Atatürkə ən böyük qiyməti M.Ə.Rəsulzadə verib

"Sherg.az"ın bu dəfəki qonaqları Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin rəhbəri Ceyhun Nəbi və Bakı Atatürk litseyinin tarix müəllimi Elmar Həsənlidir. Onlarla Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, cümhuriyyətçilərin fəaliyyəti, bu dönəmi əks etdirən bir sıra məqamlar və Cümhuriyyətlə bağlı sağlam olmayan tənqidi fikirlər ətrafında söhbət apardıq.
"Şərq" qəzetinin baş redaktoru, Cümhuriyyət dönəmi ilə bağlı bir neçə kitabın müəllifi, tarix elmi üzrə fəlsəfə doktoru Akif Aşırlının bu müzakirədə iştirakı isə söhbətimizi daha da maraqlı etdi.
- Bilirik ki, bu yaxınlarda ölkə başçısı İlham Əliyev Cümhuriyyətin 100 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Bu qərarı necə dəyərləndirirsiniz və bu 100 illik necə keçirilməlidir ?
Ceyhun Nəbi: Şəxsən mən bu yubileyin bir şəxsin məzarının üstündə qeyd olunmasını düzgün hesab etmirəm. Tədbir Cümhuriyyət liderləri ilə bağlı olmalıdır. Burada Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Şəfi bəy Rüstəmbəyli, Məmmədyusif Cəfərovdan və başqalarından söhbət gedir. Onlar idea olaraq Cümhuriyyəti quran insanlar olub. Onlarla bağlı bir abidə yaratmaq lazımdır. Yəni M.Ə.Rəsulzadənin məzarını ziyarət edib, diqqəti yalnız onun üzərinə çəkmək doğru olmaz. Cümhuriyyəti bir nəfər qurmayıb. Onun qurulmasında bir neçə aydın iştirak edib. Həm Müsavat partiyası, həm də "Türk Ədəmi-Mərkəziyyət" partiyası olub. Onlar birləşib milli partiyaya çevriliblər və beləliklə Cümhuriyyətimiz qurulub.
Akif Aşırlı: Çox təəssüf ki, "Türk Ədəmi-Mərkəziyyət" partiyası ilə bağlı tədqiqatlar yoxdur. Yalnız 1917-ci ildə o təşkilatların birləşməsinə qədər olan dövr barədə Nağı bəy Şeyxzamanlının xatirəsi və İradə Bağırovanın qeydləri var.
Ceyhun Nəbi: Bu partiyanın yaradılması 1917-ci ildə Gəncədə Şah Abbas Məscidi elan olundu. Həmin dövrdən Müsavatla birləşənə qədər Gəncə, Qazax, Göycə mahalı, İrəvan mahalı məkanında "Türk Ədəmi-Mərkəziyyətiyyət" və Müsavat partiyaları milli zadəganlarımız arasında böyük nüfuz qazandılar.
Elmar Həsənli: Cənab prezidentin bu qərarı çox önəmli qərardır. Bu qərardan istifadə edərək çox iş görmək olar. Bəzi dövlət qurumlarında da bununla bağlı petisiya təşkil etmək mümkündür. Birincisi, onu deyim ki, dəyərli tədqiqatçımız Teyyub Qurbanının təşəbbüsü ilə Cümhuriyyətin maarif naziri olan Nurməmməd ağa Şahsuvarovun qəbrini tapmışıq. Onun məzarı Yasamal qəbiristanlığındadır. Hətta qardaşı Mürsəl ağa Şahsuvarovun da qəbri də oradadır. Qismət olsa, birlikdə gedib baxarıq. "Bütöv Azərbaycan Ocağı" olaraq Teyyub müəllimlə birgə gedib, o qəbirləri ziyarət etdik. Nurməmməd ağa Şahsuvarov 1958-ci ildə vəfat edib. Cümhuriyyət nazir və tələbəsinin qəbri Azərbaycandadır. Bir də ikinci məsələ budur ki, hazırda bəzi cümhuriyyətçilərin varisləri yaşayır. Kimlərin ki varisləri yoxdur, onlara aid nələrsə düzəldilməlidir. Yadigarı qalmayanın məzarlarına baş çəkmək lazımdır. Həmçinin 100 illiklə bağlı hər kəs öz töhfəsini verməlidir. Dəyərli Teyyub Qurbanın "Cümhuriyyət tələbələri" adlı kitabının adını "Tələbələr 100 yaşında" qoymuşuq və 500 səhifəyə yaxın bir kitabdır. O da fərqli bir sahədir. 100 illiyə bir töhfə kimi ortaya qoymaq istəyirik.
