Atdığı addımlar xalqı qane etməyib

İvanişvilinin siyasətə qayıdışı birmənalı qarşılanmayacaq





2018-ci ilin payızında Gürcüstanda prezident seçkiləri keçiriləcək. Seçki ərəfəsində siyasi qüvvələrin ciddi canlanması müşahidə edilir. Ötən gün "Gürcü Arzusu” iqtidar partiyasının lideri, milyarder Bidzina İvanişvili siyasətə qayıtmağa və partiyaya rəhbərlik etməyə razılıq verib. Baş nazir Giorgi Kvirikaşvilinin verdiyi açıqlamaya əsasən, hakim komanda adından partiyanın qurucusuna rəhbərlik təklif edilib və Bidzina İvanişvili buna razı olub.

Məlumat üçün deyək ki, İvanişvili 2011-ci ildə siyasi səhnəyə çıxıb və onun rəhbərliyi ilə "Gürcü Arzusu” partiyası yaradılıb. 2012-ci il parlament seçkisindən sonra digər müxalif qüvvələrlə koalisiya şəklində hakimiyyətə gəlib. Bununla da üçüncü prezident Mixail Saakaşvilinin "Vahid Milli Hərəkat” partiyasının 9 illik hakimiyyəti sona çatıb. 2013-cü ildə Gürcüstanda Giorgi Marqvelaşvili prezident seçiləndən sonra İvanişvili siyasətdən getdiyini açıqlayıb.

Seçkiqabağı yaşanan prosesləri "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu deyib ki, Gürcüstanda İvanişvilinin hakimiyyətə qayıda bilməsi ehtimalına münasibət birmənalı deyil. Çünki iqtidarda olduğu dövrdə İvanişvilinin atdığı addımlar xalqı qane etməyib və nəticə etibarilə Saakaşvilinin reytinqi yenidən qalxıb:

"Saakaşvilinin yaxın zamanlarda Gürcüstana qayıdacağı ehtimalı da yüksək deyil. Ən azı ona görə ki, onun barəsində cinayət işi açılıb və o, ölkəsinə qayıdan kimi həbs olunmaq təhlükəsi ilə üz-üzədir. Gürcüstanın xarici siyasətində isə ciddi dəyişiklik gözlənilmir. 

Ölkənin siyasi kursu ilə bağlı Saakaşvili ilə İvanişvili tərəfdarları ortaq mövqe nümayiş etdirirlər. Bunu dünyaya mesaj kimi də qiymətləndirmək olar. Yəni gürcülər milli maraqlar naminə birləşə bilirlər. Buna baxmayaraq, Saakaşvili Rusiya üçün arzuolunmazdır. Bu baxımdan, Kreml İvanişviliyə müsbət cavab verə bilər.Yenə də yekun qərarı gürcü xalqı özü verəcək”.

İsmayıl