Autistik uşaqları xəstə adlandırmaq olmaz, çünki onlar qeyri-adi istedada malik olurlar
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uşaqların fiziki və mənəvi baxımdan sağlam olması vacib şərtdir. Onların bu yöndə inkişaf etməsi ölkəsinin, yaşadığı cəmiyyətin, xalqının inkişaf göstəricisidir də deyə bilərik. Çünki uşaq hansı mühitdə böyüyürsə, gələcəkdə məhz o mühitdə görüb-götürdüklərini nümayiş etdirir. Amma çox təəssüflər olsun ki, bütün uşaqlar həyatda tam sağlam ola bilmir. Bəzi uşaqlar anadangəlmə, bəziləri də sonradan qazanılan xəstəliklərdən əziyyət çəkirlər. Bu baxımdan son zamanlar uşaqlarda yaşanan psixoloji problem - autizmi misal çəkmək olar. Son illər ünsiyyət problemi ilə doğulan, yəni ətrafdakılarla təmas qurmaq istəsə də, bunu edə bilməyən autizmli uşaqlara qarşı diqqət artıb.
Onların bu problemləri isə xəstəlik yox, fərqli bir xüsusiyyət kimi qiymətləndirilir. Autizm erkən yaşlarda valideynlər tərəfindən aşkar olunur. Mütəxəssislər də uşaqlarda bu problemi müəyyənləşdirdikdən sonra xüsusi, uzun müddət və həddindən artıq səbr tələb edən reabilitasiya proqramı başladılır. Autizmli uşaqların əsas fərqləndirici əlaməti göz kontaktının olmamasıdır. Müalicəsi olmayan autizmdən əziyyət çəkən uşaqlarda artıq 2-3 yaşdan etibarən xəstəliyin simptomları özünü büruzə verir. Ən dəqiq diaqnoz 3 yaşında qoyulur. Lakin valideyn uşaqda olan dəyişikliyi daha tez hiss etməlidir.
Qeyd edək ki, autizm erkən yaş dövründə başlayan, həyat boyu davam edən sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə birlikdə qəbul olunan neyropsixiatrik bir pozuntudur. Autizm - özünə qapanma və real həyatda uzaqlaşma kimi təzahür edilir. Autizm ilk dəfə olaraq 1943-cü ildə amerikalı uşaq psixiatrı Leo Kanner tərəfindən "Erkən uşaqlıq autizmi” olaraq adlandırılıb. Uşaq gördüklərini, eşitdiklərini, hiss etdiklərini doğru şəkildə qəbul edə bilmir və bu səbəbdən ictimai əlaqələrdə və davranışlarda ciddi problemlər yaranır. Bəzi mütəxəssislər autizmin beyindəki neyronların normadan az olması ilə bağlı olduğunu qeyd edirlər. Peşəkarların fikrinə görə, autistik uşaqları xəstə adlandırmaq olmaz, çünki onlar qeyri-adi istedada malik olurlar. Belə uşaqlar böyüdükdən sonra rəssamlığa, musiqiyə, poeziyaya, riyaziyyata həvəsləri olur.
Sosial şəbəkələr vasitəsilə sorğu keçirərək bir neçə autizmli uşaq haqqında məlumat toplayıb, onların və ailələrinin daha çox nələrdən əziyyət çəkdiyini öyrəndik.
5 yaşlı Leylanın anası qızında bu xəstəliyin simptomlarını artıq 2 yaşından hiss elədiyini deyib. Autizmə aid olan bir sıra əlamətlərin Leylada özünü büruzə verdiyini qeyd edən gənc ana deyib ki, yaşıdları ilə müqayisədə onun sərbəst danışmaq imkanları çox məhduddur: "Sosiallaşmaq baxımından da Leyla çox əziyyət çəkir və çoxlu insan olan yerdə qala bilmir. Həkimləri deyir ki, bu cür uşaqlar daha çox oyuncaqlarla oynamalı və özləri müxtəlif oyunları kəşf etməlidirlər. Ancaq oyuncaqlar həddindən artıq baha olduğu üçün biz Nərminin tələbatını ödəməkdə çətinlik çəkirik. Bəlkə də, bu səbəbdən onun inkişafı ləng gedir”.
