“Avropalı rəsmilərin açıqlamalarına barmaqarası baxmaq olmaz”
İlham Şaban: “Gələcəkdə Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələsində Azərbaycan qazı kifayət qədər mühüm rol oynayacaq”
"2020-ci ildə Cənub Qaz Dəhlizi ilə Avropanın Azərbaycan qazını alacağını gözləyirik”. Bunu Avropa İttifaqının (Aİ) vitse-prezidenti Maroş Şevçoviç 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılışına videomüraciətində bildirib. Şevçoviç deyib ki, Cənub Qaz Dəhlizi gələcəkdə Orta Asiyanın qaz resurslarının Avropaya çatdırılmasında mühüm rol oynaya bilər:
"Birgə görülə biləcək işlərimiz hələ çoxdur. Ekologiya və iqlim məsələləri ilə bağlı xeyli işlər görə bilərik. Enerji mənbələrinin artırılması istehlakçılarının mənafelərinə xidmət edir. Təmiz enerji keçidi iqtisadi artım və iş yerlərinin artırılması üçün önəmlidir”.
ABŞ Prezidenti Donald Tramp da açılış mərasiminə məktub göndərib. Tramp bildirib ki, Amerika Azərbaycanla işləməyə hazırdı: "ABŞ Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük önəm verir”. Xatırladaq ki, Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətləri neft hasilatının azaldılmasına dair sazişin müddətini 2018-ci ilin birinci rübünədək uzadıblar. Ekspertlərə görə, Vyana sazişinin müddətinin uzadılması neftin qiymətinin 55-60 dollar civarında qərarlaşmasını təmin edəcək. Hesab edilir ki, Azərbaycanın neft hasilatının daha 9 ay azaldılması ilə bağlı öhdəliyi öz üzərinə götürməsi ölkənin maraqlarına tam uyğundur.
Enerji məsələləri ilə bağlı "Şərq”in suallarını Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban deyib ki, 2020-ci ildə Azərbaycan qazının Avropaya çıxarılmasına hazırlıq gedir. Ekspert bəyan edib ki, bununla bağlı konkret müqavilələr mövcuddur və bugünə qədər işlər davam etdirilir. Hələlik heç bir qrafikdə dəyişiklik yoxdur...
- Azərbaycan Avropanın enerji təminatı ilə bağlı gözləntilərini doğrulda biləcəkmi?
- Əvvəlcə, Azərbaycan qazını idxal etmək istəyən ölkələrə nəzər salmalıyıq. Bolqarıstan, Yunanıstan, o cümlədən İtaliya Azərbaycan qazına iddialı olan ölkələrdir. Bolqarıstan qaza olan tələbatının 35 faizini 2020-ci ildən sonra Azərbaycan vasitəsi ilə ödəmək niyyətindədir. Yunanıstanın qaz bazarında isə təqribən 33 faiz təminat Azərbaycanın üzərinə düşəcək. Bunlar kifayət qədər böyük rəqəmlərdir. İtaliya bazarı da olduqca böyükdür. 70 milyard kubmetr qaz istehlakı olan İtaliya bazarı 8 milyard kubmetr hissəsini Azərbaycan qazı hesabına reallaşdırmağı düşünür. Bu da 10 faizdən yuxarı edir. 2005-ci ildə Avropa Birliyinin ortaya qoyduğu enerji təhlükəsizliyi ilə bağlı şaxələndirmə siyasəti Balkan ölkələrində və Avropanın cənub hisssəsində özünü doğrultmağa başlayıb. Baxmayaraq ki, qərarın üzərindən 15 il vaxt keçib, lakin artıq Avropa ölkələri daxili bazara müxtəlif mənbələrdən enerji daxil olması yönündə real addımlar atırlar. Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyində ona görə mühüm rol oynayır ki, həmin ölkələrin enerji təminatının 90 faizi uzun müddət başqa güclərin təsiri altında olublar. Həmin ölkələr Azərbaycan qazı ilə enerji təhlükəsizliklərini şaxələndirmə yönündə ciddi fürsət qazanmış olurlar. Təbii ki, 2020-ci ildən sonra tədricən Cənub Qaz Dəhlizi daha da genişləndiriləcək və qaz alan ölkələrin coğrafiyası genişlənəcək.
