“Ayrıca şəxs adları komissiyası yaradılmalıdır”

Nizami Cəfərov: “Terminologiya Komissiyasının görməli olduğu işlər çoxdur. Öz işləri ilə məşğul olsalar yetərlidir”



"Terminologiya Komissiyası şəxs adlarının tənzimlənməsindən imtina etməlidir. Şəxs adlarına nəzarət Azərbaycan dilinin inkişafına uyğun gəlmir”.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədri, akademik Akif Əlizadə bildirib. Akademik qeyd edib ki, şəxs adlarına nəzarət Terminologiya Komissiyasına xas xüsusiyyət deyil: "İclasda şəxs adlarına nəzarətin Terminologiya Komissiyasından alınması təklif olunub. Bildirilib ki, Terminologiya Komissiyasının əsasnaməsində şəxs adları ilə bağlı hər hansı bir bənd yoxdur”. Qurumun vitse-prezidenti, akademik İsa Həbibbəyli də söyləyib ki, Akademiyanın tərkibində, Rəyasət Heyətində şəxs adları ilə bağlı ayrıca komissiya yaradılmalıdır.

Akademik Nizami Cəfərov isə "Şərq”ə söyləyib ki, həmin iclasda o da iştirak edib və A.Əlizadənin çıxışına diqqətlə qulaq asıb: "Terminologiya Komissiyası Nazirlər Kabineti yanında yaradılıb. Bu komissiyanın şəxs adlarını müzakirə etməsi və hər hansı tövsiyələr verməsi mümkün deyil. Ona görə ki, həmin komissiyanın mövzusu tamamilə başqadır. Bu heç onun əsasnaməsində də yer almayıb. Əslində, Terminologiya Komissiyasının görməli olduğu işlər çoxdur. Öz işləri ilə məşğul olsalar, onlar üçün yetərlidir. Orda həddən artıq çox geniş məsələlər var”. N.Cəfərovun sözlərinə görə, hazırda şəxs adları ilə bağlı məsələlər də müzakirə olunmalıdır və tövsiyələr verilməlidir: "Akif müəllim tamamilə doğru söylədi ki, şəxs adları ilə bağlı ayrıca bir komissiya yaradılsın. Daha yaxşı olar ki, ayrıca "Şəxs adları komissiyası” yaradılsın. Şəxs adları çox mühüm məsələdir. Adların da normaları və funksional xüsusiyyətləri var. Məsələn, elə adlar mövcuddur ki, onların qoyulması mümkün deyil. Elə adlar da var ki, onlar həddindən artıq çox qoyulub. Düzdü, yaxşı adlardır, amma çox qoyulub. Məsələn, Aysel, Aytac, Aytən, Aydan adları yaxşı adlar da olsa çox qoyulur. Bu adları daşıyan 10 minlərlə insanlar var. Bu doğru hal deyil. Gərək rəngarənglik olsun. Adqoymanın elə əsas funksiyalarından biri fərqləndirməkdir. Fərqlənməyəndən sonra, hamının adı eyni olacaqsa, bu adqoyma kimə lazımdır. Odur ki, belə fundamental məsələlər təhlil olunmalıdır. Təbiidir ki, adların qoyulması ilə valideynlər və Ədliyyə Nazirliyinin tabeliyində olan VVAQ orqanları məşğul olur. Bununla yanaşı, tövsiyələr akademik olmalıdır. Bir daha söyləyirəm ki, ayırca "Şəxs adları komissiyası”nın yaradılmasına ehtiyac var”.

Ayyət Əhməd