15 yaşlı Nərmin də autizm sindromundan əziyyət çəkir. Həkimə vaxtında müraciət olunmadığından Nərminin əqli inkişafında həddindən artıq ləngimə var.
Bacısının dediyinə görə, ətrafa qarşı maraqsız olan Nərmin də ancaq özü ilə oynayır. Çağıran zaman cavab vermir, insanlarla göz ünsiyyətindən yayınır. 4 ildir psixoloji dəstək alır. Bu səbəbdən onun vərdişlərində müəyyən qədər irəliləyiş olsa da, həkimə müraciətin gecikdirilməsi onun sağalma imkanlarını xeyli dərəcədə məhdudlaşdırır. Həkimləri deyib ki, vaxtında üstünə düşülsə, onun vəziyyəti daha yaxşı ola bilərmiş.
7 yaşlı Vüsalın anası isə oğlunun autizm sindromlu olduğunu İranda müayinə zamanı öyrənib.
Bu uşaqların dərdinin çarəsi dərmanda yox, məşğələlərdə və müxtəlif oyunlardadır. Oğlumun daha çox musiqiyə həvəsi olduğu üçün onu bu sahəyə yönləndirdim ki, daha tez irəliləyiş əldə olunsun. Vüsalın musiqi duyumu həddindən artıq güclüdür və asanlıqla ritmi tuta bilir. Hiss edirəm ki, musiqi məşğələlərində olan zaman onun əhvalı daha yüksək olur.
5 yaşlı Nərgizin xəstəliyi vaxtında aşkarlandığı üçün onun durumu qənaətbəxşdir. Belə ki, əvvəllər ünsiyyətdən çəkinən suala sualla cavab verən Nərgiz uğurlu pedaqoji işlərdən sonra onun nitqi normallaşıb. İndi ona verilən suallara normal cavab verir və ünsiyyətə girməkdən çəkinmir. Davranış pozuntuları tamamilə aradan qalxıb. Valideynlərini tanıyır və doğmalarına adı ilə müraciət edə bilir.
"Autizm və İnkişaf Mərkəzi”nin direktoru Almara Məlikovanın sözlərinə görə, müasir tədqiqatçılar autizmi əsasən əsəb sisteminin patalogiyası ilə əlaqələndirirlər: "Maddələr mübadiləsinin anadangəlmə pozulması və ya orqanik zədələnməsi, hamiləlik dövründə və doğuş zamanı yarana bilər, epilepsiya sindromu ilə və yaxud bir sıra uşaq xəstəliklərinin (məs, qızılca, məxmərək və s.) kəskinləşməsi ilə meydana gələ bilər. Onun sözlərinə görə, autizmin autizm, asperger sindromu, rett sindromu, uşaqlıq dezinteqrativ pozuntusu, atipik autizm kimi spektr pozuntuları var. Əsas simptomları isə ümumi xarakter daşıyır: sosial münasibətlərdə pozğunluq, nitq və ünsiyyətdə pozğunluq, təxəyyüldə pozğunluq:
"Autizmli uşaqlar başqalarına qarşı maraqsız olur, göz təmasından qaçır, başqaları ilə ünsiyyət qurmur, istəklərini başqalarının əllərindən istifadə edərək ifadə edir, digər uşaqlarla oynamır, uzun müddət ərzində eyni mövzu üzərində danışır, səbəbsiz olaraq ağlayır, gülür və səbəbsiz davranışlar nümayiş etdirir, mənasız sözləri ardıcıl təkrarlayır. Autizmli uşaqların digər xüsusiyyətləri odur ki, predmetləri davamlı olaraq çevirməkdən xoşu gəlir, yaradıcılıq tələb edən oyunları oynaya bilmir, hər şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq reaksiya verir, hər hansı bir yenilik onlar üçün qorxulu və qeyri-müəyyən olur, davamlı olaraq eyni oyunları oynayır, ağrıya qarşı laqeyddir, səslərə qarşı həddindən artıq həssaslıq və ya həddindən artıq laqeyddir.