- Cümhuriyyətlə bağlı kitablar yazılıb, dəyərli tədqiqatlar var. Həmin tədqiqatların, avropa dillərinə tərcüməsi və ya o tədqiqatlarla bağlı sənədli filmlər çəkilə bilərmi və bunu kim etməlidir?
Elmar Həsənli: Hər şey mümkündür. Məsələn, dünən Cümhuriyyət tələbəsi olan İsmayıl Saryalın nəvəsi Nurgül xanım Saryal gəlmişdi. "Bakı rüzgarı" kitabının təqdimatı oldu. Hər şey mümkündür. Buna yalnız fərdlərin deyil, hakimiyyətin, dövlətin özünün dəstəyi lazımdır. Biz də fədakarcasına bu işlərə öz töhfələrimizi verə bilərik. Bu dövrlərlə bağlı yazılan tədqiqatların Avropa dillərinə tərcüməsi də mümkündür. Saytlarda onların təbliğatı da mümkündür. Film də çəkmək olar. Necə ki, "GünAz TV” bununla bağlı müəyyən işlər gördü. 100 illiklə bağlı tədqiqatlar mövcuddur. Məsələn, Akif Aşırlının bu dövrlə bağlı tədqiqatları var. Onların sayəsində birbaşa mövzularla bağlı çəkilişlər etmək, verilişlər hazırlamaq olar. Sadəcə, dəstək lazımdır.
Ceyhun Nəbi: Bir məqamı da qeyd edim ki, "Azərbaycan qəzeti" Azərbaycan Cümhuriyyətinin rəsmi dövlət qəzeti olub. Həmin qəzetin transleütini yenidən çap olunsa, yaxşı olar. Bu da sərəncamdan irəli gələn bir şərtdir.
Akif Aşırlı: Bunu sürətlə dərc etmək olar. 1918-ci ilin sentyabrın 15-dən bəri 4 sayı Gəncədə işıq üzü görüb. O, çox önəmlidir. Bu milli mətbuatımızın şah əsəridir. Bunu gerçəkləşdirsələr, çox yaxşı olar. Məsələ bundadır ki, bu işi ancaq dövlətin etməsini gözləyirlər. Ancaq Türkiyədə belə məsələləri bələdiyyələr və ayrı-ayrı imkanlar şəxslər həyata keçirir. Təəssüf ki, bizdə imkanlı şəxslər dəyərlərimizə biganə yanaşır. Bir bələdiyyə sədrini görmədim ki, belə bir təşəbbüslə çıxış etsinlər. Onların işi torpaq satmaqdır. Heç olmasa, o satdığınız torpaqdan 5 manat da belə tarixi əhəmiyyətə malik işlərə sərf edin və bir iş görün.
- Son zamanlar Cümhuriyyət dönəmi və eyni zamanda cümhuriyyətçilərlə bağlı qərəzli və qarayaxma xarakterli açıqlamalar verilir. Bir tərəfdən ölkə başçısı Cümhuriyyətin 100 illiyinin qeyd olunmasına dair sərəncam imzalayır, digər yandan bir qrup deputat bu dövrü pisləyir. Sizcə, Cümhuriyyət dönəmi və cümhuriyyətçilərlə bağlı bu fobiya və ya qorxu nədən irəli gəlir?
