Baş nazir: “O qərarın bizim üçün əhəmiyyəti yoxdur”
Avropa Parlamentində Türkiyə - Avropa İttifaqı müzakirələrinin müvəqqəti dondurulması barədə qərar çıxarılıb.
Lent.az-ın "Sözcü”yə istinadən məlumatına görə, Türkiyədə son vaxtlar icra edilən antidemokratik idarəetmə mexanizmləri ilə əlaqədar Türkiyənin Avropa İttifaqına üzv olması ilə bağlı müzakirələr müvəqqəti dondurulub. Səsvermədə 479 nəfər "hə” deyib, 37 nəfər isə qərara qarşı çıxıb.
Qeyd edək ki, Türkiyənin Avropa İttifaqına tam hüquqlu üzvlüyü ilə ilə bağlı müzakirələr 2005-ci ildə başlamışdı.
Dollar bahalaşdı
Avropa Parlamentinin qərarı Türkiyədə dolların kursuna təsir edib. Məhz bu qərardan sonra 1 dollar 3,36 lirədən 3,44 lirəyə qədər bahalaşıb. Bununla da dollar Türkiyədə yeni rekorda imza atıb.
"İkili standartları bütün dünya görür”
"Avropa Parlamentinin qəbul etdiyi qərarın bizim üçün heç bir əhəmiyyəti yoxdur”. APA-nın "Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
O bildirib ki, onsuz da Avropa İttifaqı ilə Türkiyənin münasibətləri rəvan deyil: "Avropa İttifaqı anlamalıdır ki, gələcək perspektivini Türkiyə ilə, yoxsa Türkiyəsiz müəyyənləşdirəcək. Bir tərəfdən Avropanın təhlükəsizliyi üçün Türkiyənin əvəzolunmaz olduğunu bəyan edib, digər tərəfdən belə qərarların qəbul edilməsi ziddiyyətlidir. Avropa İttifaqı ölkələrinin liderlərindən bu qeyri-müəyyənliyə qarşı etiraz bildirmələrini gözləyirik. Avropa İttifaqı bir tərəfdən insan hüquqlarını, mətbuat azadlığını müdafiə edir, digər tərəfdən Rusiyanın mətbuat orqanlarının bağlanması, tədbirlərdən çıxarılması barədə qərar verir. Bu da demokratiya dərsi verməyə çalışanların nə dərəcədə demokratik olduqlarını göstərir, ikili standartlarını bütün dünya görür”.
Çavuşoğlu: "AP özünü alçaldır”
Avropa Parlamenti (AP) Türkiyə ilə bağlı qəbul etdiyi qərarla özünü alçaldır. Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu AP-nin Türkiyənin AB-yə üzvlüyü ilə bağlı danışıqları dondurmasına münasibət bildirərkən deyib.
"Türkiyəni diz çökdürə bilməzlər. Bu qərarın bizim üçün heç bir mahiyyəti yoxdur. Xalqımız bu qərarı rədd edir. AB özünü idarə etməlidir”, - Çavuşoğlu bildirib.
Puşkov: Bu qərar Ankara və Moskvanı yaxınlaşdırır
Avropa Parlamentinin dünən fərqlə Rusiya və Türkiyə barədə qəbul etdiyi qərarlar Ankara və Moskvanı bir-birinə yaxınlaşdırır. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dumasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Dmitri Puşkov deyib.
"AP, AB üçün önəmli olan iki ölkə ilə bağlı qərarlar qəbul etdi. Bu dargörüşlülüyün nəticəsidir. Moskva və Ankaranın bir-birinə yaxınlaşması üçün bundan daha yaxşı fürsət yoxdur”, - Rusiya rəsmisi qeyd edib.
"Avropa demokratiyanı bizdən öyrənməlidir”
Türkiyə Avropa Parlamentinin (AP) qərarını ciddi hesab etmir. Trend "TRT Haber” kanalına istinadən xəbər verir ki, bu barədə Aİ ilə işlər üzrə nazir Ömər Çelik AP-nin Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması üzrə danışıqların dondurulması haqqında qərarına münasibət bildirərkən deyib. Nazir bildirib: "Bu qətnamə tövsiyyə xarakteri daşıyır və hüquqi gücə malik deyil”. Ö.Çelikin sözlərinə görə, qərarın qəbulu Türkiyəyə qarşı ikili standartlardan qaynaqlanır: "Türkiyə ilə Aİ münasibətlərində böhran yoxdur, Birliyin öz daxilində dəyərlərin böhranı mövcuddur. Avropa demokratiyanı bizdən öyrənməlidir.”