Avropa Birliyi Türkiyəni yaxına buraxmır

Elçin Xalidbəyli: “Qərbi Avropa dövlətlərinin Türkiyəyə qarşı bu münasibəti həmişə dəyişməz olub”
Natiq Miri: “Düşünürlər ki, Ankaranın AB-yə üzv olması bir çox Avropa ölkələrini kölgədə qoyacaq”


Britaniyanın Baş naziri Devid Kemeron Türkiyənin Avropa Birliyinə (AB) üzvlüyündən danışıb. O qeyd edib ki, Britaniya hökuməti rəsmi Ankaranın AB-yə daxil olmasına mane olacaq. Hökumət başçısının sözlərinə görə, bu birliyə qatılmaq üçün rəsmi Ankara min il gözləməlidir:

"Türkiyənin yaxın zamanlarda AB-yə girməsi ehtimalı sıfırın altındadır. Türkiyənin bu sahədə hazırkı irəliləyişindən belə görünür ki, o, 3000-ci ilə qədər AB üzvü ola bilməyəcək”.

Rəsmi Ankaraya qarşı qısqanclığın səbəbini şərh edən politoloq Elçin Xalidbəyli "Şərq”ə söyləyib ki, D.Kemeronun dedikləri gözlənilməz mövqe deyil. Çünki Qərbi Avropa dövlətlərinin Türkiyəyə qarşı bu münasibəti həmişə dəyişməz olub: "Sadəcə, bəzən həmin dövlətlər bu mövqeni diplomatik variantda gündəmə gətirdiklərindən fərqli düşünmək üçün ümid yaradırdı. Ancaq D.Kemeron ölkəsinin mövqeyini daha açıq-aşkar ictimailəşdirdiyinə görə ona təşəkkür də etmək olar. Onun bu açıqlamasının məzmunu "Türkiyə heç vaxt AB-nin üzvü olmayacaq” anlamını daşıyır. Britaniyalı Baş nazirin bu qədər açıq şəkildə bəyan etdiyi bu mövqeni Fransa, Almaniya və s. aparıcı AB dövlətləri də bölüşürlər. Əlbəttə, bu mövqeni Türkiyəyə qarşı qısqanclıq kimi də dəyərləndirmək olar. Ancaq bunun arxasında qısqanclıqdan da ciddi faktorlar gizlənir. Belə ki, Türkiyə Avropa Birliyi üçün kifayət qədər ciddi təhlükə hesab olunur. Düzdür, adətən, Türkiyənin AB-yə tam hüquqlu üzvlüyündən danışılarkən qardaş ölkənin müxtəlif sahələr üzrə inkişaf səviyyəsinin AB standartlarına cavab vermədiyini bəhanə edirlər. Halbuki, inkişaf səviyyəsinə görə Türkiyədən müqayisəedilməz qədər geridə qalan Şərqi Avropa dövlətlərinin əksəriyyəti artıq çoxdan bu quruma tam hüquqlu üzv qəbul ediliblər”.

Ekspertin qənaətincə, Türkiyəyə münasibətdə ikili standartlar öz aktuallığını qoruyub, saxlamaqdadır: "Türkiyənin Avropa Birliyinin qapıları arxasında illərlə gözlədilməsinin əsl səbəbi isə bu qardaş dövlətin sahib olduğu resurslarla bağlıdır. Türkiyə dünyanın NATO üzvü olan dövlətlərindəndir. Yerləşdiyi regionda və ümumiyyətlə, islam dünyasında təsiredici gücə malik olan əsas söz sahiblərindəndir. Və belə bir dövlətin adıçəkilən təşkilata üzv olması Qərbi Avropa dövlətlərinin həmin qurumdakı hegemon mövqelərini sarsıda bilər. Məsələ ondadır ki, AB-nin qanunvericiliyində bu qurumun əsas strukturlarında rəsmi təmsilçilərin sayı tamhüquqlu dövlətlərin əhalisinin sayına görə müəyyənləşdirilir. 80 milyona yaxın əhalisi olan Türkiyə isə bu göstəriciyə görə hazırda Avropa Birliyi dövlətləri arasında ikinci sıradadır. Bu isə o deməkdir ki, Türkiyə AB-yə tamhüquqlu üzv olarsa, bu qurumda iki əsas söz sahibindən birinə çevrilə bilər. Üstəlik, Türkiyədə əhalinin artım tempi Avropa dövlətlərindən qat-qat üstün olduğundan rəsmi Ankaranın yaxın gələcəkdə Avropa Birliyində liderliyi ümumiyyətlə, öz əlinə keçirtmək perspektivləri də mövcuddur”.