Elmar Həsənli: Cümhuriyyət və onların xadimləri bu milləti ümmətdən millətə çeviriblər. Biz indi 100 illik dedik. Bu, yalnız Cümhuriyyətin 100 illiyi deyil, parlamentin və baş nazirlik sisteminin yaranmasının 100 illiyidir. Azərbaycan bayrağının yaranmasının, Azərbaycan dilinin dövlət dili elan olunmasının, Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 100 illiyidir. Belə 100 illiklər çoxdur. Sadəcə olaraq bunlar hətta yaxın zamanlarda Azərbaycanın Qərbdə de-fakto tanınmasının 100 illiyi yaxınlaşır. 1920-ci ilin əvvəllərində olub bu hal. Onlar elə bir demokratik quruluş yaradıblar ki, müsəlman və türk dünyasında ilk dəfə qadınlara seçki hüququ veriblər. Dünyanın heç bir ölkəsində və bir demokratik quruluşunda dövlət tapa bilməzsiniz ki, onun başına soyqırımı gətirsinlər və sonradan sənə desinlər ki, həmin o soyqırımı törədənlərə -"Daşnaksütyun” partiyasının nümayəndələrinə parlamentdə yer ver. Bu gün Cümhuriyyət və cümhuriyyətçiləri qınayanlar Rusiyanın Azərbaycandakı ruporlarıdır. Cənab prezidentin özü gedib, abidəyə gül qoyur, sərəncam verir, amma bəziləri həmin dönəmi daş-qalaq edir. Bu gün Cümhuriyyətin əlehinə danışanların bəziləri zamanında Azərbaycanın müstəqilliyinin əleyhinə səs verənlərdir.
-Cümhuriyyətçilərin çox demokratik idarəçilik quruluşu təsis etdiklərini qeyd etdiniz. Onlar həmin demokratik ənənələri haradan mənimsəmişdilər?
Ceyhun Nəbi: Cümhuriyyət liderlərinin çoxu Rusiya, Ukrayna və Fransada təhsil almış şəxslərdir. Mütərəqqi ideyaların daşıyıcıları olan insanlardır. Qərbdə olan idarəçilik formalarını mənimsəmişdilər. Əlimərdan bəy Topçubaşov, Məmmədyusif Cəfərov, Fətəli xan Xoyski Rusiya Dövlət Dumasının üzvü olublar. Çar Rusiyasında demokratikləşmə ilə bağlı təkliflər veriblər. Təcrübə mövcud idi. Həmin təcrübənin əsasında Şərqdə ilk dəfə qadınlara səs vermə və seçilmə hüququ tanındı.
Akif Aşırlı: Onların müəyyən təcrübələri var idi. Arxivdə çalışanda gördüm ki, 1917-ci ildə bir neçə kitabça çap ediblər. O kitabçaların mahiyyəti siyasi maarifçilik işi aparmaq idi. Kitabçaların birində mövzu bu idi ki, dünyada dövlətlər necə yaranır? Avtoritar dövlətlər necədir ?, konstitusiyalı monarxiya nədir? Azərbaycan hansı sistemə keçməlidir? Rusiya müsəlmanları öz müstəqilliklərini əldə edəndə hansı dövlət quruluşunu seçməlidir? və s. M.Ə. Rəsulzadənin Ə Solikovla ayrıca bir kitabı çıxıb onunla bağlı. Milli - mədəni müxtariyyət yaxud istiqlal fikirləri müzakirəyə çıxarılıb. Məclisi - məbusan nə deməkdir? Parlament nə deməkdir, parlamentli respublika necə olur? Cümhuriyyət nədir? Bunlar mətbuat səhifələrində dərc olunurdu. Onlar Avropada təhsil almışdılar və dünya görüşləri zəngin idi. Azərbaycan xalqının xarakterinə uyğun bir sistem seçmək lazım idi. Şərq idarəçiliyindən demokratik sistemə keçmək məqbul idi. Çünki onların ideyaları bu idi. Ona görə də bu yolu seçdilər.
