Avropanı təhdid edən təhlükə...

"Əgər Almaniya kimi bir ölkədə cinayətkarların milli mənsubiyyəti açıq formada dilə gətirilirsə, deməli, məsələ həqiqətən çox ciddidir"



Almaniyada erməni mafiyoz qrupların cinayət əməlləri növbəti dəfə ifşa olunub. Ölkənin "ARD” ictimai televiziyasında efirə getmiş və "sportschau.de” saytında dərc olunmuş "Erməni mərc mafiyası Almaniyada da fəaliyyətdədir” başlıqlı məqalədə Almaniyadakı erməni mafiya şəbəkəsinin idman mərclərinin manipulyasiyası yolu ilə gəlir əldə etməsi barədə xəbərlər verilib. Sənədli filmdə və məqalədə erməni mafiyası ilə bağlı ciddi məlumatlar qeyd olunub. Süjetə görə, erməni mafiyası mütəşəkkil cinayətkarlığın ən qorxunc və təhlükəli qruplaşmalarından hesab olunur.

Vurğulanır ki, bu şəbəkə bütün Avropada, o cümlədən Almaniyada fəaliyyət göstərir. Cinayətkar qrup futbol, həndbol, basketbol, voleybol, tennis və digər idman oyunları üçün keçirilən mərclərdə qanunsuz manipulyasiyalar etməklə gəlir əldə etdiyi açıqlanır. Həmçinin, şəbəkənin erməni lobbisi və müəyyən rəsmi kanallar vasitəsi ilə dəstəkləndiyi bildirilib.

Ermənilərin növbəti dəfə ifşa olunması ilə bağlı "Şərq”ə danışan siyasi ekspert Azər Həsrət deyib ki, əslində Almaniya kimi bir dövlətdə hansısa cinayətlərdən və cinayətkarlardan bəhs edilərkən onların milliyətinə vurğu edilmir. Ümumiyyətlə, Avropa ölkələrinin əksəriyyəti belə davranır. Amma göründüyü kimi, bu dəfə konkret olaraq erməni mafiyasından geniş söhbət açılır, məsələ ciddi araşdırılır: "Əgər Almaniya kimi bir ölkədə cinayətkarların milli mənsubiyyəti açıq formada dilə gətirilirsə, deməli, məsələ həqiqətən çox ciddidir:

 "Bu məqam bütövlükdə Avropanı təhdid edən bir məsələdir. Almaniyanın məsələyə bu cür yanaşması bunu deməyə əsas verir. 

O baxımdan düşünürəm ki, Avropa ölkələrində, o cümlədən Almaniyada ermənilərin cinayət əməllərinin ifşa olunması, bu əməllərin arxasında bu və ya digər şəkildə Ermənistan dövlətinin durduğunun ifadə edilməsi Qərbin Ermənistan məsələsində ciddi narahatlıq içində olduğunu göstərir. Almaniya dövləti və ictimaiyyəti ermənilərin cinayət əməllərinə dözmək istəmir. 

Onların ifşası bu cür cinayət əməllərinə bulaşmış şəxslərə, o cümlədən Ermənistana ciddi xəbərdarlıqdır”.

İsmayıl