"ATƏT Azərbaycanın başının altına yastıq qoymaqla məşğuldur" - DEPUTAT




"Həmsədrlərin yerini dəyişməklə cəm dəyişmir. ATƏT-in Minsk qrupunun siyasəti də dəyişmir”.

Bu sözləri Sherg.az-a Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqlandın regiona səfəri və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atacağı addımdan danışarkən millət vəkili Aqil Abbas deyib. 

Deputat bildirib ki, ATƏT yalnız Azərbaycanın başının altına yastıq qoymaqla məşğul olan təşkilatdır:

"Yeni həmsədr isə həmin yastığı qu tükündən hazırlayıb, qoyacaq. Onlar danışıqları 24 ildir davam etdirir, guya sülh istəyirlər. Hələ bir 240 il də bunu beləcə aparmaq fikrindədirlər. Bütün bunlar hamısı Ermənistanın "nazeləmə oyunu”ndan başqa bir şey deyil”.

Qeyd edək ki, Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland digər həmsədrlərlə regiona səfərlə bağlı ən uyğun vaxtı müəyyənləşdirmək üçün sıx şəkildə məsləhətləşmələr apardıqlarını deyib. 

Diplomat bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həmsədrlər tərəflərlə uzunmüddətli həllə gətirib çıxara biləcək istənilən yolla işləməyə hazırdırlar.

Aysel Aslan