Ceyhun Nəbi: Azərbaycan xalq Cümhuriyyəti dönəmində kadr çatışmazlığı problemi vardı. O kadr çatışmazlığının nəticəsi olaraq, AXC yıxılmağa məcbur oldu. Zənnimcə, M.Ə. Rəsulzadə o dövrdə özünü idarəçilik üçün hazır bilməyib. Fətəli bəy Xoyski, Nəsib bəy Yusifbəyli kimi şəxslər ən azından orada bir nazir vəzifəsini icra edə bilərdi. Məsələn, onda Bakıda və Gəncədə müəyyən qədər kadrlar vardı. Cümhuriyyətin güc mərkəzləri bu iki şəhər sayılırdı. Belə ağır şəraitdə münasibətləri tənzimləmək üçün geniş dünya görüşə malik şəxslər lazım idi. Əlimərdan bəy Topçubaşov ən böyük dühamız idi. Ona görə, onu Parisə göndərmişdilər. Nəsib bəy və Fətəli xan Xoyski də onun kimi.
Elmar Həsənli: M.Ə.Rəsulzadə bir ideoloq idi. Onun idarəçilikdə iştirakını vacib bilmirəm. Amma bu insan ideoloq idi. Cümhuriyyətin milliyyət və millət anlayışını nəzəri və praktiki cəhətdən ortaya qoymuşdu. Məsələn, Fətəli xan Xoyskinin Tomsonla diplomatik danışıqları var. Nəsib bəy Yusifbəylinin diplomatik danışıqları ortadadır. Topçubaşovun diplomatik danışıqlarına baxırsınız. Onları hüquqşünas idilər.
Ceyhun Nəbi: M.Ə.Rəsulzadə Milli Şuranın ilk sədri olub. Yaxşı, onun idarəçilik qabiliyyəti zəif olubsa, necə olub ki, Müsəlmanların Zaqafqaziya Seymində fraksiyasının rəhbəri olub ? Nağı bəy Şeyxzamanlının bir məqaləsində qeyd olunur ki, Rəsulzadə Məhəmmədhəsən Hacınskinin təşkil olunmalı olan hökumət kabinetində təhsil naziri vəzifəsinə razılaşıb.
Elmar Həsənli: Həm də sistem baş nazirlik sistemi idi. "Azərbaycan" qəzetində bir illiklə bağlı buraxılışı var. O buraxılışda Azərbaycanın hökumət nümayəndələrinin sıralanması göstərilir. İdeoloq kimi birinci M.Ə. Rəsulzadə gəlir. Batumi sülh müqaviləsində o insanın böyük xidmətləri var. Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsində onun böyük xidmətləri olub. Məsələn, Azərbaycan Cümhuriyyəti tələbələrinin xaricə göndərilməsində bu şəxsiyyətin xidmətləri danılmazdı. Azərbaycan istiqlal davası və məfkurəsini ortaya qoyanlardan biri Rəsulzadə olub.
- Bəs niyə 23 ay yaşadılar ?
Elmar Həsənli: Bu məsələdə beynəlxalq siyasi vəziyyəti nəzərə almaq lazımdır. Sosial vəziyyət və regionun şəraiti də göz önünə gətirilməlidir. Bunları nəzərə alaraq o dövrün liderlərinə qiymət vermək lazımdır. Onlar millət olaraq Azərbaycan adını coğrafi məkandan siyasi anlama gətiriblər. Azərbaycan üçrəngli bayraqla soyu eyni, düşüncələri isə fərqli olanları bir amal ətrafında topladılar. Məfkurə və böyüklük budur.
Ceyhun Nəbi: Cümhuriyyətin 23 ay yaşamasının əsas səbəblərindən biri kimi beynəlxalq vəziyyəti görürəm. Çünki Osmanlı imperiyası məğlub olurdu. Osmanlı imperiyası güclü qalsa idi, bolşeviklər cürət edib, Cümhuriyyətin üzərinə gələ bilməzdi. Beynəlxalq siyasətdən əlavə, kadr çatışmazlığı və "5-ci kolon" öz işini gördü.
