Avropa Birliyinin hesabatı məyus etdi

Türkiyə rəsmiləri hesab edir ki, düşünülməmiş alınan qərar əlaqələrə çox ciddi ziyan vuracaq


Türkiyənin Avropa Birliyinə üzvlüyü barədə aparılan danışıqların təxirə salınmasını nəzərdə tutan hesabat 477 səslə qəbul olunub. Hesabatı Avropa Parlamentinin Türkiyə üzrə hesabatçısı holland deputat Kati Piri qəbul edib.

Hesabatda 16 aprel referendumunda qəbul edilən konstitusiya dəyişikliklərinin qüvvəyə minməsi halında Türkiyə ilə müzakirələrin "dərhal və rəsmi şəkildə təxirə salınması” çağırışı var idi. Şimali Kipr problemi ilə bağlı isə əsasən Kipr hakimiyyəti və yunanların prinsiplərinə yer verilib.
Avropa Parlamentinin Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı müzakirələrin dayandırılması qərarına Ankara hökuməti tərəfindən ilk reaksiya gəlib.

Türkiyənin Avropa Birliyi naziri Ömer Çelik deyib ki, qərar siyasi xarakter daşıyır: "Qərarı qəbul etmirik. Bizim üçün yox dərəcəsindədir. Bu qərarın qəbul edilməsi tamamilə qərəzlidir. Qərb Türkiyənin inkişafını, dünyada söz sahibi olmasını istəmir. Biz FETÖ və PKK ilə haqlı olaraq mübarizə aparırıq. Çünki hər iki qruplaşma terror fəaliyyəti ilə məşğuldur. Təəssüflər olsun ki, Avropa həqiqəti görmək istəmir və yenidən Türkiyə ilə aralarına "Berlin divarı” çəkirlər. Amma bunun ziyanını onlar özləri çəkəcək”. Çelik Avropa Parlamentini Türkiyədə keçirilən referendumun nəticələrinə hörmətlə yanaşmağa çağırıb.

Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyin Müftüoğlu da qərarı tərəfli və obyektivlikdən uzaq adlandırıb. Onun sözlərinə görə, düşünülməmiş alınan qərar əlaqələrə çox ciddi ziyan vuracaq”.

İsmayıl