ATƏT PA-dan Azərbaycana DƏSTƏK: "Ərazi bütövlüyü toxunulmazdır"




ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və Təhlükəsizlik Komitəsinin Minskdə keçirilən bugünkü iclasında "ATƏT regionunda Sülh və Rifah naminəQarşılıqlı İnam və Əməkdaşlığın genişləndirilməsinə dair” qətnaməlayihəsi müzakirə edilib.
Lent.az-ın məlumatına görə, toplantıda Ermənistan və Azərbaycan nümayəndə heyətləri qətnamə layihəsinə əlavələrin olunması ilə bağlı təkliflərlə çıxış edib.
Erməni deputatların xalqların öz müqəddəratını təyin etmə prinsipinin qətnaməyə əlavə edilməsi təklifi PA tərəfindən rədd edilib.
ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin iki mühüm təklifi Assambleya tərəfindən səs çoxluğu ilə qəbul edilib. Azay Quliyevin təklifi ilə qətnamənin 8-ci bəndinə edilən dəyişikliyə əsasən "ATƏT ərazisində münaqişələrin həll edilməsi prinsipləri qeyd edilir və problemin həllinin yalnız münaqişələrə cəlb olunmuş ölkələrin ərazi bütövlüyü, beynəlxalq birlik tərəfindən tanınan sərhədləri və suverenliyi çərçivəsində həlli tələb edilir”.
Azay Quliyev tərəfindən qətnamənin 14-cü maddəsinə edilən digər dəyişikliyə görə, "ATƏT regionundakı məcburi köçkün və qaçqınların doğma torpaqlarına könüllü, təhlükəsiz, ləyaqətlə və maneəsiz şəkildə qayıtması qeyd olunur və mülkiyyət hüququndan məhrum edilmiş insanların humanitar vəziyyəti ilə bağlı narahatlığı ifadə edilir”.
Komitənin iclası öz işini bu gün də davam etdirir.


***
10:10
"Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması, mülki əhalini bilərəkdən hədəfə alması, xüsusilə də bu yaxınlarda 2 yaşlı azərbaycanlı Zəhra Quliyevanın cəbhə xəttində Ermənistanın işğalçı qüvvələri tərəfindən qətlə yetirilməsi dözülməz haldır. Biz, parlamentarilər olaraq bu "körpə qatillərini” şiddətlə qınayıb onların layiq olduqları cəzanı almalarını tələb etməliyik ki, onlar etdiklərindən ruhlanıb öz cinayətlərini gələcəkdə də davam etdirməsinlər".
Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, bu fikirləri ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsinə təqdim olunan hesabat layihəsi haqqında çıxışı zamanı bu qurumun vitse-prezidenti Azay Quliyev deyib: "Hər birimizə aydın olmalıdır ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları münaqişənin kökündə duran əsas məsələdir. Ermənistan xalqı öz müqəddəratını təyin etmək və bərbərlik hüququ kimi nəcib prinsipləri öz xeyrinə təhrif edərək Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarını və işğal olunmuş əraziləri özünə birləşdirmək niyyətini gizlətmək istəyir. Buna görə də, ümumi prinsiplərin bu cür sui-istifadəsinə Assambleyanın imkan verməməsi yüksək əhəmiyyət daşıyır. Öz müqəddəratını müəyyən etmək hüququnun mənası və əhatə çərçivəsi beynəlxalq hüququn müvafiq sənədlərində aydın formada göstərilir. Xüsusən də, Helsinki Yekun Aktında qeyd olunur ki, öz müqəddəratını təyin etmək hüququ yalnız dövlətlərin ərazi bütövlüyünə uyğun olaraq həyata keçirilə bilər”.