Elmar Həsənli: Azərbaycan Cümhuriyyəti Tiflisdə elan olundu. Bakı isə daşnakların əlində idi. Ən böyük amil neft amili idi. Məsələn, beynəlxalq aləmi Cümhuriyyəti de-fakto tanıdı. De-yure tanımadı. De-yure tanınsaydı, işğalda günahkar olacaqdılar. Həm də həmin dönəmdə Osmanlı Sevr müqaviləsi ilə 80 faizini itirmişdi. Deyirlər ki, Cümhuriyyətin yıxılmasında Atatürkün də xidmətləri var. Məsələn, aprel ayının 26-da onun bir məktubu var. O məktub Moskvaya iyun ayının 3-də çatır. Amma Cümhuriyyət aprel 28-də dağıldı. Həm də beynəlxalq şərait elə bir vəziyyət gətirmişdi ki, Cümhuriyyət getməli idi. Həmin məktubda qeyd olunur ki, Sovet Rusiyasının kömək olunacağı təqdirdə Azərbaycanın bolşeviklərə keçməsinə şərait yarada bilər. Amma həmin məktub gec çatdı. Məktub çatana qədər Cümhuriyyət yıxılmışdı. Azərbaycan sovetləşdikdən sonra Atatürkün xidmətləri oldu . Məmdük Şövkət Esendalı Azərbaycana səfir göndərdi. O da Azərbaycan Cümhuriyyətinin lideri olan Nəsib bəy Yusifbəylinin ailəsinin buradan çıxmasına böyük yardımlar göstərdi. Naxçıvanın Azərbaycanın tərkibində saxlanmasında Atatürkün rolu böyük oldu. Əslində bu gün Atatürkün Cümhuriyyətə, Cümhuriyyətin Atatürkə münasibəti məsələsinin qabardılmasının alt qatında başqa mətləblər dayanır. Bunu etməklə Türkiyə - Azərbaycan münasibətlərinə zərbə vurmaq istəyirlər. Atatürk iki dövləti birdən necə qoruya bilərdi? Batumi müqaviləsində Xalq Cümhuriyyətini tanıyan Osmanlı oldu. Azərbaycan Sovet Respublikasını tanıyanlar da elə türklər oldu. 1991-ci ildə də Azərbaycanın müstəqilliyini ilk tanıyan Türkiyə oldu. Bu faktdır. İndi bəzi bolşevik düşüncəli qüvvələr Azərbaycan və Türkiyənin yaxınlaşmasını istəmirlər. Azərbaycan Cümhuriyyət liderlərinin Türkiyədə yaşamasına şərait yaradan da məhz türklər olub.
Ceyhun Nəbi: Çox vaxt deyirlər ki, Atatürk öz imzası ilə Rəsulzadəni qovub. Atatürk Xəlil bəyi, Şəmil bəyi, Xosrov bəyi niyə qovmadı?
Akif Aşırlı: Rusların təzyiqləri vardı. Dərginin birini bağlayırdılar, onlar da gedib başqa bir dərgi açırdılar. 30-cu illərdə sovetlərlə Türkiyə arasında yeni müqavilələr imzalandı. Həmin o müqavilədən kənar aparılan müzakirələrdə tələb edirdilər ki, M.Ə.Rəsulzadə oradan çıxsın. Rəsulzadənin buraxdığı dərgilərə Atatürkün maliyyə yardımı ayırmasına dair məlumatlar var. Atatürk bunu gizlin edirdi. Atatürk bolşevizmi, kommunizmi qəbul etməyib. Ona qəbul etdirməyə çalışıblar. Bu barədə məqaləm də olub. Bunlar sadəcə Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək üçün belə məsələləri ortaya atırlar. Rusiyanın təsir dairəsində olan adamlar bunu tez-tez gündəmə gətirir
Elmar Həsənli: Rəsulzadə Atatürkün qəbrini ziyarət edib. 1938-ci ildə onunla bağlı bir yazı yazıb. Rəsulzadənin Atatürkə verdiyi qiyməti bu cümlədə daha yaxşı əks olunur: Atatürk qəhrəmanlar üçün deyil, Türkiyənin bütövlüyü üçün ağlayan türk millətinin göz yaşını sildi. Bu, Rəsulzadənin Atatürkə verdiyi ən böyük qiymətdir.
Hazırladı: Ayyət ƏHMƏD