Tahir Salahovun rənglərlə pıçıldadığı dünya...

Bəzən dünya bütün rənglərini itirər; boz bir duman çökmüş kimi soyuq, çılpaq və lal qalar. İncəsənət isə məhz bu çılpaqlığı geyindirmək, o lal sükutdan bir musiqi, hətta epoxa yaratmaq sənətidir. 

Azərbaycan incəsənətinin zirvəsində dayanan Tahir Salahov məhz bu ecazın sahibi idi: o, çılpaq mənzərələrin əyninə öz rənglərindən paltar tikən, bozluğun bətnindən rəngarəng bir kainat doğuran ustad idi.

Salahovun əsərlərinə baxanda kətan üzərindəki boyalar qışqırmır, səni yormur. Onlar sanki sakitcə kənara çəkilib səni içəri dəvət edir. 

Bir natürmortun, bir neft estakadasının və ya yorğun bir insanın gözlərində başlayan o dialoq tədricən ruhun pıçıltısına çevrilir. Əgər onun rənglərinin altındakı fəlsəfəni, atası repressiya olunmuş bir uşağın qəlbindəki o sınmaz duruşu anlaya bilsən, rənglər sənə qollarını açar, səni qucaqlayar. Hətta ruhunun yatmış saat əqrəblərinə dirijorluq da edə bilər...

Anlamayanda isə... inciyər, öz sükutuna çəkilər.

O, qara rəngə can verən rəssam idi. Hər kəsin kədər gördüyü bozluqda o, Xəzərin dəli fırtınasını, neftçinin alın tərindəki şərəfi və dözümü görürdü. Onun boyalarında yamaq duran, quru və ruhsuz tək bir zərrə belə tapa bilməzsən. 

...Bütün xətlər, bütün çəkildiyi cığırlar elə bir özünəməxsusluqla axır ki, ən sadə eskizə belə baxanda rəssamın adını oxumağa ehtiyac qalmır, rənglər özü pıçıldayır: "Bu, Tahir Salahovdur."

Onun dəst-xəttində musiqi var idi. Qara Qarayev simfoniyasının dərinliyi, Rastropoviç violonselinin gərginliyi... Salahov kətana boya çəkmirdi, o, kətan üzərində musiqi bəstələyirdi. Və bu musiqi əsrlər keçsə də kəsilməyəcək.

Tahir Salahov həm də fırçası ilə rənglərə yön verən dirijor idi. Bəzən zil rəngləri ram edir, yatıb qalmış bəm səsləri yuxusundan oyadırdı...

Tahir Salahov bizə öyrətdi ki, dünyanı gözəlləşdirmək üçün parlaq işıqlara ehtiyac yoxdur. Əsl sənətkar bəzən ən tünd, ən boz mənzərəyə belə öz daxili işığını salıb, oradan ölməz bir dünya çıxarmağı bacaran insandır. O, getdi, amma qoyub getdiyi o rəngli dünya hələ də bizimlə danışmağa, bizi qucaqlamağa davam edir...

Tural İbrahim, 

Yazıçı-publisist