Aygülün ölümü müəmmaya bürünüb

17 yaşlı tələbə, həkim və anestezioloq məsuliyyətsizliyinin qurbanı olub
“Bu ölüm faktı ilə bağlı dəqiq qənaətə gəlmək üçün ilk öncə tibbi ekspertizanın cavabını təhlil etmək lazımdır”

Gəncədə burun çəpərindən əməliyyat edilməsi üçün xəstəxanaya daxil olan 17 yaşlı Aygül Orucovanın səhhəti əməliyyatdan sonra pisləşib və ona 30 dəqiqəyə kimi tibbi yardımlar göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Bu barədə əməliyyat aparılan "Yeni Gəncə” özəl tibb mərkəzindən məlumat verilib. Yaxınları hadisədən sonra əməliyyatı həyata keçirən həkim və anestezioloqu döyüblər. Gəncə Şəhər Prokurorluğu isə hadisədə ehtiyatsızlıq əlamətlərinin mövcud olduğunu bildirib.

Mərkəzin baş həkimi deyir ki, ölümün səbəbi təxmini bilinsə də, dəqiq səbəb ekspertlərin araşdırmasından sonra bilinəcək. Gənc qızın vəfat etməsi barədə Gəncə Şəhər Prokurorluğuna daxil olmuş məlumat araşdırılıb. Prokurorluqdan verilən məlumata görə, araşdırma zamanı toplanmış materialda A.Orucovanın ehtiyatsızlıqdan öldürülməsi faktına görə, Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Ölümün səbəblərinin müəyyənləşməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri istintaq tədbirləri aparılır.

Qeyd edək ki, A.Orucova bu il qəbul imtahanlarında 601 bal toplayaraq Bakı Dövlət Universitetinə qəbul olunmuşdu.

Tibb və fəlsəfə elmləri doktoru, tibbi-ekspert Şəmsiyyə Namazova "Şərq”ə açıqlamasında əməliyyat növündən asılı olmayaraq hər bir xəstənin qabaqca müvafiq tibbi müayinələrdən keçməli olduğunun vacibliyini deyib: "Bu ölüm faktı ilə bağlı dəqiq qənaətə gəlmək üçün ilk öncə tibbi ekspertizanın cavabını təhlil etmək lazımdır. Hadisədə konkret olaraq həkimin, ya da anestezioloqun günahı olmasını müəyyən eləmək hələ ki qaranlıq məsələdir. Hər bir xəstənin əməliyyatqabağı ürək kardioqrammasından tutmuş qanaxmaya meyilli olub-olmaması kimi analizlərdən keçməsi vacibdir. Ümumiyyətlə, sadə və mürəkkəb olmasına baxmayaraq hər bir əməliyyat risklidir. Bəzən xəstəni əməliyyat edərkən həkimlər tamamilə fərqli bir problemlə qarşılaşırlar. İnsan sirli bir dünyadır açılmalı çox tərəfləri var. Ən çox ünvanlanan suallardan biri də qarantiya verilməsidir. Qarantiya sual altında olan bir məsələdir. Çünki əməliyyat vaxtı gözləmədiyimiz hallarla qarşılaşa bilərik. Ən sadə əməliyyat zamanı belə xəstədən iltizamnamə alınır və imza çəkilir”.

Yeganə Bayramova