Avropa Parlamentinin qərəzi: Qərb dairələri Yeqiazaryanın aclıqdan həbsxanada ölməsinə susur

Deputat: "Azərbaycanda olmayan bir məsələyə görə qətnamə qəbul edirlər, amma Ermənistanda baş verənlərə göz yumurlar"
Yanvarın 26-da Yerevanın "Nubaraşen” təcridxanasında saxlanılan jurnalist Mqer Yeqiazaryan ölüb. O Ermənistanın "Haynews.am” sartının rəhbəri və "Erməni qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini idi. Qeyd edək ki, Yeqiazaryan siyasi fəaliyyətinəgörə, hakimiyyətin hədəfində olub və qondarma ittihamlarla həbs edilib. Qeyd edək ki, Yeqiazaryan ötən il dekabrın 5-də qanunsuz həbsinə görə aclıq aksiyasına başlamışdı. Paşinyan hökuməti isə jurnalist-siyasətçinin aclıq aksiyasına məhəl qoymadı. Hətta jurnalist Ermənistan qanunlarının imkan verdiyi "pul girovu müqabilində azadlığa çıxmaq” istəyini bildirsə də, onun bu istəyinə məhəl qoyulmadı. Paşinyan hökümətini tənqid etdiyinə görə həbs edilən Yeqiazaryan aclığı davam etdirdi, səhhəti günü-gündən pisləşdi. Nəhayət 52 gündən sonra o həbsxanada vəfat etdi. Belə deyək ki, "demokrat” Paşinyan söz azadlığını vecinə almadığını nümayiş etdirərək, jurnalisti həbsxanada öldürdü.
Bizi isə başqa bir məsələ maraqlandırır. Belə ki, Yeqiazaryanın faktiki olaraq öldürülməsi ilə bağlı "demokratiya carçısı” olan Qərb təşkilatları Paşinyan hökümətinə heç bir irad bildirmədi. Təsəvvür edin ki, həbsxanada siyasi baxışlarına və fikir ifadəsinə görə bir ictimai fəal öldürülür, amma özlərini hüquq keşikşisi adlandıran Avropa Parlamenti susur? Halbuki, Avropa Parlamenti, Qərbin müxtəlif dairələri olmayan məsələyə görə Azərbaycanı hədəfə götürmüşdü. Həbsdə olan, bloqqer Mehman Hüseynov aclıq aksiyası keçirmədiyi halda, məsələyə başqa don geydirərək, Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul etdi. Bu ikili standart deyilmi? Necə olur ki, Ermənistan hakimiyyəti həbsxanada jurnalisti qətlə yetirir, Avropa Parlamentinin səsi çıxmır? Bundan görünür ki, "insan hüquqları keşikçiləri”nin məqsədi heç də insan hüquqları deyil, öz maraqlarıdır, qərəzli yanaşmalarıdır. Ölkəmizə qarşı ikili standartlarla yanaşan Avropa Parlamentinin bu cür mövqe sərgiləməsinin əslində səbəbi də aydındır.
Görünən odur ki, zaman-zaman Azərbaycana qarşı qərəz nümayiş etdirən bu qurum və orada ölkəmizə düşmən mövqeyi sərgiləyən parlamentarilər erməni lobbisinin təsir dairəsindədirlər. Azərbaycanın inkişafını, ölkə iqtisadiyyatının sürətli inkişafını həzm edə bilməyən ermənilər AP-dakı buyruq qullarına təsir edirlər. Bu təsirlə də ermənipərəst parlamentarilər qərəzli qətnamələrin qəbuluna çalışırlar, bəzən istəkləri də təəssüf ki yerinə yetir. Ermənistanla bağlı məsələ gündəmə gəldikdə isə susqunluq nümayiş etdirirlər. Bununla da AP-nin nə qədər qeyri-ciddi qurum olması üzə çıxır.
Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Ermənistan hökumətinə jurnalistin öldürülməsinə görə "qaşın üstə gözün var” deməyən təkcə Avropa Parlamenti deyil, həmçinin avropalı siyasətçilərdir. Mehman Hüseynov məsələsi ilə bağlı ard-arda bəyanat verən Qərb siyasətçiləri, beynəlxalq təşkilatların nümayəndələri, beynəlxalq QHT lər, media, hazırda Ermənistanla bağlı susurlar. Halbuki M.Hüseynov heç aclıq aksiyası da keçirmirdi. Amma erməni jurnalist Ermənistan paytaxtında həbsxanada öldürülür. Buradan aydın olur ki, M.Hüseynov məsələsində pafosdan istifadə edib, xırda bir halı şişirdən həmin təşkilatlar, siyasətçilər qərəzlidirlər. Erməni lobbisinin təsiri ilə Azərbaycana qarşı düşmənçilik mövqeyi sərgiləyirlər.
Azərbaycan ictimaiyyəti hesab edir ki, ölkəmizə qarşı qərəz nümayiş etdirən Avropa Parlamenti, digər təşkilatlar Yeqiazaryanın Ermənistan hakimiyyəti tərəfindən öldürülməsinə də qiymət verməlidirlər.
Millət vəkili Elman Məmmədov "Sherg.az”a deyib ki, Avropa Parlamentinin 52 gün aclıq keçirən erməni jurnalist-siyasətçisinin aksiyasına bir dəfə də olsun reaksiya verməməsi, bu qurumun nə qədər qərəzli olduğunun göstəricisidir: 
"Aclıqdan erməni jurnalist həbsxanada ölür, yenə də o Avropa təşkilatları, siyasətçiləri səslərini çıxarmırlar. Demək ki, bu şəxslər və təşkilatlar ikili standartı açıq şəkildə ortaya qoyurlar. Azərbaycanda olmayan bir məsələyə görə qətnamə qəbul edirlər, amma Ermənistanda baş verənlərə göz yumurlar. Bunun adı qərəz deyil bəs nədir?!”.
E.Məmmədov bildirib ki, Azərbaycana qarşı istər Avropa Parlamenti olsun, istərsə də ayrı-ayrı siyasətçilər olsun, sifarişlə hərəkət edirlər: 
"Avropa Parlamentində erməni pulu ilə, Azərbaycana düşmən kəsilən müxtəlif fondların yardımı ilə sifarişli qətnamələr hazırlayan, qərarlar qəbul edən bir dəstə deputat mövcuddur. Bunlar muzdlu deputatlardır. Daim hazırkı əməlləri ilə məşğul olurlar. İndi erməni jurnalistin ölümünə susurlar – çünki erməni pulu ilə hərəkət edirlər. Onların Ermənistanda baş verənlərə qarşı susqunluğu təəccüblü deyil”.
Deputat bildirib ki, Avropa Parlamentinin də digər qərəzli Qərb dairələrinin də məqsədi, məramı insan haqları deyil: 
"İnsan hüquqlarına görə Avropa Parlamenti bunları edirsə, 30 ilə yaxındır ki, bir milyona yaxın azərbaycanlının bütün hüquqları Ermənistan tərəfindən pozulub. Sifarişli, muzdlu Avropa Parlamenti bir milyon insanın hüquqlarının bərpası üçün nəyə görə Ermənistana qarşı sanksiya, qətnamə qəbul etmir? Azərbaycan ərazilərinin işğal altında olduğunu Avropa Parlamenti bilmir? Dediklərimin hamısından belə nəticə çıxır ki, Azərbaycana qarşı olan qətnamələr, qərarlar başqa nələr varsa, hamısı qərəzli, məqsədlidir. Bu birbaşa ölkəmizə qarşı düşmənçilikdir. Dövlətçiliyimizə qarşı yönələn hərəkətlərdir. Bu erməni jurnalistin həbsxanada öldürülməsinə göz yummaqlarından da bəllidir”.
Anar