Belə uşaqlar tək qalmağı xoşlayır, təmasdan və qucağa alınmaqdan xoşu gəlmir, ehtiyaclarını ifadə etməkdə çətinlik çəkir, danışmaq əvəzinə hərəkətlərlə ehtiyaclarını ifadə etməyə çalışır, həddindən artıq hərəkətlilik, ya da həddindən artıq hərəkətsizlik müşahidə olunur”.
A.Məlikova hesab edir ki, valideynlər uşaqlarında qeyd edilən xüsusiyyətlərin bir neçəsini müşahidə edərsə, vaxt keçirmədən bir psixoloqa müraciət etməlidir.
Çünki ilkin diaqnoz çox önəmlidir. Valideynlərin uşağın davranışlarını müşahidə etməsi, müqayisəsi, bəzi problemləri erkən fərq edə bilmələri çox əhəmiyyətlidir:
"Körpədə autizmin olmasını hamiləlik dövründə müəyyən etmək mümkün deyil. Autizmin diaqnozu uşaq psixoloqları tərəfindən də qoyula bilər. Öncə uşağın inkişaf pillələrini, oyun şəkillərini, yaşıd əlaqəsini, maraq sahələrini, şifahi və emosional ünsiyyətini müayinə etməli, valideynləri ilə müsahibə apararaq, uşağın inkişafında əsas diqqəti çəkən problemləri öyrənmək, doğuş və sonrakı dövrləri uşağın özünəməxsus xüsusiyyətləri haqqında hərtərəfli informasiya almaq, daha sonra lazım olan bütün testlər edilməlidir”.
Psixoloq Gülnar Orucova isə son vaxtlar autizmli insanların sayının çoxalmasının səbəblərini izah edib. Əvvəllər autizmin müalicəsi olmayan problem kimi qəbul edildiyini qeyd edən psixoloqa görə, 2000-ci ilə qədər autizmi şizofreniyanın bir forması hesab ediblər:
"Rəsmi statistikada autizmli uşaqların sayı az göstərilir, amma qeyri-rəsmi statistikaya görə, daha çoxdur. Valideynlər uşaqlarına həmin diaqnozu qoymaq istəmirlər və fikirləşirlər ki, zamanla düzələcək. Belə uşaqlar daha çox qayğı istəyir, gözləməklə zaman itiririk. Autizm 1 yaş 8 aylıqdan özünü göstərir. Əvvəlcə uşaq bir-iki söz deyir, sonra bu sözlər də itir. Bəzən uşaqlarda ümumi nitqin zəifləməsi də olur, amma autizm artıq klinik diaqnozdur, autizmli uşaqların əsas fərqləndirici əlaməti göz kontaktının olmamasıdır. Onlar bir məkana çəkilib tək oynamaq istəyirlər, əşyalarından ayrılmırlar. Əşyanın özü ilə yox, hissələri ilə oynayırlar. Səbəbsiz yerə ağlayırlar, gülürlər, özləri barədə üçüncü şəxsin dili ilə danışırlar, şəxs əvəzliklərindən istifadə edə bilmirlər”.
Psixoloq hesab edir ki, uşaqda autizm əlamətləri hiss olunarsa, dərhal həkimə müraciət etmək lazımdır: "Autizm klinik bir diaqnoz olduğuna görə psixiatra müraciət olunmalıdır, bəzən valideynlər uşağı oftalmoloqa, lor həkimlərinə aparırlar, onlara elə gəlir ki, uşaq görmür və ya eşitmir. Dünya praktikasında autizm dərmanla müalicə olunmur. Aqressivlik, yuxusuzluq zamanı dərman müalicəsi təyin olunur. Autizm diaqnozunu uşaq nevropatoloqları və psixiatr qoymalıdır, diaqnozu pediatrların və ya psixoloqların qoyması doğru deyil. 3 yaşında uşağın danışmamağını valideyn problem hesab eləmir, lakin bu, artıq ciddi problemdir. Hətta bəzən autizm məktəb yaşında müəyyənləşir”.
