“Axtarıb düzgün mexanizm tapmaq və sürücülər arasında effektiv maarifləndirmə aparmaq lazımdır”
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə "Təmiz hava” aylığı keçirir. Məqsəd atmosferin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısını almaqdır.
BŞDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib ki, ekologiya postu kimi tanınan ərazidə hərəkətdə olan bütün növ nəqliyyat vasitələri əməkdaşlar tərəfindən saxlanılır və bir-bir yoxlanılır.
Vaqif Əsədov qeyd edib ki, bəzi hallarda sürücülər nəqliyyat vasitəsinin mühərrikinin zavod ayarlarını dəyişdirir. Bu, havaya buraxılan zəhərli qazların miqdarını kəskin sürətdə çoxaldır. Belə hallar aşkar olunduqda sürücü haqqında protokol tərtib edilir.
"Bəzən daşıdığı yükün dartıcı qüvvəsini artırmaq üçün yanacaq sərfiyyatını artırırlar. Yanacaq sərfiyyatının artması avtomobilin yük daşımasına bir növ təkan vermiş olur. Lakin bu, mühərrikdən çıxan tüstünün tərkibində zəhərli qazların çox olması deməkdir ki, belə faktlara qarşı tərəfimizdən mütəmadi olaraq tədbirlər davam etdirilir. Ümumiyyətlə, dislokasiya üzrə təhkim edilmiş ərazidə hətta belə bir təhlükəsizlik ayının keçirilib keçirilməməsindən asılı olmayaraq tərəfimizdən nəzarət edilir”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Vaqif Mansurovun sözlərinə görə "Təmiz Hava” aylığının məqsədi həm də sürücülərin marifləndirilməsidir:
"Biz ekoloji təbliğat aparmağa əsasən üstünlük veririk. Yəni səhərlər təsərrüfatlarda maşınlar reydə çıxmamış biz onların sürücülərini və rəhbərliyini dəvət edirik. Onlarla bu barədə söhbət edirik. Tədbirin mahiyyəti onlara aydınlaşdırılır və ondan sonra onlara eyni zamanda bu tədbirin vacibliyi başa salınır”.
Sürücülərə və avtonəqliyyat müəssisələri rəhbərlərinə bir daha xəbərdarlıq edilir ki, avtomobilləri yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismar etsinlər. Bu qaydalara uyğun olmayan avtomobilləri istismara buraxan fiziki və hüquqi şəxslər məsuliyyət daşıyırlar. Qeyd edək ki, Bakı ilə yanaşı respublikanın böyük şəhərlərində keçirilən "Təmiz Hava” aylığı avqustun 31-dək davam edəcək.
Bu cür tədbirlərin keçirilməsinin vacib olduğunu vurğulayan nəqliyyat üzrə ekspert Ərşad Hüseynov son illər ekoloji məsələlərə diqqətin artmasının təqdirəlayiq olduğunu deyib.
Atmosfer çirklənməsinin 60 faizini məhz avtomobillər tərəfindən ixrac olunan qazların təşkil etdiyini deyən Ə.Hüseynovun sözlərinə görə, mövcud problemin aradan qaldırılması baxımından bu cür tədbirlərin keçirilməsi son dərəcə əhəmiyyətlidir. Hesab edirəm ki, ictimaiyyət də bu məsələdə Yol polisinə dəstək verməli və əhali arasında avtomobillərdən az istifadə etməklə velosiped və digər yüngül avtonəqliyyat vasitələrinə üstünlük verilməlidir.
Ekspert məsələ ilə bağlı İnzibati Xətalar Məcəlləsindəki maddəni də göstərib:
"İnzibati Xətalar Məcəlləsinin 342.5 maddəsi ilə xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşə yuyanları və ya təkərləri və şinləri və ya mühərriki yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 50 (əlli) manat cərimə edilir. Ancaq mühərrikində problem olan avtomobilin sürücüsünü saxlayıb 50 manat cərimə yazmaqla problem həll olunmur. Sürücü gedib cəriməsini ödəyir, nasazlıq isə yerindəcə qalır. Avtomobil yenə də əvvəlki kimi havanı zəhərləyir. Axtarıb düzgün mexanizm tapmaq və sürücülər arasında effektiv maarifləndirmə aparmaq lazımdır ki, sürücülər cəriməni ödəməklə özlərini problemlərini həll etmiş hesab etməsinlər”.
Şəymən