E.Xalidbəyli hesab edir ki, Türkiyənin AB-dən kənarda saxlanmasının ikinci önəmli səbəbi isə qardaş dövlətin müsəlman ölkəsi olmasıyla birbaşa bağlıdır: "Türkiyə bu quruma tamhüquqlu üzv olarsa, onda qardaş ölkənin vətəndaşları həmin təşkilatın sərhədləri çərçivəsində vizasız sərbəst hərəkət etmək imkanı qazana bilərlər. Ona görə də Avropa Birliyi dövlətləri Türkiyənin üzvlüyü halında bu qardaş ölkənin müsəlman vətəndaşlarının kütləvi şəkildə Avropaya axın edə biləcəklərindən narahatdırlar. Çünki belə bir proses baş verərsə, Avropa qitəsinin əhalisi böyük sürətlə həm türkləşə, həm islamlaşa bilər. Bu isə Avropanın müsəlman türklərin nəzarəti altına keçməsi təhlükəsini aktuallaşdırmış olardı. Bütün bunları nəzərə aldıqda, Qərbi Avropa dövlətlərinin, xüsusilə də, Böyük Britaniya, Almaniya və Fransanın Türkiyənin Avropa Birliyinə tamhüquqlu üzv qəbul edilməsinə bu qədər israrla müqavimət göstərməsi qətiyyən təəccüb doğurmamalıdır. Bu baxımdan, müsəlman ölkəsi olan Türkiyənin xristian təəssübkeşliyi faktoru üzərində qurulmuş iqtisadi qurum olan Avropa Birliyinə nə vaxtsa, tamhüquqlu üzv qəbul ediləcəyi qətiyyən inandırıcı deyil”.

Digər politoloq Natiq Miri də bildirib ki, bu qərəzli münasibət qardaş ölkənin potensialı ilə əlaqədardır: "Türkiyə toplumu müsəlman toplumudur. Üstəgəl, qardaş ölkə əhalisinin sayı əksər Avropa ölkəsinin əhalisinin sayından dəfələrlə çoxdur. Digər tərəfdən Avropa əhalisindən fərqli olaraq türk toplumu dinamik toplumdur. Ən nəhayət, Türkiyə çox ciddi şəkildə inkişaf etməkdə olan ölkədir. Ona görə də düşünürlər ki, Ankaranın AB-yə üzv olması bir çox Avropa ölkələrini kölgədə qoyacaq. Ankara qurumda dominant mövqeyə malik olacaq. Bu da xristian dünyasında qəbul olunacaq amil deyil. Bu səbəbdən regionun həlledici ölkəsi olan Türkiyəni heç bir vəchlə təşkilata qəbul etmək istəmirlər. Qardaş ölkədən Rusiya, İran və Şimali Koreya kimi təhdidedici güclərə qarşı bir bufer zonası kimi istifadə etməkdə maraqlıdırlar. Ankara isə bütün bunlardan xəbərdardır və bu oyunlara getmir. Hesab edirəm ki, Türkiyənin AB-yə inteqrasiyası yönündə cəhdləri əbəsdir. Kameronun dediyini səmimi etiraf kimi qəbul etmək lazımdır. Nümayişkaranə şəkildə deyirlər ki, Türkiyənin inkişafı bizi narahat edir”.

Ayyət Əhməd