Psixoloqun sözlərinə görə, autizmin reabilitasiyasına ən gec 3 yaşa qədər başlamaq lazımdır: "Uşaqlarda 1-3 yaş qızıl dövr adlanır. 5 yaşdan sonra uşağın nitqinin açılması prosesi ləngiyir. Hətta nitq açılsa belə, o, cəmiyyətə inteqrasiya ola bilmir. Çünki hələ nitqin açılması cəmiyyətə inteqrasiya olunmaq demək deyil. Belə uşaqlar vaxtında reabilitasiyanın köməyilə gələcəkdə ata-ananın, qardaş-bacının köməyi olmadan yaşaya bilər”.
Autizmli uşaqlara təyin olunan təqaüdün az olduğunu qeyd edən G.Orucova deyib ki, rəsmi statistikaya düşən uşaqlar təqaüd alanlardır. Təqaüd bir neçə illik və ya 18 yaşına çatana qədər verilir: "Amma müavinət çox azdır, buna görə də çox valideynlər uşaqlarını rəsmi statistikadan keçirmək istəmirlər. Verilən müavinət uşağın reabilitasiyasını xərcini ödəmir. Üstəlik, uşaqlar 10 gün stasionar mərkəzdə yatmalıdır ki, bu da autizmli uşaqlar üçün çətindir”.
Autizmli uşaq sahibi olan ailələrin ən böyük çətinliyinin cəmiyyətdəki ictimai qınaq olduğunu təəssüflə vurğulayan psixoloq bəzən valideynlərin məhz bu səbəbdən belə uşaqları evdən bayıra çıxarmadığını bildirib: "Valideynə necə qınaqla baxılırsa, o utanır, uşağını ictimai nəqliyyata mindirməkdən çəkinir. Bəzən belə səbəblərdən valideyn özü öz uşağından imtina edir, əslində valideynə dəstək olmaq lazımdır. Dünya əhalisinin 1 faizi autizmlidir, hər bir ananın dünyaya autizmli uşaq gətirmək ehtimalı 0,5 faizdir. Bəzən bir uşağı autizmli valideyn ikinci uşağı dünyaya gətirməyə qorxur. Çünki belə halda ikinci uşağın autizmli doğulma ehtimalı 5-15 faizdir. Lakin belə uşaqların ətrafında daha çox insan, ictimai mühit lazımdır”.
G.Orucova autizmli uşaqların təlim-tədris müəssisələrində qarşılaşdığı çətinliklərdən də danışıb: "Məktəbəqədər müəssisələr belə uşaqlar üçün xüsusi qrupların olmadığını əsas gətirirlər. Yüksək funksiyalı autizmli uşaqları orta səviyyəli yaşıdları ilə eyni qrupa salmaq daha məqsədəuyğundur. Autizmdə terapiya həftə ərzində 40 saatlıq proqramı əhatə edir. Bunun çox hissəsi evdə tətbiq olunduğundan, analar üçün də maarifləndirmə proqramı verilməlidir. Azərbaycanda inklüziv təhsil sistemi tam formalaşmayıb, məktəb və bağçalarda həmin uşaqlar aqressiv davrandığına görə onları tez uzaqlaşdırırlar. Lakin əslində autizmli uşaqlar ətraf üçün qətiyyən zərərli deyillər, onlar qayğı və anlayış istəyir, amma ətrafdan bunu görmədikdə daha da aqressivləşirlər. Bu gün autizmli uşaqların bərpasında cəmiyyətin onlara olan münasibətinin faydası daha böyükdür”.
Mütəxəssis autizmli uşaqların qeyri-adi istedada malik olduğunu deyib: "Bu uşaqların bacarıqlarını vaxtında araşdırıb, inkişaf elətdirə bilsək, rəssamlığa, musiqiyə daha çox meyilli olurlar. Bəzən elə autizmli uşaqlar olur ki, 600 illik tarixi danışır, əslində bu, istedad yox, beynin bilinməyən bir mexanizm tərəfindən proqramlaşdırılmasıdır. Bunu inkişaf elətdirsək, gələcəkdə cəmiyyət bundan yararlana bilər.
Şəymən Bayramova
"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”