Politoloq Azərbaycanın da İraq və Suriyada yaşayan soydaşlarımıza sığınacaq verə biləcəyini qeyd edir
Avropaya üz tutan qaçqınlar Gürcüstana yönləndiriləcək. ATƏT-in icraçı sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Gürcüstanda qaçqınlar üçün mərkəz yaradılmasını təklif edir. İcraçı sədrin sözlərinə görə, Avropaya axın edən qaçqınlar üçün Avropa İttifaqı sərhədlərindən kənarda mərkəz yaradılmalıdır.
Bu elə bir mərkəz olmalıdır ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə birgə fəaliyyət göstərə bilsin. S.Kurts mərkəzlərin yaradıla biləcəyi ölkələr sırasında Misir, Qərbi Balkan ölkələri ilə yanaşı, Gürcüstanın da adını çəkib. Kurts bununla qaçqınların Aralıq dənizi marşrutunun bağlanmalı olduğunu deyib.
Belə çıxır ki, ATƏT Avropa qapısında bir növ istehkam - qaçqınlar üçün mərkəzlər yaratmaqla hazırkı münaqişə ocaqlarından qaçanların Avropaya girişini əngəlləmək niyyətindədir.
Gürcüstanda qaçqın mərkəzlərinin yaradılması bu ölkəyə, həmçinin ümumilikdə regiona nə vəd edir və bunun Azərbaycana hansı təsirləri mümkündür?
Politoloq Elxan Şahinoğlu "Şərq”ə açıqlamasında qonşuluqda qaçqın mərkəzinin yaradılmasının Azərbaycanın təhlükəsizlik məsələlərinə daha ciddi yanaşmasını tələb etdiyini bildirdi:
- Əgər belə bir qaçqın mərkəzi yaradılacaqsa, əlbəttə ki, Azərbaycan sərhəd təhlükəsizliyini daha da gücləndirməli olacaq. Qaçqınlar üçün mərkəz, faktiki qaçqın düşərgəsi kimi bir şeydir. Avropa öz problemlərini digər dövlətlərin üzərinə yükləmək istəyir. Hətta Avropa dövlətlərinin bir vaxtlar qəbul etdiyi qanunları da artıq görməzdən gəlməyə başlayıblar. Məsələn, Niderland hökuməti nəinki qaçqınları qəbul etmək istəmir, hətta məscidlərdən azan səslərinin gəlməsini də yasaqlayır. Yəni, Avropa qapılarını qaçqınların üzünə bağlayır. Amma qaçqın axını dayanmır, əksinə, davam edir. Belə vəziyyətdə Avropa hiyləgər tərpənərək problemə digər dövlətləri də ortaq etməyə çalışır. Bildiyimiz kimi qaçqınları qəbul etdiyinə görə Türkiyə dövlətinə maliyyə yardımı ayrılmalı idi, amma hələ də ayrılmayıb. Türkiyə qaçqın problemi ilə təkbaşına qalıb. Görünür, Gürcüstan hökuməti ilə də danışıqları olub ki, siz də problemin həllinə qoşulun. Ola bilsin, 1-2 düşərgə yaradacaqlar, Avropaya sığınmaq istəyənlər ora yerləşdiriləcək. Maliyyə yardımı da olacaq. Amma Gürcüstan nə vaxta qədər qaçqınları öz ərazisində saxlaya biləcək, bunu birmənalı söyləmək çətindir. Çünki Gürcüstanın buna iqtisadi gücü çatmaz. Düşünürəm ki, ATƏT-in icraçı sədrinin Gürcüstanın adını çəkməsi təsadüfi deyil. Gürcüstan regionda Avropaya inteqrasiyaya ən çox can atan ölkədir. Qaçqınları qəbul etməklə də göstərmək istəyir ki, mən də Avropanın problemlərinin həllinə qoşuluram. İkinci bir tərəfdən Avropa İttifaqı özü Gürcüstanı problemin həllinə şərik etməklə, bu ölkə üçün Avropaya inteqrasiyanın məsafəsini qısaldır. Yəni, bu qaçqın mərkəzi yaradılması məsələsi razılaşdırılmış işdir. Həm Avropa üçün, həm də Gürcüstan üçün. Bir müddət əvvəl Avropa İttifaqı Gürcüstan vətəndaşları üçün viza rejimini aradan qaldırdı. Bu, səbəbsiz deyildi. Ardınca qaçqın mərkəzi məsələsi ortaya çıxdı. Avropa bununla göstərir ki, biz güzəşt etdik, sən də dəstək ver. Gürcüstan ərazisində qaçqın mərkəzinin yaradılmasını qəbul etməklə Avropaya daha da yaxınlaşdığını göstərmək istəyir. Belə vəziyyətdə Azərbaycan dövləti sərhədlərinin təhlükəsizliyini təmin etməlidir. Qaçqınların gəlib qonşuluğumuzda yerləşməsi heç də təhlükəsiz deyil. Qardaş Türkiyənin qaçqınları qəbul etməsindən bəzi hallarda zərər gördüyünü də bilirik.
E.Şahinoğlu Azərbaycanın da İraq və Suriyada yaşayan soydaşlarımıza sığınacaq verə biləcəyini qeyd etdi:
- Əslində, biz də qaçqın məsələsində əlimizi daşın altına qoya bilərik. Xüsusən də, söhbət İraqda, Suriyada yaşayan türkmənlərdən gedirsə. Çox demirəm, simvolik olaraq müəyyən miqdar qaçqını Azərbaycan da qəbul edə bilər. Təbii ki, şəxsiyyətləri dəqiqləşdirildikdən sonra.
Məlahət Rzayeva