqiqətini dərk edib, özünə əziyyət etməməli, əksinə, rəhmətə getmiş insanın ruhunun şad olmasına çalışmalıdır. Dünyadan köçmüş insanın adına nə iş görülürsə, bu, ona hörmət əlaməti sayılır. Rəhmətə getmiş insana hörmət naminədir. Çünki insanın dünyadan köçməsi onun yox olması demək deyil. İnsan cismən ölür, ruhu isə axirət aləmində yaşayır. Ona görə də rəhmətə getmiş insan üçün müxtəlif dini ayinlərin icra olunması, Qurani-Kərim oxunması bəyənilən əməldir. Əgər bir insan dünyadan köçmüş valideyni, əzizi, yaxın bir adamı üçün əza, yas saxlayırsa, bu da həmin adama hörmətin əlamətidir. Ancaq yas saxlamaqla bağlı dinimiz və şəriətdə konkret qayda yoxdur. Yəni, bu iş insanların öz öhdəsinə buraxılır. Ona görə də kimsə ailə üzvü, bir yaxını dünyadan köçdükdən sonra uzun müddət yas saxlamayıb işinə davam edirsə, toya, məclislərə gedirsə, biz bunu dinə, şəriətə zidd addım saya bilmərik. Məsələn, möminlərin əmiri - Həzrət Əli əleyhissalam həyat yoldaşı xanım Fatimeyi-Zəhra vəfat etdikdən az keçmiş özü üçün zövcə seçməyi övladlarına tapşırır. Əgər bu islamda yasaq bir hərəkət olsaydı, Əli əleyhissalam bunu etməzdi. Yaxın adamına yas saxlamadı deyə kimisə qınaq mənbəyinə çevirməyin adı yoxdur. Nahaq deyilmir ki, xeyirlə-şər qardaşdı. Yas saxlanması hər kəsin şəxsi istəyinə bağlıdır. Elə şəxslər, alimlər tanıyıram ki, doğmaları rəhmətə getməsinə baxmayaraq toy şənliyində iştirak ediblər, xeyir işi ləngitməyiblər. Bunlar şəriətlə ziddiyyət təşkil edən işlər deyil.
H.A.İsmayılov valideyn, yaxın adam rəhmətə gedəndə kişilərin saqqal saxlamasının da şəriətlə heç bir bağlılığı olmadığını dedi:
- Bəzi yerlərdə belə adət var. Ailənin başçısı, cavan bir adam dünyadan köçəndə kişi xeylaqları üzlərini təraş etmir, saqqal saxlayırlar, qadınlar da bər-bəzəkdən uzaq qalır. Bunların şəriətlə bağlılığı yoxdur. Bizim bəzi adətlərimiz var ki, dinimizdə onlarla bağlı heç bir qayda, göstəriş də yoxdur. Bu əməllər sırf insanların öz istəyinə bağlı işlərdir və insanın hüznlü, ağır bir itki yaşadığına işarədir. Biz, kimisə toyda, xeyir məclisində iştirakına görə, yaxud əza, yas saxladığı üçün qınamamalıyıq.
Ümumiyyətlə, Azərbaycanda keçirilən yas mərasimlərinə siz başqa heç bir müsəlman ölkəsində rast gələ bilməzsiniz. Digər müsəlman ölkələrində adətən 1 gün matəm saxlanılır. Bəzi hallarda 3, 7 mərasimləri keçirilir, məclis düzənlənir. Amma bu məclislərdə də bizdəki kimi təmtəraqlı ehsan süfrələri olmur.
Məlahət Rzayeva