Ümumiyyətlə, gələcəkdə Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələsində Azərbaycan qazı kifayət qədər mühüm rol oynayacaq. Ona görə də Avropa Birliyi, o cümlədən Avropa İttifaqı bu cür bəyanatlarla Azərbaycan qazının önəmini xüsusi olaraq bəyan edirlər. Şübhəsiz ki, avropalı rəsmilərin açıqlamalarına barmaqarası yanaşmaq olmaz. Bəziləri həm ölkə daxilində, həm də xaricdə bildirirlər ki, "Avropa 500 milyard kubmetrdən artıq qaz istehlak edir. O baxımdan Azərbaycanın Avropaya verəcəyi həcmlər önəmli deyil” və s. Belə müqayisə aparmaq çox yanlışdır. Ən əsas məsələ odur ki, Avropaya ixrac edilən Azərbaycan qazının həmin ölkələrin enerji balansında xüsusi çəkisi nə qədər olacaq. Elə ölkələr olacaq ki, bu çəki 50 faizə çatacaq. Necə ki, bu gün Azərbaycanın nefti bəzi ölkələrin enerji təminatında 50 faizdən yuxarıdır. Bax, məsələyə bu cür yanaşmaq lazımdır.
- ABŞ rəhbərinin tədbirə məktub göndərməsini və Azərbaycanla enerji layihələrinə böyük önəm verdiyini diqqətə çatdırmasını necə dəyərləndirirsiz? Bu, sadəcə kənardan verilən dəstəkdir, yoxsa ciddi məqama söykənir?
- Donald Trampın Azərbaycana müraciət etməsi göstərir ki, Ağ Evdə hakimiyyətin dəyişməsinə baxmayaraq, Vaşinqton administrasiyası özündən əvvəlki kursa sadiqdir. Amerikanın Qərbə yönəlik enerji layihələrinə dəstək verməsi, ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu deməsi çox önəmlidir. Deməli, Tramp neft-qaz layihələrinin və Qərbin enerji təminatının nə qədər mühüm məsələ olduğunu yaxşı dərk edir.
- Hasilatın azaldılması ilə bağlı razılığın uzadılması neftin qiymətinin 55-60 dollar civarında qərarlaşmasını təmin edəcək. Bəs sizin proqnozunuz necədir?
- Deməzdim ki, bu qərar neftin 60 dollar civarına qədər yüksəlməsini təmin edəcək. Qərar neftin qiymətinin 55 dollar səviyyəsində qalmasına xidmət edir. Əks halda, yəni fərqli qərar veriləcəyi təqdirdə neftin qiyməti 55 dollardan aşağı düşə bilərdi. 2016-cı ilin noyabr ayında verilən qərardan sonra neftin qiyməti kifayət qədər artdı, hətta 58 dollara çıxdı. Lakin bunun yenidən baş verəcəyini söyləmək çox çətindir. Mövcud bazarı müşahidə edəndə gələcəklə bağlı təqribi proqnoz vermək mümkün olur. Bazar iştirakçıları bazarı qıcıqlandıracaq, can verəcək, OPEK üzvləri üçün sürpriz olacaq bir addım atılmasını gözləyirlər. Amma neft ixrac edən ölkələr öz hədəflərinə çatdıqlarını düşünürlər və ona görə də əlavə addım atmağa ehtiyac duymurlar. Sadəcə əvvəllər çatdıqları hədəfləri qoruyub saxlamağa çalışırlar. Nəticə etibarı ilə bu gün bazarda neftin qiymətinin 52 dollar ətrafında dəyişməsini müşahidə edirik. Bir qədər sonra neftin qiyməti hətta 50-dən aşağı da düşə bilər. Cari ildə neftin orta qiymətinin 52-53 dollar arasında cərəyan edəcəyi proqnozlaşdırılır.
İsmayıl