İstanbulun izdihamından, şəhər həyatının gərginliyindən və zəlzələ qorxusundan yorulan Başak Varol həyatını kökündən dəyişmək qərarına gəlib.
Sherg.az xəbər verir ki, 6 fevral zəlzələlərindən sonra böyük şəhərdə yaşamağın onun üçün mümkün olmadığını düşünən Başak ailəsi ilə birlikdə Əskişəhərdə kəndə köçüb. Ailəsi ilə birlikdə yararsız vəziyyətdə olan kərpiç evi bərpa edən Başak daha sonra qızı Ela ilə birlikdə öz brendini yaradıb.
Kənd həyatına uyğunlaşan Başak həyətində tərəvəz yetişdirir, toyuqlara qulluq edir, əl işləri hazırlayır. O, qızı ilə birlikdə punch tikmə, soya mumundan bitki əsaslı şamlar və polimer gildən aksesuarlar hazırlayaraq kiçik biznesə başlayıb.
Başak bildirib ki, kəndə köçdükdən sonra ən böyük dəyişiklik öz potensialını kəşf etməsi olub:

“İstanbulun sıxlığı, narahatlığı və stresi səbəbindən potensialımızdan tam istifadə etmədiyimizi anladım. Burada bir şeyi öz əlinlə etmək, istehsal etmək və günün sonunda əməyinin nəticəsini görmək insana həyatın əsl mənasını xatırladır”.
Onun sözlərinə görə, kənd həyatı qızı Ela üçün də böyük dəyişiklik yaradıb. Qızı ağacdan meyvə toplamağı, torpaqla oynamağı və öz təxəyyülü ilə nələrsə yaratmağı öyrənib.
Başak kənd həyatının çətinliklərindən də danışıb. O, xüsusilə Əskişəhərin sərt və quru soyuğunun ona çətinlik yaratdığını deyib:
“Qışda barmaqlarım keyiyir, bənövşəyi rəng alır. Hər yer buz bağlayır. Soyuqda çöldə işləmək, heyvanlara qulluq etmək fiziki baxımdan məni ən çox yoran məsələdir”.
Başakın sosial şəbəkələrdə toyuqları ilə görüntüləri də böyük maraq doğurub. O, toyuqları ilə danışdığını və onlarla vaxt keçirdiyini bildirərək onların çox xüsusi heyvanlar olduğunu deyib.
Kəndə köçmək qərarına yaxınlarının əvvəlcə inanmadığını söyləyən Başak “Bir il sonra geri qayıdarsan” deyənlərə baxmayaraq qərarından dönməyib.
O, qadınların iqtisadi müstəqilliyinin vacibliyini də vurğulayıb:
“Qadın özünü, gələcəyini, ümidlərini və arzularını, hətta valideynləri olsa belə, başqa bir insanın vicdanına buraxmamalıdır. Hər kəs çalışmalı, istehsal etməli, öz pulunu qazanmalıdır”.
Başakın həyatındakı ən böyük dəyişiklik isə psixoloji vəziyyəti ilə bağlı olub. O bildirib ki, İstanbulda yaşadığı müddətdə güclü narahatlıq və panik ataklarla üzləşib, hətta avtomobil idarə etməkdən qorxmağa başlayıb.
“Buraya köçdüyümdən bəri panik atakdan əsər-əlamət qalmayıb. Artıq avtomobilimə minib şəhərdən kənara səfərlərə çıxa bilirəm. Bu gün özümə daha çox güvənirəm”, -deyə o qeyd edib.
Başak hesab edir ki, insan bəzən hər şeyi geridə qoyaraq yenidən başlamaqdan qorxmamalıdır:
“Əsl cəsarət beton yığınlarının arasında tükənməyi gözləmək deyil, öz əllərinlə təhlükəsiz və sakit bir həyat qurmağı bacarmaqdır”.